BolgeXeber.Com » Gündəm » Ayxan Məmmədovdan Gülər Əhmədovaya qarşı növbəti sərt ittihamlar

Ayxan Məmmədovdan Gülər Əhmədovaya qarşı növbəti sərt ittihamlar

7-01-2013, 14:30
Oxunub: 4 905 “Gülərin adamları yalvarırdılar ki, bizim adımızı çəkmə”

Adı video qalmaqalında hallanan sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi, Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov “Yeni Müsavat” qəzetinə müsahibə verib. Ayxan Məmmədov bildirib ki, anası deputat olmaq istəyən Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə bağlı məsələdə sadəcə vasitəçi olub.

Elşad Abdullayevin verdiyi pulu Gülər Əhmədovanın “yediyini”, qaytarmadığını deyən Ayxan Məmmədov elə buna görə də anasının sabiq deputat ilə küsülü olduğunu bildirib. O, Gülər Əhmədovanın ev dustaqlığı alması ilə bağlı söylədiyi, sonradan Baş Prokurorluq tərəfindən təkzib olunan məsələ barədə də danışıb: “Gülər Əhmədova bunu nənəmə, xalama deyib, 100 min dollara ev dustaqlığı aldığını bildirib. O sənədi özümüz gözlərimizlə görmüşük. Onun evdən bayıra çıxmasına icazə vermirlər. Bayırda onu adamlar qoruyurlar. İndi də prokurorluq deyir, belə şey yoxdur. Gülər də deyir, mən səhv başa düşmüşəm. Uşaq aldadırlar bunlar? Gözümüzlə oxumuşuq onu. Prokurorluq tərəfindən verilmiş sənəddir. Konkret Cinayət Məcəlləsindən sitatlar var ki, nəyə görə ev dustağıdır. Gülər Əhmədova özü də dili ilə deyib ki, 100 min verdim, ev dustaqlığı aldım. Deyirmiş ki, Gürcüstana qaçırdım. Orda məni tutdular, ərimin telefonunu, əlimizdəki 13-14 min dolları da alıblar. Xalamgilə deyirmiş ki, ərim günü 20 manata restoran işlədir. Ağ yalan deyir. Restoran öz ərinindir. Mənə ilk gündən nə lazım idi? Anam Bakıya gəlsin. Bunu da Gülərin özünə dəfələrlə demişdim ki, sən uşaqlarının yanında necə olursansa, anam da eləcə mənim yanımda olmalıdır. Hər dəfə deyirdi, səbirli ol. Son dəfə danışanda çox hirsli idim. Dedim, anamı qaytaracam. Dedi, artıq anana “stop” qoyulub, bu da mənim qabağımı kəsdi. Mən necə anamı əllərimlə gətirdib tutuzduraydım? Halbuki sonra öyrəndim ki, anamı həbs etməyəcəkdilər. Sadəcə, şahid kimi ifadəsi alınacaqdı”.

