BolgeXeber.Com » Analitika » SDU-nun sabiq rektoru Nadir Qəhrəmanov həbs edilir?

SDU-nun sabiq rektoru Nadir Qəhrəmanov həbs edilir?

8-05-2014, 14:40
Oxunub: 20 878 Professorlar məhkəmə qarşısına çıxarılacaq

Hüquqları pozulan bir qrup tələbə SDU-nun keçmiş rektorundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ediblər.Bildiyimiz kimi, prezident İlham Əliyevin keçən ilin dekabr ayının 16-da imzaladığı sərəncamla Sumqayıt Dövlət Universitetinin (SDU) keçmiş rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad edildi. 2000-ci ilin may ayından Sumqayıt Dövlət Universitetinə rəbərlik edən Nadir Qəhrəmanovun işdən çıxarılması həmin vaxt bəzi maraqlı məqamların ortaya çıxmasına səbəb olmuşdu. Daha doğrusu, SDU-nun keçmiş rəhbərinin həbsi məsələsi gündəmə gəlmişdi.

Amma müxtəlif yollara baş vuran sabiq rektor özünü həbs təhlükəsindən sığortalamağı bacardı. Qeyd edək ki, Nadir Qəhrəmanov SDU-da rektor işlədiyi dövrlərdə Təhsil Nazirliyi və Hesablama Palatası birgə olaraq maliyyə yoxlamaları aparmışdı. Yoxlamalar nəticəsində ciddi qanun pozuntularına rast gəlinsə də, sabiq rektor rəsmi qurumların nümayəndələrini öz bildiyi üsullarla razı salmağı bacarıb. Yoxlama zamanı universitetdəki maliyyə vəsaitlərinin mənimsənilməsi, təmir-tikinti üçün ayrılmış pulların təyinatı üzrə xərclənməməsi, təhsil ocağında ştatdan kənar işçilərin saxlanması, tələbələrdən imtahanlar üçün nəysə tələb edilməsi kimi neqativ halların olduğu üzə çıxarılmışdı. Rektor isə bunları təkzib edərək fəaliyyətini tam şəffaf prinsiplər üzərində qurduğunu bəyan etmişdi. Nadir Qəhrəmanov vəzifədən azad edilsə də, onun haqqında yayılan söz-söhbətlər səngimək bilmir. SDU-nun keçmiş rektoru ilə bağlı dünən çox ilginc məlumatlar əldə etmişik. Belə ki, professor Nadir Qəhrəmanovun həbs olunacağı deyilir. Buna səbəb onun universitetə rəhbərlik etdiyi illərdə bir qrup tələbədən illik təhsil haqqını müəyyən olunmuş qaydalardan kənara çıxmaqla almasıdır. Əldə etdiyimiz məlumatlarda deyilir ki, rektorun özbaşına əməllərindən daha çox əziyyət çəkən iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri olub. Həmin fakültənin Şəhriyar adlı tələbəsinin sözlərinə görə, 2-ci kursda təhsil alarkən semestr imtahanlarına buraxılmayıblar: «İllik təhsil haqqını vermədiyimizə görə imtahana buraxılmadıq. Həmin vaxt fakültənin dekanı Kamil Abdullayev idi. İllik təhsil haqqını banka ödəmək istəyəndə problem yarandı. Bu ərəfələrdə «Kapitalbank»ın bankomatlarında təmir işləri getdiyi üçün dekan dedi ki, gətirin pulu mənə verin. Bizim ağlımıza gəlməzdi ki, Kamil müəllim pullarımızı mənimsəyəcək. Nəysə elə oldu ki, illik təhsil haqqını dekana verdik və imtahanlara buraxıldıq. Bir müddət keçəndən sonra dekan işdən çıxarıldı. Bu yaxınlarda öyrəndik ki, Kamil müəllimə verdiyimiz illik təhsil haqları bank hesabına yatırılmayıb. Rektorluqdan bizə dedilər ki, pulu verməsəniz buraxılış imtahanına girə bilməyəcəksiniz. Nadir müəllimin də qəbulunda olmuşduq. O söz vermişdi ki, problemi həll edəcək. Amma bu günə qədər bizdən həmin ilin təhsil haqqını tələb edirlər. Kamil müəllim pulun Nadir Qəhrəmanov tərəfindən mənimsənildiyini deyir. Rektor isə pulun dekanda olduğunu bildirirdi. Yəni hər iki tərəf günahı bir-birini üzərinə yıxmağa çalışırdı». Problemin yoluna qoyulmadığını görən bir qrup tələbə keçmiş rektorun, o cümlədən dekanın əməlləri barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ediblər. Deyilənə görə, bu məsələ ilə bağlı həm Kamil Abdullayev, həm də Nadir Qəhrəmanov idarəyə çağırılıb və hər ikisinin ifadəsi alınıb. Özəl mənbələrin məlumatına görə, rektorun tələbələrə qarşı törətdiyi qanunsuzluqlar sübuta yetirilsə onu ağır cəza, konkret olaraq həbs gözləyir. Bu isə o deməkdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tələbələrin şikayətini araşdırıb işi yekunlaşdıran kimi professorlar məhkəmə qarşısına çıxarılacaq.

Gundelik-baku bildirir ki, Nadir Qəhrəmanov rektor işlədiyi illərdə özünə Saray-Sumqayıt yolunun kənarında üçmərtəbəli “Yetər” şadlıq evini tikdirib. Həmçinin universitetin ərazisini zəbt edərək orada çoxmərtəbəli binalar və sexlər inşa etdirib. SDU-nun arxasındakı yaşıllıqları məhv etdirərək yerində özəl tibb mərkəzi ucaldıb. Çox güman ki, sabiq rektor həbs olunsa, bütün əmlakı müsadirə ediləcək.

Qarşı tərəflərin də cavab haqqını tanıyırıq.