BolgeXeber.Com » Analitika » “JEK” və kooperativlər dilemma qarşısında

“JEK” və kooperativlər dilemma qarşısında

12-03-2014, 15:15
Oxunub: 4 702 Onlar ləğv edilsin, yoxsa bələdiyyələrə verilsin?

Sovet dönəmindən “JEK” kimi tanıdığımız mənzil-istismar sahələri qalsın, qalmasın? Bu sual indi çoxlarını düşündürür. Bir yazar olaraq bəndəniz də bir neçə dəfə bu mövzunu qabardıb, mənzil-istismar sahələrini günün tələbinə uyğun şəkildə formalaşdırmağın vaxtı çatdığını səlahiyyətli orqanların diqqətinə çatdırıb.
Son vaxtlar Milli Məclisin iclaslarında da bu məsələ tez-tez gündəmə gətirilir, “JEK”-lərin ləğv olunması və ya hansısa formada fəaliyyətini davam etdirməsi barədə müxtəlif təkliflər irəli sürülür. İclasların birində bələdiyyələr haqqında məsələ müzakirə olunarkən Millət vəkili Fəzail Ağamalı mənzil-istismar sahələri ilə bağlı daha konstruktiv mövqe bildirib. O, “JEK”-ləri sovet dövründən qalma köhnəlmiş bir model kimi dəyərləndirib. Onların fəaliyyət prinsiplərini təkmilləşdirib bələdiyyələrin ixtiyarına verməyi təklif edib.

Düzdür, parlamentdə bu təklifi kifayət sayda dəstəkləyən millət vəkilləri olub. Bununla yanaşı əks fikirdə olanlar da tapılıb. Lakin bəzilərinin dediyi kimi “JEK”-lərin birdən-birə ucdantutma ləğv olunması da qəbul edilə bilməz. Hər halda bu proses mərhələli şəkildə getməlidir. İlkin mərhələdə onların funksiyalarına bir qədər əl gəzdirib bələdiyyələrin tabeçiliyinə vermək və fəaliyyətlərini qarşılıqlı şəkildə uzlaşdırmaq olar.

Vaxtı çatanda mənzil-istismar sahələrinin ləğvi məsələsinin də gündəmə gətirilməsi mümkündür və bələdiyyələr asanlıqla bu vəzifəni öz üzərlərinə götürə bilərlər. Artıq Azərbaycanda belə bir təcrübə mövcuddur. Sumqayıt bələdiyyəsinin ayrı-ayrı məhəllələrdə təşkil etdiyi məhəllə komitələri, demək olar ki, yerlərdə qarşıya çıxan müxtəlif növ problemlərin həllini təmin edirlər. Əlbəttə ki, şəhər bələdiyyəsinin ümumi rəhbərliyi altında. Nəticə etibarilə heç bir küçə, müəssisə, təşkilat, vətəndaş diqqətdən kənarda qalmır. Şəhər üzrə 127 məhəllə komitəsinin 28-i mənzil-istismar sahələri olmayan ərazilərdə yerləşir və onlar mənzil-istismar sahələrinin funksiyalarını da yerinə yetirirlər.

Qeyd edək ki, bu ərazilərdə yaşayan sakinlərin məhəllə komitələrindən indiyədək elə bir ciddi narazılığı olmayıb. Əksinə, məhəllə komitələrinin sayəsində sosial problemlərinin müəyyən qisminin asanlıqla aradan qalxdığı barədə razılıqlarını bildirirlər. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bununla əlaqədar verdiyi açıqlamaların birində bildirib ki, Sumqayıt bələdiyyəsi məhəllə komitələrinin fəaliyytəti çox uğurlu nəticələr verir və bu təcrübəni digər şəhər və qəsəbələrdə də yaymaq lazımdır.

Ümumiyyətlə, əvvəllər olduğu kimi bu gün də “JEK”-lər haqqında xoşagəlməz mənfi rəylər formalaşıb. Hər kəs onu bürokratik, süründürməçi bir qurum kimi tanıyır. Sadə insanlar bu qurumdan daim yuxarı orqanlara şikayət ünvanlayıblar və bu ənənə indi də davam edir. Onların başlıca vəzifələrindən biri yaşayış evlərini vaxtlı-vaxtında təmir etmək olub. Lakin vəzifə borcu heç də həmişə vicdanla yerinə yetirilməyib. Ona görə də belə məsələlərlə bağlı bu idarələrə təsadüfi hallarda müraciət edilir. Çünki adamları get-gələ salmaqları bir yana, gördükləri iş də son dərəcə keyfiyyətsiz olub. Nəticədə yaşayışçılar aldıqları cüzi maaşa qənaət edərək istənilən təmir işini öz üzərlərinə götürürlər. Qalır bir arayış vermək, onu da almaq üçün vətəndaşların müxtəlif bürokratik əngəlləri aşması lazım gəlir.

