BolgeXeber.Com » Analitika » Ağdaşın maliyyə sisteminə hansı məmurlar nəzarət edir?

Ağdaşın maliyyə sisteminə hansı məmurlar nəzarət edir?

30-01-2014, 09:05
Oxunub: 4 505 Maliyyə İdarəsinin rəisi Əhmədalı Hacıyev icra başçısı Tofiq İbrahimovdan təlimat alır?

Samir Şərifov «və sair xərclər» adı altında büdcə vəsaitlərini dağıdan şəxsin fəaliyyəti ilə yaxından maraqlanmalıdır

Etiraf etmək lazımdır ki, bu gün bəzi bölgələrimizdə məmur özbaşınalıqları, vətəndaşların hüquqlarının pozulması, onların süründürməçiliyə məruz qalması və digər xoşagəlməz işlər sanki adi hal alıb. Yəqin fikir vermisiniz ki, son vaxtlar rayonlardan müxtəlif səpkili şikayətlər eşidilir. Əyalətlərdə yaşayan insanlar məmurların törətdiyi haqsızlıqlara tab gətirə bilməyərək yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalırlar. Xatırladaq ki, ötən ilin aprel ayında Hesablama Palatası Milli Məclisə illik hesabatını təqdim etmişdi.
Hesabatda müxtəlif rayonların yerli idarələrində aşkarlanmış ciddi nöqsanlar öz əksini tapmışdı. Palatanın rəsmiləri Ağdaş rayonunda da yoxlamalar apararaq bir sıra neqativ hallara işıq salmışdılar. Yoxlama zamanı məlum olmuşdu ki, Ağdaş Rayon İcra Hakimiyyəti və icra başçısının şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyi üzrə bağlanılan müqavilələr podratçı tərəfindən istənilən səviyyədə yerinə yetirilməyib və yolların əsaslı təmiri lazımi qaydada aparılmayıb. Dövlət büdcəsindən Rayon İcra Hakimiyyətinə ayrılan maliyyə vəsaitləri təyinatı üzrə sərf olunmayıb. Qurumun rəsmiləri həmçinin rayonun maliyyə sistemində mövcud olan qanunsuz faktları da aşkara çıxarmışdılar.
Təəssüf ki, aidiyyəti dövlət orqanları baş verən qanun pozuntuları ilə bağlı heç bir ölçü götürməyib. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, vəzifə səlahiyyətlərini aşan bəzi məmurlar layiq olduqları cəzanı almadığı üçün problemlər səngimək bilmir. Mənbə deyir ki, Ağdaş rayon Maliyyə İdarəsinin rəisi Əhmədalı Hacıyev də vəzifəsinə və mövcud qanunlara hörmətlə yanaşmır: «İdarə rəhbərliyində təmsil olunan şəxslər rayonun büdcəsini mənimsəməklə məşğuldur. Rəis bəzi maliyyə maxinasiyalarında iştirak edir.
O, idarəyə rəhbər təyin olunandan sonra büdcədən maliyyələşən idarə və müəssisələrdə yoxlamaların sayını artırıb. Bu isə həmin təşkilatların müdirlərinin ürəyincə deyil. Çünki maliyyə idarəsinin işçiləri yoxlamanı qanuni əsaslarla aparmırlar. Onlar hansısa müəssisəyə baş çəkəndə ilk növbədə Əhmədalı müəllimin «salamını» gətirdiklərini söyləyirlər. Kim bu «salam»ın qarşılığını vermirsə, maliyyə idarəsinin əməkdaşları onların barəsində sənəd tərtib edib nazirliyə göndərirlər. Bəzi hallarda həmin idarələrin rəhbərlərini həbs etdirəcəkləri ilə hədələyirlər. Rəis işini düzgün formada qurmayıb. İcra başçısı Tofiq İbrahimova yaxın olan idarə müdirlərinin fəaliyyəti yoxlanılmır». Mənbəmiz vurğulayır ki, idarə rəisi fəaliyyəti dövründə həddən artıq qanun pozuntularına yol verib: «Ağdaşdakı büdcə təşkilatlarının çoxu onun əməllərindən narahatdır.
Dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, heç bir tədbir görülmür. İdarə rəhbəri mövcud qanunları ayaqlar altına sərməkdən belə çəkinmir. İcra başçısı ilə müxtəlif işləri birgə həyata keçirən maliyyə idarəsinin rəhbəri bununla dövlət büdcəsinə ziyan vurmuş olur. Məsələn, Ağdaşda yaşıllaşdırma, abadlaşdırılma, işıqlandırma və binaların dam örtüyünün dəyişdirilməsi «və sair xərclər» adı altında keçən il 2 milyon manata yaxın büdcə vəsaiti mənimsənilib. Əhmədalı Hacıyev xərclənən vəsaitləri rəsmi sənədlərdə şişirdərək səbəb olduğu özbaşınalıqların üstünü ört-basdır edib. Maliyyə idarəsinin rəisinin əli ilə hər ay külli miqdarda vəsait şəxsi büdcələrə yönəldilir. Ağdaşdakı dövlət idarələrinin çoxunda «ölü can» saxlanılır. Həmin şəxslərin maaşları isə idarə və müəsissə rəhbərləri tərəfindən Əhmədalı Hacıyevə çatdırılır. Əldə olunan vəsait sonda başçı ilə rəis arasında bölüşdürülür».
Təbii ki, qeyri-qanuni olayların cərəyan etdiyi idarənin fəaliyyəti heç vaxt müsbət dəyərləndirilə bilməz. Maliyyə idarələrinə rəislərin təyin edilməsi nazir Samir Şərifovun səlahiyyətində olan işdir. Aldığımız məlumatlara görə, hazırda Maliyyə Nazirliyinin yerlərdəki idarələrinin yetərli hissəsinin rəhbəri Samir Şərifov nazir keçəndən sonra vəzifəyə qoyulub. Samir müəllim artıq 8 ildir ki, nazir işləyir. Bu qədər vaxtda maliyyə idarələrində ciddi kadr islahatlarının aparılmaması şübhə yaradır. Biz hörmətli nazirin diqqətinə çatdırmaq istəyirik ki, Əhmədalı Hacıyev kimi şəxslər onun, ümumilikdə Maliyyə Nazirliyinin adına söz gətirir. Odur ki, sözügedən məmuru tez bir zamanda işdən azad etmək lazımdır. İnanırıq ki, nazir deyilən fikirləri nəzərə alıb rəis haqqında tədbir görəcək. Qarşı tərəfi də dinləməyə hazırıq.
«Gündəlik Bakı»