BolgeXeber.Com » Analitika » Rafil Hüseynov və 100 manatlıq «mirzələr»

Rafil Hüseynov və 100 manatlıq «mirzələr»

17-04-2014, 13:10
Oxunub: 3 449 Səndən torpaq istəyən də şərəfsizdir, yalan məlumat yayan da

Bəli, dünyanın elə bir yerinə gəlib çıxmışıq ki, oğru bağırdıqca doğrunun qulağı batmağa başlayıb. Və ən fəlakətlisi isə odur ki, bu oğrular doğrular haqqında olmazın yalan, böhtan, şər atmaqdan bir növ həzz almaqdadırlar.

Yazıya kiçik bir giriş

Masallının icra başçısı Rafil Hüseynov mətbuatdakı mirzələrini işə salıb, onların əliylə bizə şər-şəbədə yaxdırır. Adam nə etdiyinin fərqində belə deyil. Ətrafında baş verənləri, Masallı rayonuna vurduğu zərərləri də görməzdən gəlməkdədir. Özü bilər. Amma doğrunu yazdığımız üçün bizə şər atmağını təbii ki, cavabsız qoymaq fikrində deyiləm.

Səndən torpaq istəyən də şərəfsizdir, yalan danışan da

Zavallı icra başçısı Masallıda camaatın çörəyini boğazından dartıb çıxardığı halda özünü gizlətmək istəyir. Və təəssüfanə bu işi mətbuatda özünü bizlərə həmkar tutan bəzi mirzələrə həvalə edib. Amma bərbad şəkildə.

İcra Hakimiyyətinin açıqlaması belədir ki, guya, biz Masallının icra başçısından torpaq istəmişik. Üstəlik, «niyyətimiz» alınmadığından «əməkdaşlıq» təklif etmişik.

Əvvəla şəxsən mənim şükür Allaha, dövlətin hələ 1997-ci ildən verdiyi həyatyanı torpaq sahəm var. Və Masallı rayonunda isə ümumiyyətlə, əlavə bir qarış torpaq belə istəmirəm. İkincisi, apardığım torpaq davası camaata görə olub və bu gün də rayonda yetərli qədər bu sahədə problemlər var. Rafil Hüseynov yaxşı olardı ki, yerli Torpaq Şöbəsinin fəaliyyətini yoxlatdırardı və görərdi ki, neçə-neçə insanın qanuni torpaq sahələri zorla əllərindən alınıb.

Qaldı, İcra Hakimiyyətindən və ya icra başçısından torpaq istəmək məsələsinə. Tam açıq şəkildə və birmənalı olaraq bəyan edirəm: Sən Rafil Hüseynov və ətrafında olan adamlardan torpaq istəyən də şərəfsizdir, bu barədə yalan məlumat yayan və yaydıran da.

«Əməkdaşlıq» məsələsinə gəldikdə isə burda da gözünüzün içinə qədər yalan danışırsınız. Sizin müavininiz Nəsir Muxtarlı günlərlə yalvarıb-yaxırıb bizimlə «dost» olmaq istədiyi halda, imtina etmişik. Rayonda yanvar ayında keçirilən aksiyanın fotoşəkillərini yayımladıqda isə müavinqarışıq hamınız yalvarırdınız ki, bu məsələni ört-basdır edək. Ortada fakt varkən nədən həqiqəti gizlətməyə çalışırdınız? Bəlkə Şıxlar camaatının Bakı-Astara yolunu bağlaması yalan idi? Əməkdaşlığı siz təklif etdiyiniz halda, imtina edən tərəf biz olmuşuq və bu gün onu da üzərimizə yıxıb, özünüzə haqq qazandırısınızsa, bu artıq sizin vicdanınıza buraxılan məsələdir.

Biz nəyin davasını aparırıq?

Bu adamlar özlərini o qədər azıblar ki, nə etdiklərinin fərqində deyillər. Hələ də başa düşmürlər ki, bizim mübarizəmiz nə torpaq uğrundadır, nə də mənsəb. Əksinə, yazdıqlarımız rayonun ümumi problemləridir və onların həllindən başqa nə istəyəcəyimiz, nə umacağımız, nə də marağımız var.

Masallıda vəzifə sahibi olmaq kimi bir niyyətim olsaydı, əmin olun, elə Rafil Hüseynova borc-xərc 30-40 min manat tapıb verərək, istədiyim vəzifəyə sahib olardım. Bu rayonda vəzifələrin alınıb-satıldığını bilməyən yoxdur. Bundan sonra mənim də icra başçısının müavinləri kimi, bir neçə villam, istirahət mərkəzlərim, bahalı maşınlarım və daha nələr istəsəydim olardı. Amma mən bu cür ucuz bir yol tutub, nə rüşvətin, nə də korrupsiyanın içinə girmərəm.