Ayxan Məmmədov anasının Gülər Əhmədova tərəfindən zəhərləndiyi barədə iddiasını da təkrarlayıb və anasının qalmaqallı videogörüntü mətbuata çıxmazdan öncə sabiq deputat tərəfindən Türkiyəyə göndərildiyini qeyd edib: “Mənim anam sağlam adam olub. Bu günə qədər dişi də ağrımayıb. Hər şey yaydan sonra başlayıb. Onlar görüşüblər, adını bilmədiyim bir restoranda yemək yeyiblər. 6-7 ay sonra isə anam dünyasını dəyişdi. Elə zəhərlər var ki, öz təsirini aylar sonra göstərir. Həmin yeməkdən sonra onun halı pisləşdi. Qaytarmağa başladı. Qatıq, ayran verdim. Dedi ki, Gülər məni zəhərləyib. Həmin vaxt video söhbəti yox idi. Amma araları pis idi. Anam Gülərin bu işlərini bildiyi üçün onunla mübahisə edirdi. O da istəyirdi ki, anamı aradan götürsün. Mənim anam təmiz, saf adam olub. Hətta o qədər hadisədən sonra belə Gülərə inanıb, Türkiyəyə gedib. Gülər isə ondan bütün ömrü boyu istifadə edib. Anam sentyabrın 25-də Türkiyəyə gedib. Həmin vaxt videolar yayılmamışdı. Amma Gülərin xəbəri var idi ki, bunlar yayılacaq. Ona görə də məqsədi anamı burdan uzaqlaşdırmaq idi. Anam getməzdən əvvəl mənə zəng etdi ki, Gülərin iş yerindəyəm, mənə deyir, get. Mən də getməliyəm. Gülərin Türkiyədəki adamları mənə dedilər ki, dövlət xəstəxanası zəif olduğu üçün onu özəl xəstəxanaya köçürüblər. Guya Memorial Xəstəxanası daha güclü olub. Düzü, həmin gün orda nə baş verib, anam hansı vəziyyətdə olub, bilmirəm. Sadəcə, Gülərin adamları yalvarırdılar ki, bizim adımızı çəkmə. Məryəm Solmaz adını anama Gülər özü qoymuşdu. Türkiyədəki adamları da onu bu adla çağırırdılar ki, həqiqətdə kim olduğu bilinməsin. Mən Türkiyədə olanda da gördüm ki, onun pasportu üstündədir. Amma son gün onun pasportu itib. Türkiyədə Gülərin adamlarından soruşdum ki, pasport hardadır, itirmisiz? Dedilər, biz kişiyik. Elə şey etmərik. Amma inanıram ki, pasportu da özləri itiriblər. Bilinməsin ki, bu, Sevinc Babayevadır. Açığı, türklər gözləmirdi ki, proses bu qədər şişəcək. Düşünmüşdülər ki, sıradan bir adam ölüb, cəsədini də Azərbaycana göndərəcəklər. Gülər Əhmədovanın 2-3 adamı vardı, anamı guya qoruyurdular. Əslində isə evdən bayıra çıxmağa qoymurdular onu. Noyabrın 10-da xalamla birgə anamın yanına gedəndə bunlar bizi maşınla aparırdılar evə. Eyni yerdən 10 dəfə keçdilər. Hiss olunurdu ki, bizi fırlatmaq istəyirlər. Soruşanda ki, niyə belə edirsiz? Dedilər, bizi izləyə bilərlər. Onun qarşısını almaq üçün edirik”.

Ayxan Məmmədov bildirib ki, Sevinc Babayeva ilk gündən Bakıya qayıtmaq istəyib və o, İstanbulda olanda da anasının Gülər Əhmədova “skayp” vasitəsilə danışdığının şahidi olub. O, anasının Gülər Əhmədovaya məktub yazdığını, həmin məktubu gözü ilə gördüyünü qeyd edib: “Anam morqda olanda ərizə yazdım. Orda da qeyd etdim ki, anamın məktubu var. Çox güman ki, o məktubu da cırıblar. O məktubda anam yazmışdı ki, “Gülər, sən mənə kömək elə. Mən sənə görə hər şeyimi itirdim. Başıma bu qədər iş gəldi”. Bunun kimi sözlər idi. Anamın öz xətti ilə yazdığı 3 vərəq məktub idi. Mənim səhvim o oldu ki, bu məktubu telefona çəkmədim. Gülərlə ancaq bu cür sübutla danışmaq lazımdır”.

Ayxan Məmmədov Gülər Əhmədovanın onun karyerasını da məhv etdiyini vurğulayıb, oxuduğu Təfəkkür Universitetindən qovulduğunu nəzərə çatdırıb. Səbəb vəziyyətlərinin pis olduğu üçün təhsil haqqını ödəyə bilməmələri olub: “Bizim imkanımız var idi, amma yox olub getdi. Gülər kimi o qədər adamlar anamı zibilə saldı ki. Yəqin xəbəriniz var, torpaq alqı-satqısı söhbəti vardı. Anama pul “atıb” getmişdilər. O adamlar da sonradan anamdan şikayət etdilər. 9-cu mikrorayondakı evimizi satıb, o pulu ödədik, işi də bağladıq. İndi yazırlar ki, Sevinc haqda bu işlə bağlı dələduzluq maddəsi ilə cinayət işi olub. Mənim anam Sabir adına kitabxanaya öz cibindən 15 min manat pul buraxdı, təmir elətdirdi. Bir dəfə gedin ora, baxın kabinetlərə. Hansı kitabxanada elə şərait var? Sonra da işdən çıxaranda dedilər ki, guya işinə məsuliyyətsiz yanaşıb. O nə maaş alırdı ki? Cəmi 200 manat. Amma o kitabxanaya necə xərc çəkdi? Bu anamın öz işinə necə vicdanla yanaşdığını göstərir”.