Bəzən küçə və yollarda mənzil-istismar sahələrinə məxsus təmizlik işləri aparan insanlarla qarşılaşırıq. Məsələ burasındadır ki, abadlıq, təmizlik işləri ilə bələdiyyələr də məşğul olur. Yəni bu sahədə “ikihakimiyyətlilik” hökm sürür, bir-birinə tabeçiliyi olmayan müxtəlif qurumlar eyni vəzifəni yerinə yetirirlər. Əlbəttə, bu, normal hal sayıla bilməz. Zaman bizə onu diktə edir ki, hər bir ərazinin sosial təsərrüfatı bütövlükdə bələdiyyələrin səlahiyyət dairəsinə daxil edilsin.
Başqa bir məsələ mənzil-istismar sahələri ilə yanaşı eyni vəzifələri yerinə yetirən daha bir qurumun - kooperativlərin də qalmasıdır. Təəssüf ki, mənzil-istismar sahələrindən danışarkən kooperativ məsələsi nədənsə yada düşmür.

Kooperativlər də vaxtilə kolxoz, sovxoz, komxoz və s. süni yaradılmış sözlər kimi leksikonumuza daxil edilmişdi. Sosializmin əsas atributlarını təşkil edən bu kimi qurumlar insanlarda kollektiv mülkiyyətin mövcudluğu təəssüratı yaratmaq məqsədilə uydurulmuşdu. Guya hər şey ictimaidir, hər şey xalqa məxsusdur. O cümlədən ayrı-ayrı müəssisələr öz işçilərinə yaşayış binaları inşa edir və adını da kooperativ bina qoyurdular. Həmin binanın təmirindən tutmuş müxtəlif növ sosial problemlərinin həllinə qədər hər işi kooperativlər öz üzərinə götürürdü. İnsafən öhdəliklərin bəziləri yerinə yetirilirdi. İndi isə kooperativ sədrləri özlərini binanın şəriksiz sahibi hesab edirlər. Əslində isə onların görəcəyi bir iş qalmayıb. Zibilin daşınması, həyət-bacanın işıqlandırılması, su və kanalizasiya xidməti ilə bağlı haqların toplanması və yaşayışçılara müxtəlif növ arayışların verilməsi kimi işləri son vaxtlara qədər onlar öz üzərlərinə götürmüşdülər. Bu ilin əvvəlindən “Azərsu” öz təsərrüfatına sahib çıxıb. Kooperativ binaların su və kanalizasiya pulunu artıq özü yığır. Belə görünür ki, “Azərenerji” həyət-bacaya sərf olunan enerjiyə, bələdiyyə isə zibilin daşınmasına sahib çıxsa, kooperativ sədrlərinə yalnız arayış vermək qalacaq.

Əslində kooperativ cədrlərinin adı çəkilən istismar sahələrindən qazancları qəpik-quruşla hesablanır. Onların əsas gəlirləri evlərin alqı-satqısından, sakinlərin yaşayış sahəsini genişləndirməsindən və s.-dən çıxır. Sədrlərin arayşı, razılığı olmadan heç kəs evini sata, daşı daş üstünə qoya bilməz.
Sovet dövründə kooperativlərin tabeçiliyi birbaşa binanı tikən təşkilata yaxud müəssisəyə idi. Müstəqillik dönəmindən bu yana isə sakinlər onların kimlər, hansı orqanlar qarşısında hesabat verdiklərini bilmirlər. Çünki həmin müəssisə və təşkilatların böyük əksəriyyətinin bu gün heç izi-tozu da yoxdur, yaxud da fəaliyyətsizdir. Məsələn, Nəsimi rayonunun Nizami küçəsindəki 104 saylı bina vaxtilə “Azinmaş” deyilən bir müəssisəyə məxsus olub. Bu gün belə bir müəssisə mövcud deyil. Ancaq müəssisənin kooperativ binası və sədri mövcuddur. Bir neçə il əvvəl həmin bina sədrinin əlindən canı boğaza yığılan sakinlər yığışıb iclas keçirdilər və protokol tərtib edib sədri vəzifəsindən kənarlaşdırdılar. Lakin sənədləri təqdim etmək üçün bir yer tapa bilmədilər. Bütün qapılardan əliboş qayıtdılar və sədr fəaliyyətini yenə davam etdirdi. Sakinlərin şikayətinin heç bir nəticə vermədiyini görən sədrin ayağı bir az da yer aldı və yaşayışçılara iki qat artıq zülm etməyə başladı.
Əksər kooperativ bina sədrləri də bu cür fəaliyyət göstərir və sakinlər onları daim incik salan kooperativ sədrlərinin özfəaliyyətinə birdəfəlik son qoyulmasını səbrsizliklə gözləyirlər.

Bir sözlə, şəhərlərimizdə sahibi bəlli olmayan xeyli sayda kooperativ binalar mövcuddur. Onları taleyin umuduna buraxmaq olmaz. “JEK”-lərlə bərabər onların da bələdiyyələrin tabeçiliyinə verilməsi ərazinin sosial inkişafına müsbət təsir göstərər, abadlıq, quruculuq işlərində sistemli fəaliyyəti təmin etmiş olardı. Hesab edirik ki, parlamentdə son vaxtlar aparılan qızğın müzakirələrin yekununda hər kəsi razı salan qərarlar qəbul ediləcək və bu, qanunvericilikdə öz əksini tapacaq.

Amil AVEY