BolgeXeber.Com » Analitika » Cabbarlını tanımamaq

Cabbarlını tanımamaq

17-03-2014, 14:45
Oxunub: 4 488 “Mən televiziyaya çıxıb min ildir filosofların cavab axtardığı suala Toliklə, Rəqsanə ilə bir yerdə cavab axtarmalıyam?”

Hər şeydən əvvəl onu qeyd edim ki, bu yazını Kamran Həsənlinin şousunu tənqid etmək üçün yazmıram. Əksinə, onun tv-proyektini bəyənirəm və daha mükəmməl olması üçün “Sizin saat” verilişi üzərindən bir neçə cümlə yazmaq istəyirəm.

Verilişin ilk sayında Cəfər Cabbarlı barədə sorğu keçirildi və sorğuda iştirak edənlərin demək olar ki, heç biri dahi dramaturqumuzu tanımadı. Bunun nə dərəcədə utanc, ayıb olmağı barədə heç nə demək istəmirəm. Daha doğrusu bu dəhşəti ifadə etməkdə acizəm. Beləcə bir neçə veriliş keçdi və hər dəfə bir dahi barədə sorğu və hər dəfə həminki rəzalət. Sonuncu saylardan birində də Fikrət Əmirov barədə sorğu keçirildi, yenə dünya şöhrətli bəstəkarı heç kim tanımadı.

Verilişin axırıncı sayından sonra mən də öz ətrafımda, iş yerimdə, dost-tanış içində bir sorğu keçirdim. Nəticə televiziyada gördüyümüzdən də pis oldu. Allah günahımızdan keçsin, hətta efir deyildi deyə söyənlər də tapıldı. Mən, Kamran Həsənli kimi tanımayanları tənqid etmək fikrində deyildim. Odur ki, içlərində səmimiliyinə inandıqlarımı yanıma çağırıb bunu, yani vətən, millət, dövlət uğrunda canını fəda etmiş, şəhid olmuş insanları niyə tanımadıqlarını soruşdum. Acınacaqlı bir durumla qarşı-qarşıya qaldım. Fərqli bəhanələr söyləsələr də, içlərində haqlı olanlar da vardı. Uğur adlı bir iş yoldaşım dedi: “Məktəb illərimdə ailənin yükü mənim boynuma idi, Cəfər Cabbarlını oxuyub öyrənməkdənsə ailəmə yardımçı olmalı, kömək etməli idim”. Bir başqa tanışım isə dedi ki: “Sərxan, o demək deyil ki, mən Cəfər Cabbarlı adını eşitməmişəm, ya bilmirəm o kimdir. Ancaq onu tanıyıb-tanımamağım heç nəyi dəyişmir deyə bəri başdan “tanımıram” deyirəm”. Əhlikef bir tanışın cavabı bir az komik olsa da, haqlı idi: “Guya nazirlər, ya onların övladları Cabbarlını tanıyır?”.

Bax mənim də istəyim budur ki, Kamran Həsənli öz layihəsində (yeri gəlmişkən bundan gözəl müzakirə mövzusu yoxdur- lahiyə yoxsa layihə) mövzunun və tənqidin istiqamətini Cəfər Cabbarlını tanımayanlara yox, onun niyə tanınmadığına yönəltsin. Niyə Əhməd Cavadın, Hüseyn Cavidin məktəblərdə lazımınca təbliğ olunmadığını araşdırsın. Cəfər Cabbarlını heç kimin tanımadığını yox, onun heykəli ətrafında baş verənlərin səbəbini araşdırıb müzakirəyə çıxartsın. Himnin sözlərini kimin yazdığını bilməyənlərlə yanaşı, parlamentdə “himnin sözləri çox uzundur, gəlin onu qısaldaq” deyən deputatı tənqid hədəfi etsin.Yoxsaki verilişin axırıncı sayında bayram günlərini müzakirəyə çıxardıb, qonaq kimi Müşfiq Tumurcuğu, Roza Zərgərlini çağırmasın. Düzdü, hamımızın sevə-sevə oxuduğumuz yazar Qan Turalı da o verilişdə var idi. Amma baxanlar bilir ki, mənasız söhbətlərin çoxluğu ucbatından ona söz çatmadı. Bir başqa oxuduğumuz yazar Seymur Baycan tv proqramlara çıxmamağının səbəbini belə açıqlayır: “Mən televiziyaya çıxıb min ildir filosofların cavab axtardığı suala Toliklə, Rəqsanə ilə bir yerdə cavab axtarmalıyam?” Düz də deyir. Kamran bəy tarixi günlərimizlə bağlı şou insanlarını çağırmaqdansa ən yeni tariximizi yaradanları, 18 Oktyabrın, lap elə 15 iyunun əsasını qoyanları çağırıb ciddi müzakirə aça bilərdi və beləcə o zəruri mövzu əyləncə mövzusu kimi yadda qalmazdı.

Qeyd: Nə qədər ki, Cabbarlı, Cavid, Cavad və s. xalqa öyrədilmir, hər şey indikindən qat-qat pis olacaq.

Onu da qeyd edim ki, öyrənmək heç kimin borcu deyil, amma öyrətmək dövlətin borcudu, vəzifəsidi.
Serxan Carcı