BolgeXeber.Com » Analitika » Göyçayda məmur özbaşınalığı dözülməz hal alıb

Göyçayda məmur özbaşınalığı dözülməz hal alıb

1-02-2014, 10:40
Oxunub: 4 566 Sakinlər Famil Zeynalovdan, İntiqam Süleymanovdan narazıdır
Ayın 5-də rayonda özünəqəsd hadisəsi gözlənilir

Göyçay sakinləri rayonun bir sıra vəzifəli şəxslərindən şikayət edirlər. Onlardan bəziləri xüsusən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovun əməllərindən narazılıq edirlər. Rayon sakinlərinin sözlərinə görə, Famil Zeynalov Göyçay rayonunda həkim kimi deyil, daha çox öz maraqlarını güdən bir adam kimi tanınır. Rəhbərlik etdiyi xəstəxanada o həkimlərdən, feldşerlərdən, tibb bacılarından nəsə toplayıb, onları tibb kurslarına getməkdən azad edir. Bu tibb müəssisəsinin işçiləri kursa getmək haqqında deyil, oraya getməməyin məzənnəsi olan puldan danışırlar. Odur ki, xəstəxanada ölənlərin sayı artır. Famil Zeynalovun Səhiyyə Nazirliyində güclü himayədarının olduğunu bildirən göyçaylılar vurğulayırlar ki, məhz hamisinin güclü dəstəyinə görə, baş həkimə «gözün üstdə qaşın var» - deyən yoxdur.

Onun sözünün üstünə söz deyən həkimlər ya işindən qovulur, ya da ki, kimlərinsə tapşırığı, yaxud nələrinsə hesabına yenidən işlərinə bərpa olunurlar. Həmçinin o, mühasibi Könül vasitəsilə hər ay bankomatlardan işləməyən (amma adları ştatla qeyd olunmuş) bir neçə səhiyyə işçisinin maaşını çıxarır. Bu faktı təsdiq etmək üçün Göyçay MRX-ya yaxın bankomatdan şəkil və videoları çıxarıb yoxlatmaq kifayət edər. Əvvəllər isə bankomata kartları xəstəxananın qapıçısı salmaqla pul çıxarırdı. Onun Famil Zeynalovla münasibəti pisləşdiyindən yanvarın sonunda həmin iş başqa şəxsə həvalə edilib. Dövlət büdcəsindən xəstaxanaya ayrılmış vəsaitdən 10 minlərlə pulun hara, necə xərclənməsi də araşdırılmalı məsələdir. Məsələ burasındadır ki, ayrılan pulların miqdarında xəstəxanada o qədər də ciddi əsaslı tikinti işləri aparılmayıb. Kimlərsə digər pullara köhnə tikinti materialları alaraq, müvafiq qurumları aldadır. Bundan əlavə, baş həkimin xəstəxanaya aid ərazinin 613 kv metr sahəsini öz mülkiyyətinə keçirməklə orada kafe-çayxana tikdirməsi deyilir. Amma sonradan bu əməlin üstü açılmasın deyə, həmin tikintini sökdürüb, torpaq sahəsinin isə özünə məxsus deyil, guya ki, başqa şəxslər tərəfindən zəbt olunduğunu bildirir. Hansı ki, həm torpaq sahəsinin, həm də tikintinin ona məxsus olmasını rayonda yüzlərlə insan bilir. Əldə etdiyimiz məlumatlara görə, bu yaxınlarda həmin tikinti ilə bağlı Göyçay rayon Prokurorluğunda məsələ qaraşdırılarkən Famil Zeynalov güc-bəla ilə yaxasını qurtarmış olub. Hal-hazırda xəstəxananın yeni qapıçısına tapşırıq verib ki, hər gün içəri daxil olan avtomobillərdən nəsə toplamalısan. Bundan əlavə, xəstəxananın çox yararlı vəziyyətdə olan bəzi avadanlıqlarının yoxa çıxdığı bildirilir. Həmin avadanlıqların harada və kimdə olması bəzi həkimlərə yaxşı məlumdur. Həmçinin baş həkim sürücülərə xəstəxananın xidməti avtomobillərinə gün ərzində 5 litrdən artıq benzin vurulmasına qadağa qoyub və tapşırıq verib ki, çox lazım olarsa öz büdcənizdən xərcləyin. Şəkər xəstələrinin savadsızlıqlarından istifadə edərək onlardan insulin üçün pul aldırır.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Göyçay rayon sakinlərindən biri baş həkim Famil Zeynalovun digər özbaşınalıqları ilə bağlı mətbuata məktub ünvanlamışdı. Balaseyid Əliyev məktubunda bildirirdi ki, fəhlə işləməklə məşğuldur: «Ailəliyəm, 2 övladım var. Çox sadə həyat tərzi keçirməklə yaşayıram. Məlum edirəm ki, Göyçay rayonunda "Babaoğlu Fikrət” ləqəbi ilə tanınan qanunsuz "demoqoq” fəaliyyəti ilə məşğul edən biri var ki, başqa insanlara olduğu kimi, son vaxtlar bizim ailəyə rahatlıq vermir. Səbəb isə onun Göyçay MRX-nın baş həkimi ilə əlbir olması və həmin xəstaxanada mamaça işləyən qızlarını müdafiə etməkdir. Həmin şəxsin özbaşınalıqları saymaqla qurtaran deyil. O, yalandan hamıya deyir ki, "Mən tanınmış şəxslərdən birini ölümdən qurtaran adamam, sözümün də üstə söz deyən yoxdur. Mən general kimi bir adamam”. Onun bu cür davranmasına səbəb isə bir çox məmurların qarşısından qaçmasıdır. Belə ki, xoşlamadığı məmurlar barəsində şantaj xarakterli şikayətlər yazır. Bu cür yolla bəzi vətəndaşları incidir».

Onun sözlərinə görə, Göyçay MRX-də isə həm şərait, həm də həkim qayğısı olduqca çox aşağı səviyyədədir.

Yazımızın girişində qeyd etdik ki, Göyçayda ayrı-ayrı vəzifəli şəxslərin, məmurların özbaşınalıqları sərhəd tanımır. Bu, təkcə baş həkim Famil Zeynalov yox, həm də Rayon İcra Hakimiyyətinin baş memarı İntiqam Süleymanovun əməllərində özünü göstərir. «Gündəlik Bakı»ya daxil olan çoxsaylı müraciətlərdə İntiqam Süleymanovun rayonda icra başçısının adından istifadə etdiyi bildirilir. Bu günlərdə isə rayonda əlillərdən biri özünə qəsd edəcəyini elan edib. Göyçay rayonunun Qarayazı kənd sakini Loğman Əliyev fevral ayının 5-də saat 15-00-da İcra Hakimiyyətinin qarşısında özünü yandıracağını bildirib. Özünü yandıracaq şəxs bu addımı Göyçayın bəzi məmurlarının törətdikləri özbaşınalıqlara etiraz əlaməti olaraq edəcəyini bəyan edib. Bütün bunlar onu göstərir ki, rayonda vəziyyət olduqca gərgindir. Sadalananlar Göyçayın bəzi məmurlarının cəzalandırılması vacibliyindən xəbər verir.
gundelik-baku.com