BolgeXeber.Com » Analitika » Əsassız fətvalarmı, yoxsa Quranmı?

Əsassız fətvalarmı, yoxsa Quranmı?

14-05-2014, 14:05
Oxunub: 3 968 “...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl surəsi, 89)

Son zamanlar “fətva alimləri”nin ardı-arası kəsilməyən “sürpriz” fətvaları heç kimi təəccübləndirməsin. Quranı-kərimi İslamın əsas qaynağı olaraq qəbul etməməyin nəticəsinin belə olacağını öncədən hesablamaq çox da çətin deyildi. Ağlına gələni din adına fətva verən alimlərin ortaya çıxması insanların Qurani-kərimə deyil, etibar edib güvəndikləri alimlərin fətvalarına daha çox üstünlük verməsinin nəticəsidir. Bu alimlərə etibar edilməsə, heçkim cəsarət edib sürpriz fətvalarla xalqın önünə çıxa bilməz. Allah Quranda insanlar üçün ən kiçik məsələdən tutmuş ən böyük məsləyə qədər hər şeyi çox incə təfərrüatına qədər açıqlamışdır. Allah bir Quran ayəsində: “...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl surəsi, 89) -şəklində buyurur.
Ancaq müsəlmanlara davamlı olaraq Quranda hər şeyin izah olunmadığı, Quranın dini yaşamaq üçün kifayət etmədiyi inancı doğru kimi aşılanıb təlqin olunur. Qurandan kənar fətvalar verib özlərini fətva məqamında görmək istəyənlər Qurani-kərim haqqında bu cür yanlış inancları təəssüf ki, müsəlmanların böyük əksəriyyətinə məqsədli şəkildə qəbul etdirmişlər. Fətva alimlərinin bu inancı insanlara qəbul etdirmək istəklərinin pərdə arxasında Qurani-kərimin olduğu kimi qəbul edildiyi halda, öz titullarını itirmək qorxusu dayanır. Bu səbəbdən, Allah`ın Quranda hər şeyi açıqlamadığı kimi yanlış inancı insanlara qəbul etdirməyi özləri üçün tək qurtuluş yolu olaraq görürlər. Allah Quranın hər şeyin açıqlayıcısı olduğunu bildirdiyinə baxmayaraq, “Quranda hər şey açıqlanmamışdır”, -deməyə cəsarət tapanlar, təbii ki, Quranı kifayət görmədikləri üçün öz dar düşüncələrinə uyğun fətvalar verəcəklər. Ancaq Allah “Ənkəbut” surəsinin 51-ci ayəsində onların tam əksinə olaraq: “Məgər oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi?...” -buyuraraq əsl həqiqətdə müsəlmanlar üçün Allah`ın göndərdiyi kitabın əsaslıolduğunu bildirir. Allah başqa bir ayədə: “...Siz dininizi Allah`amı öyrədirsiniz?...” (Hücurat surəsi, 16) -buyuraraq Allah`ın dinini Allah`a öyrətmək istəyən (Allah nöqsan sifətlərdən uzaqdır) bu cür insanların çıxacağını bizə bildirmişdir.
Allah`ın endirdiyini kifayət görməmək, eyni zamanda,dində “çatışmayan” hökmlərin fətvasının verilməsini gündəmə gətirir. Təbii ki, bu zaman əsas iş artıq öz nəfslərində qurduqları dini İslam adına insanlara təqdim etmək istəyən “fətva alimləri”nə qalmışdır. Quranda olmadığını iddia edərək istədikləri mövzuda fətvalar yağdırmaq insanları Quranın kifayət olmadığına inandırdıqdan sonra daha asan hala gəlmişdir. Artıq insanlar bu “peşəkar din alimləri”nin fətvalarına möhtac hala gətirilmişlər və onların ağzından çıxan hər söz sanki Quran ayəsi olaraq qəbul edilir. İnsanlara Quranın mütləq ərəbcə oxunması və alimlərin açıqlamalarından başqa insanların Qurandan heç bir şey başa düşməyəcəyi ciddi-cəhdlə təlqin edilir və verilən fətvaların Qurana zidd olduğunu anlayıb dilə gətirənlərə isə: “Bu qədər alimlər səhv anladı, sən düz bilirsən”, -deyilir və onlara, beləcə,“həd”ləri bildirilir.
İslam dinini verdikləri fətvalarla, adətən, yaşanmaz hala gətirən bu alimlərin qadınların sünnət edilməsinin faydalarından tutmuş kişilərin cinsiyyətlərini dəyişə biləcəklərinə dair İslamda heç bir yeri olmayan fətvaları,təəssüf ki, bir çox insan tərəfindən İslam dininin hökmü kimi qəbul edilir.
Bütün bunların nəticəsi isə, gördüyümüz kimi, İslam dininin məzhəblərə, təriqətlərə, firqələrə bölünməsi ilə nəticələnmişdir. Bu vəziyyətdən yeganə çıxış yolu olaraq,bütün müsəlmanlar Peyğəmbərimiz (səv) kimi Quranı əsas götürməli və dini Qurandan açıqlayan alimlərə etibar etməlidirlər.

Ramiq Vəliyev