BolgeXeber.Com » Analitika » Vəhhabiliyi qəbul edən hansı məmurların övladlarıdır?

Vəhhabiliyi qəbul edən hansı məmurların övladlarıdır?

30-01-2014, 06:20
Oxunub: 4 025 Bu faktlardan da görünür ki, sələfilər yüksək səviyyəli məmurların və ya onların övladlarının çətirləri altında yaxşıca təşkilatlanıblar və böyük maliyyə resurslarına sahibdirlər

Şeyxin işarə etdiyi şəxslərin sırasında Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun, sabiq yeyinti sənayesi naziri Sevil Zeynalovanın oğlu Aynur Zeynalovun, Vergilər Nazirliyinin mühafizə xidmətinin rəhbəri Samir Qubanovun adı hallanır

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin sələfilərin (vəhhabilər) Suriyada döyüşməsi ilə bağlı bəyanatı gündəmin əsas mövzularından biri olaraq qalır. Bəyanatın ən maraqlı detallarından biri yüksək ranqlı məmurların övladlarının bu məzhəbi qəbul etməsidir: “Hesab edirəm ki, bu məsələdə günah ziyalı, məmur təbəqəsində də var. Bir sıra məmur var ki, onlar dövlət stolunda oturub pul qazanır, amma övladları başqa məzhəblər adı ilə dövlətə qarşı mübarizə aparır”.

Bəs sələfi məzhəbinə xidmət edən məmur və onların övladları kimlərdir? Sekta hansı mənbələr hesabına maliyyələşir? Adının gizli saxlanması şərti ilə haqqin.az saytına danışan sələfilərin bir nümayəndəsi deyib ki, bu icma daxilində qarşılıqlı yardım üçün xüsusi kassa var. Bu kassaya yığılan pullar sektanın kasıb üzvlərinə maddi yardım göstərilməsinə sərf olunur. Mənbə deyib ki, vəhhabilərin çoxu “Sədərək” və “Binə” ticarət mərkəzlərində ticarətlə məşğuldur.

Adının çəkilməsini istəməyən vəhhabi əqidəli şəxs bu sektanın üzvlərinə yardım göstərən “güclü əllər” barədə də danışıb: “Allaha şükür, bizim qardaşlar bir-birinə yaxından kömək edirlər. Biz Hacı İsrafilə (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovu nəzərdə tutulur - red.) və Hacı Aynura (Azərbaycanın sabiq yeyinti sənayesi naziri Sevil Zeynalovanın oğlu nəzərdə tutulur-red.) həmişə minnətdarıq. Onlar bizə hər işdə kömək edirlər”.



İsrafil Abutalıbov kimi Aynur Zeynalov da inşaat sektorunda fəaliyyət göstərir. Sabiq nazirin sələfilərə qoşulan oğlu mərhum anasının şərəfinə “Sevil Construction” adlandırdığı tikinti şirkətinin sahibidir. O, həmçinin hazırda telekanallarda reklamı gedən “Sevil” massivinin sahibidir.

“Yeni Müsavat”ın 24 dekabr 2013-cü il tarixli sayında Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutan Samir Qurbanovun da sələfi olması barədə məlumat vermişdik. Etibarlılığı şübhə doğurmayan mənbənin məlumatına görə, S.Qurbanov vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır. Namiq Əliyev isə müdafiə nazirinin birinci müavini, baş qərargah rəisi Nəcməddin Sadıqovun qudasıdır. Bununla yanaşı, S.Qurbanov vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olan, "ATA-Holdinq" Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşıdır. Yəni S.Qurbanov sıradan biri yox, vergilər sisteminin elitasına çox məhrəm bir şəxs olub. Məlumatlara görə, onun nüfuz dairəsində 300 nəfər sələfi olub.

AzNews.az saytının məlumatına görə, S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. Ancaq bu yaxınlarda uzun illər çalışdığı vəzifəsindən çıxarılıb. Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, o, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat “paket” (qeyri-rəsmi maaş) də alırmış. Bu pul icmanın ehtiyaclarına xərclənirmiş. S.Qafarovu hiddətləndirən ən çox paketin kəsilməsi olub, o, rəhbərlikdən paketin bərpa edilməsini tələb edib.



Məlumatlara görə, S.Qurbanovun hədəfində əsasən 2 şəxs olub - vergilər naziri Fazil Məmmədov və onun yaxın qohumu, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov (bu şəxs də uzun müddət vergi xidmətində rəhbər vəzifələrdə çalışıb - red.) Nazirliyin giriş qapısına və təhlükəsizlik kamerasına atəş açmaqla bu şəxslərə xəbərdarlıq edib. İnsidentdən sonra F.Məmmədovun və X.İsgəndərovun şəxsi mühafizəsi gücləndirilib, nazirliyin mühafizə sisteminə sayıqlığı artırmaq tapşırılıb.

S.Qurbanov hazırda həbsdədir. İşin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. Ancaq istintaqla bağlı hər hansı məlumat verilmir.
Bu faktlardan da görünür ki, sələfilər yüksək səviyyəli məmurların və ya onların övladlarının çətirləri altında yaxşıca təşkilatlanıblar və böyük maliyyə resurslarına sahibdirlər. Bu isə radikal sektanı çox ciddi təhlükə mənbəyinə çevirir. Görünür, şeyxin sözügedən bəyanatının pərdəarxası məqamı da elə budur.