BolgeXeber.Com » Analitika » Erməni “silah”ı...

Erməni “silah”ı...

17-04-2014, 12:10
Oxunub: 2 997 Və lobbi axtarışı

Tarixi təcrübə göstərir ki, uzun müddət qarşıdurma və düşmənçilik vəziyyətində olan tərəflərdən biri o birinin xislətinə, metodlarına, “sılah”ına yiyələnir. Ona görə biz özümüz də bilmədən tədricən erməni xislətinə yoluxuruq, daha doğrusu özümüzü ermənilərə oxşatmaq, onlara bənzəmək, onların “sılah”ından istifadə etmək istəyirik. Bu son illər açıq-aşkar özünü göstərir. Ancaq unutmaq lazım deyil ki, hamı eyni “silah”dan eyni səviyyədə, eyni bacarıqla, eyni məharətlə istifadə edə bilməz...

Birincisi və ən əsası ona görə ki, bu “silah” erməni xarakteri və xisləti üzərində qurulub. İkincisi, erməni tərəfi bu “silah”dan yüz illərdir istifadə edir və bu “silah”ın bütün sirlərinə əla yiyələnib. Həm də etiraf etməliyik ki, ermənilər bizdən fərqli olaraq hər dövrdə özlərini dünya üçün maraqlı edə bilirlər.

Biz isə bu “silah”ın dilini indi-indi öyrənmək istəyirik. Biz istəsək də ermənilər kimi ola, onlar kimi “ürəkdən ağlaşma” qura bilməyəcəyik. Bizim göz yaşlarımız da nəsə gülməlidir. Belə olan təqdirdə biz ermənilərin öz “silah”ı ilə onlara necə qalib gələ bilərik?

Ona görə gec də olsa, biz ermənilərin və dünyanın qarşısına “erməni silahı” ilə yox, öz silahımızla çıxmalı, enerjimizi və pulumuzu “erməniləri ifşa etməyə”, “erməni mifi”ni dağıtmağa, “ermənilər kimi goreşənliyi peşəyə çevirməyə” deyil, daha çox özümüzü Böyük Dünyaya bir sivil, mədəni millət kimi təqdim etməyə yönəltməliyik.

Tam məsuliyyətlə deyirəm ki, neftdən, qazdan gələn bütün pulları xərcləsək də, nə erməni mifini dağılacaq, nə də erməni diasporuna alternativ diaspor yarada biləcəyik. Həm də bu gün diaspor məsələsi kimlər üçünsə müftə qazanc mənbəyinə çevrilib. Lobbi axtarmaq sevdası da boş yerə vaxt və kapital itirməkdir.

Ümumiyyətlə, Azərbaycan həqiqətlərini dünyaya car çəkmək üçün “bir əlində əsa, bir əlində çıraq” diyar-diyar dolaşmağa, milyonları bu yollarda göyə sovurmağa-zada ciddi ehtiyac yoxdur. Əslində erməni mifini dağıtmaq məsələsi bəzilərinin əlində karta çevrilib.

Ona görə də nə qədər gec deyil, erməni “silah”ını bir kənara tullayıb öz “silah”ımız barədə düşünməliyik.

Öz “silah”ımız nə olmalıdır..?

Özümüzü Böyük Dünyaya sivil, mədəni millət kimi necə təqdim edə bilərik..?

Demokratiyaya yaxınlaşmadan Qarabağa yaxınlaşmaq mümkündürmü..?

Bu suallar artıq başqa bir yazının mövzusudur.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyinin baş redaktoru