BolgeXeber.Com » Analitika » Azad Rəhimov 14 milyonluq layihəni batırdı

Azad Rəhimov 14 milyonluq layihəni batırdı

1-02-2014, 06:50
Oxunub: 3 811 Şirvanda 1 ay öncə istifadəyə verilmiş Olimpiya Kompleksi yararsız vəziyyətə düşüb; bu biabırçılıqda rayonun icra başçısı Mərdan Camalovun da adı hallanır
Şirvan şəhərində cəmi 1 ay öncə istifadəyə verilmiş Olimpiya İdman Kompleksində çatlar yaranıb, tavandan su damır, obyektin bəzi bölmələri istifadəyə yararsız vəziyyətə düşüb. Bu barədə “Yeni Müsavat”a Şirvandakı mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, kompleksin daxilində tikilən üzgüçülük hovuzu ilə o biri bölmələri ayıran divar tavana qədər tikilmədiyi üçün su havaya buxarlanaraq bütün binanı nəmləndirir.

Kompleksin çöl tərəfində su damcılarının yerə düşməməsi üçün vannalar düzülüb. Bundan əlavə, kompleksin daxilində yerə vurulan laminat fanerlərinin üzərinə yağan su artıq çürümə yaratmağa başlayıb. Kompleksin avadanlıqları da rütubətdən, nəmişlikdən sıradan çıxıb. Məşq etmək üçün nəzərdə tutulan 2 qurğu artıq rütubətdən, nəmişlikdən sıradan çıxıb. 80 min nəfərdən çox əhalisi olan Şirvan şəhəri üçün idman qurğuları olduqca az nəzərdə tutulub.

Mənbə deyir ki, 1 ay öncə prezident İlham Əliyevin iştirakı ilə kompleksin rəsmi açılışı olub: “Mərasimdən öncə kompleksə çoxsaylı idman qurğuları gətirilib. Ancaq mərasimdən dərhal sonra idman və gənclər naziri Azad Rəhimovun göstərişi ilə qurğular geri qaytarılıb. Belə çıxır ki, qurğular yalnız prezidentə göstərilmək üçün gətirilibmiş.

Mənbə onu da bildirir ki, Şirvanda idmana maraq böyükdür və kompleksin indiki durumu sakinlərin narazılığına səbəb olub. Onlar kompleksin təmiri və idman qurğuları ilə təchiz edilməsi ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciət ediblər.

Şirvan Olimpiya Kompleksi dövlət investisiyası hesabına inşa edilib. Sifarişçi Gənclər və İdman Nazirliyidir. Tikinti 4 il davam edib və üstə-üstə 14,2 milyon manat pul xərclənib. Nazirlər Kabinetinin qərarı ilə, tikintiyə 2010-cu ildə 700 min manat, 2011-ci ildə 1 milyon 864 min manat, 2012-ci ildə 5 milyon manat və nəhayət, 2013-cü ildə 6 milyon 600 min manat vəsait ayrılıb.

Mənbənin məlumatına görə, kompleksin sifarişçisi Gənclər və İdman Nazirliyi olsa da, tikinti işinə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov da müdaxilə edirmiş. Nazirlə icra başçısının “iş birliyi” korrupsiya risklərini artırıb və indiki situasiyanın yaranmasına gətirib çıxarıb.

Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. Onun adı mediada dəfələrlə yerli sahibkarları təqib etməkdə, onlardan təzminat yığmaqda hallanıb. Məsələn, M.Camalovun adı məşhur Mur-Ay qalmaqalında da keçir. “Mur-Ay” MMC-nin sahibi Elxan Hüseynov məhkəmədəki ifadəsində Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisi üçün M.Camalova 1,3 milyon manat “təzminat” verdiyini bildirmişdi.

İqtisadiyyat şöbəsi