BolgeXeber.Com » Analitika » Bu təhsil ocağında analoqu olmayan ‘rüşvət yığımı’ aparılır - ŞİKAYƏT

Bu təhsil ocağında analoqu olmayan ‘rüşvət yığımı’ aparılır - ŞİKAYƏT

30-01-2014, 13:30
Oxunub: 4 535 Bir qrup tələbə Bakı Sənaye-Pedaqoji Kollecində baş verən qanun pozuntuları ilə bağlı redaksiyamıza müraciət ediblər.

Kollecin Peşə təlimi (mühasibat uçotu və audit) fakültəsinin 601-ci qrupunun tələbələrinin ünvanladıqları şikayət məktubunda, sözügedən kollecin İnformatika fənnindən dərs deyən Quliyev Mətləb adlı şəxsin hər tələbədən 50 AZN tələb etdiyi qeyd edilib. Məktubda bütün bu baş verən “rüşvət əməliyyat”ının başında kollecin direktoru Vidadi Orucovun durduğu əlavə edilib:

“Oxuduğumuz kollecdə təhsildən söhbət belə gedə bilməz. Təkcə bu semestrdə 601-ci qrupun tələbələrindən informatika fənni üçün 50 AZN rüşvət alınıb. Rüşvəti alan isə, bu fəndən dərs deyən Quliyev Mətləbdir. Təbii ki, bu şəxs özbaşına bu işlərlə məşğul deyil. O birbaşa olaraq, kollecin rəhbəri Vidadi Orucovun tapşırığını yerinə yetirir və biz tələbələrdən pul yığır. Bu alınan pullar isə bizim qiymət almağımız üçün deyil, imtahan zamanı köçürtməyimiz üçün yığılır. Yəni imtahan zamanı müəllim bizə köçürtmək üçün dərs vəsaitlərindən istifadə etməyimizə tam imkan yaradır. İmtahan suallarını isə bizə tədris olunan kitablardan deyil, özünün yazdığı kitablardan salır. Xahiş edirik ki, bizim bu şikayətimizə baxasınız. Qoy hər kəs Azərbaycan gəncliyini bu cür vasitələrlə savadsızlaşdırmağa çalışan Vidadi Orucov kimi kollec direktorlarını, Quliyev Mətləb kimi müəllimləri görsün. Biz təhsil naziri Mikayıl Cabbarovu da Bakı Sənaye-Pedaqoji Kollecində baş verən bu özbaşınalıqların qarşısını almağa çağırırıq”.

Sözügedən iddia ilə bağlı Bakı Sənaye-Pedaqoji Kolleci ilə əlaqə saxladıq. Özünü kollecin məsul şəxslərindən biri kimi təqdim edən şəxs, ümumiyyətlə açıqlama verməkdən yayınıb.

Məsələyə yenidən qayıdacağıq.