Bu adamlar hələ də anlamırlar ki, illərdir apardığımız mübarizə Masallı rayonunun problemlərinin həlli üçündür. İndiyə qədər bir neçə kəndə yolun çəkilməsinə nail olmuşuq. Bu gün də deyirik ki, prezidentin təsdiqlədiyi «Regionların Sosial-İqtisadi İnkişaf Proqramı»nda nəzərdə tutulduğu kimi, rayonun dağ kəndləri təbii qazla təmin olunsun. Hərçənd Rafil Hüseynovun işçiləri bunu bir aya da edə bilərlər, bir şərtlə ki, kənd camaatı onlar üçün 30 min manat «ənam» yığmalıdırlar. Əcəba, dövlətin verdiyi pul azlıq elədi ki, camaatın cibinə göz dikmisiniz? Yoxsa, əlinizə fürsət düşüb deyə, camaatı talamaq fikrindəsiniz?

Bəlkə, yalan yazmışıq ki, bir il bundan əvvəl çəkilmiş və dövlət büdcəsindən 4,6 milyon manat ayrılmış yollar dağılıb? Bəlkə yalandır ki, hazırda həmin yolları yamamaqla məşğulsunuz? Axı, bu qədər vicdanınızı itirə bilməzsiniz? Etiraf edin ki, işinizi bacarmırsınız və başınız pul yığmağa qarışıb. Pul qazanmaq öz işinizdir, amma bunu camaatın və dövlətin cibinə girməklə etməyin.

100 manatlıq «mirzə»lər

Rafil Hüseynov həqiqətən yazıq adamdır. Görə nə günlərə qalıb ki, 100 manatlıq «mirzə»lərə möhtac olub. Onlara öz yalanlarını sırıyaraq, yayımladıb. İcra başçısına tövsiyyəm odur ki, 100 manatlıq «adamlar»la yola çıxmasın. Vallah, günün birində, həmin «adamlar» 200 manatlıq bir «müştəri» tapan kimi sizi satacaqlar.

Sən kimsən…?

Yenidən qayıdaq Masallının ən mühüm problemlərindən birinə. Rafil Hüseynov cənabları, sizi bu posta təyin edən prezidentdir və onun qəti tapşırıqlarından demək olar ki, hər kəsin xəbəri var. Dövlət başçısının apardığı siyasət də məlumdur və reallıq da ortalıqdadır.

Mənim bildiyim odur ki, prezident İlham Əliyev Azərbaycan xalqının dini inanclarına qətiyyən qarşı çıxmayıb. Əksinə, hələ bu yaxınlarda verdiyi açıqlamasında İslami dəyərlərin Azərbaycan tərəfindən dünyaya yayılmasının vacib olduğunu bildirib. Bundan əlavə, özü və ailə üzvləri ilə birlikdə hər il Aşura Mərasimlərinə, Qurban Bayramına, yeni məscidlərin açılmasına qatılır. Amma siz Rafil Hüseynov Masallıda elə bir iş tutmusuz ki, bunun nəticəsinin nə olacağı və dövlətə hansı zərbələr vuracağını hesablamamısınız.

İndi sizə sual verirəm, siz kimsiniz ki, 1400 ildir İslam inancına sadiq olan və dinimizin ayinlərini mütəmadiyən yerinə gətirən insanlarımıza Aşura mərasimləri keçirməyi qadağan edirsiz? Necə olur ki, dövlət başçısı ailə üzvləri ilə birlikdə dini məclislərə qatıldığı halda, sən rayon məscidinə polis göndərib, orada Aşura və Tasua mərasimləri keçirən insanları həbs edəcəyinlə hədələtdirirsən?

Olmaya, tarixi bilmirsiniz və ümumiyyətlə, dini inancın insanlar üçün hansı dəyər və mahiyyət daşıdığından xəbəriniz yoxdur. Xatırldım ki, Şeyx Zahid Gilani kimi böyük bir şəxsiyyətin məzarı faktiki olaraq Cənub bölgəsindədir. Şeyx Cəbrayıl, Şeyx Qubad, Şeyx Məhəmmədlər bu torpaqların üzərində doğulub, yaşayıblar. Hacı Müzəffər kimi bir şəxsiyyət xaricilərə islamı başa salanda, sizin harada olduğunuz belə məlum deyildi.

Bu gün dövlət başçısı tərəfindən təyin olunmuş, onun siyasətini həyata keçirdiyini dediyiniz halda, prezidentə və onun siyasətinə qarşı çıxmağınıza nə ad verək? Siz kimsiniz ki, bunca insanın əqidəsinə və inancına qadağa qoymağa çalışırsız? Anlayırsınız ki, bu hərəkətiniz zatən həssas olan Cənub bölgəsində böyük bir problem, sabitliyin pozulması ilə nəticələnər? Əminəm ki, bunlardan yetərli qədər xəbərdarsınız. Amma yenə də bildiyiniz edirsiniz ki, buna görə də, sizdən şübhələnmək üçün yetərli qədər əsas verirsiniz.


Bizə açıq deyin ki, sizə bu təlimatları hansı kənar qüvvələr verir. Əgər qorxursunuzsa, çəkinirsinizsə, əmin olun təmsil etdiyiniz prezident və dövlət sizi sonuna qədər qoruyacaq. Yox, buna zərurət görmürsünüzsə, o zaman sizin başqa himayədarınız olmasına qəti şübhəmiz qalmır. O zaman bizə həmin himayədarlarınızdan danışın…