BolgeXeber.Com » Analitika » Saytımız millət vəkili haqda yazılanları araşdırdı

Saytımız millət vəkili haqda yazılanları araşdırdı

16-05-2014, 10:10
Oxunub: 5 276 Bölgexeber.com saytı Şura və onun sədri haqqında deyilənlərin böhtan olduğunu üzə çıxartdı

9 may 2014-cü ildə Bolgexeber.com saytının elektron poçtuna Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və onun sədri Azay Quliyev haqqında anonim material göndərilmiş və bu məlumat xəbər baxımdan maraqlı olduğu üçün saytda yerləşdirilmişdir. Qeyd edək ki, qələmə alınanlar redaksiyamızın mövqeyi olmamışdır. Saytımız tərəfsizliyini və obyektivliyini qorumaq, həmçinin yayılan məlumatlara kütləvi ictimai etirazları nəzərə alaraq sözügedən yazıda iddia edilən məsələlərlə bağlı son günlər müstəqil şəkildə araşdırmalar aparmış və bir sıra maraqlı faktlar aşkarlamışdır.

Bəri başdan deyək ki, saytımıza ötürülən məlumatın büsbütün yalan və böhtan olduğu, şantaj məqsədilə edildiyi aşkarlanmışdır. Araşdırma nəticəsində bəlli olmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə yerli və beynəlxalq donorlar arasında tək qurumdur ki, öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərinə tam riayət edir, ayırdığı qrant layihələri haqqında detallı bilgiləri ictimaiyyətlə bölüşür və hətta layihələrin icrası haqqında hər ilin sonunda ayrıca bir kitab nəşr etdirir. Şura yeganə təşkilatdır ki, qrant müsabiqəsinin nəticələrini dəyərləndirmək üçün yerli və xarici ekspertləri dəvət edir və narazı qalan QHT-lər üçün qəbul etdiyi qərarı mübahisələndirmək məqsədilə appelyasiya imkanı yaradıbdır. Həqiqətən bu hal təqdirə layiqdir. Şuranın hər il maliyyə fəaliyyətini araşdıran yerli və xarici auditorlar hec bir ciddi qanun pozuntusu aşkarlamamışdır.

Şuranın Əməkdaşları haqqında deyilənlərə də aydınlıq gətirmək üçün maraqlı məlumatlar əldə etdik. Məlum oldu ki, beynəlxalq departamentinin əməkdaşı kimi təqdim olunan Lutful Kabir Şuranın əməkdaşı yox, sadəcə bir neçə təlimçisindən biridir. Eyni zamanda onu da öyrəndik ki, Lutful Kabir 20 ildən çoxdur ki, Azərbaycanda müxtəlif vəzifələrdə çalışmış beynəlxalq dərəcəli exspertdir. Belə ki, dünyanın ən böyük humanitar təşkilatlarından olan "Save the childiren USA" 3 il ölkə üzrə direktoru, 12 il BMT-nin Azərbaycan, Mozambik və Tacikistanda vətəndaş cəmiyyəti üzrə Baş Məsləhətçisi, 1 il Turizm İnstitutunda müəllim və məsləhətçi, 4 ilə yaxın Azərbaycan Diplomatiya Akademiyasında departament rəhbəri və məsləhətçi vəzifəsində işləmişdir. Lutful Kabir Dünya Bankı, Asiya İnkişaf Bankı və ATƏT üçün vətəndaş cəmiyyəti üzrə məsləhətlər vermişdir. Həqiqətən belə bir mütəxəssis haqqında nalayiq fikir səsləndirmək ən böyük haqsızlıq olardı.

Araşdırmalarımız zamanı aşkar etdik ki, yarandığı gündən Azərbaycanın milli maraqlarının ölkə xaricində müdafiəsi işi Şuranın fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olub. 2013-cü ildə Şuranın ilk dəfə olaraq xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində dəstəklənən layihələrin əksəriyyəti də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, Xocalı Soyqırımının dünyada tanıdılmasına həsr olunub. Araşdırmamız göstərir ki, Azərbaycanın ən vacib, ağrılı problemi olan Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyinin dünyada təbliğini həyata keçirən dövlət qurumuna qarşı anonim yazıda irəli sürülən ittihamlar tamami ilə iftira və böhtandan ibarətdir. Bu cür heç bir ictimai və mənəvi normaya sığmayan, həqiqətdən uzaq məlumatlar müstəqil media orqanı kimi bizdə böyük təəssüf hissi doğurur.

Şuranın beynəlxalq şöbəsinin əməkdaşları Mustafa Qurbanlı və Aytac Əlixanlı haqqında da bəzi məlumatları toplaya bildik. Maraqlıdır ki, hər iki şəxs məhz beynəlxalq əlaqələr üzrə mütəxəssis olduqları üçün bu quruma cəlb olunublar. Onların hər ikisi beynəlxalq məsələlər üzrə ixtisaslaşmış çox savadlı və perspektivli kadrlardır. Mustafa Qurbanlı dünyanın məşhur təhsil ocaqlarından olan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstututnu (MQİMO) və Böyük Brityaniyanın nüfuzlu London Kral Kolleci Universtetinin məzunudur. Şurada ştatdankənar ekspert vəzifəsində çalışan Aytac Əlixanlı isə Azərbaycan Xarici Dillər Universitetinin məzunudur. Aytac xanım Diaspora Komitəsi, TÜRK PA və Türkiyə səfirliyi kimi nüfuzlu qurumlarda işləmiş və hazırda da Azərbaycan Aviasiya Akademiyasında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir. Nüfuzlu və tanınmış ziyalı ailəsəndən olan Aytac xanım haqqında eyham formasında olsa da etik normalara uyğun olmayan və bohtan xarakterli məlumatın sızdırılmasının da məqsədyönlü olduğu ortaya çıxdı. Yeri gəlmişkən Bolgexeber.az saytı olaraq özümüzdə güc taparaq ona qarşı edilmiş belə mənəviyyatsızlığa görə Aytac Əlixanlıdan üzr istəyirik.

Şuranın sədri, millət vəkili Azay Quliyev haqqında ötürülən yalan məlumatlara isə ətraflı vaxt ayırmağa dəyməz. Həqiqətən də Azay müəllim özünün peşəkar fəaliyyəti ilə vətəndaş cəmiyyətinin və QHT sektorunun formalaşmasında müstəsna xidmətləri var. O ölkəmizi xaricdə ləyaqətlə təmsil edən az saylı millət vəkillərimizdəndir. Azay Quliyev hər zaman dövlətə və millətə sədaqətlə xidmət edən və indiki hakimiyyətin ən bacarıqlı və sadiq kadrlarından hesab olunur. Bele bir şəxsə açıq-aşkar iftira atmaq və heç bir əsas olmadan nədəsə ittiham etmək yol verilməzdir.

Araşdırmamız ümumilikdə göstərir ki, bu tip jantaj xarakterli yazıların müəlliflərinin əsas məqsədi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının şəffaf fəaliyyətinə, vətəndaş cəmiyyətinin inkişafı üçün gördüyü böyük işlərə ləkə salmaq, qarayaxmaqla məşğul olmaq, insanları çaşdırmağa çalışmaqdır. O da xüsusilə diqqəti cəlb etdi ki, Şuranın son zamanlar elan etdiyi "Qara siyahı"ya düşən bəzi QHT-lər belə bir çirkin kampaniyanın aparılmasında maraqlı ola bilrələr. Bizim bu istiqamətdə araşdırmamız davam edəcək.

Sonda isə QHT-lərə Dövlət Dəstəyi Şurasının ictimai nüfuzunu ləkələmək məqsədilə təşkil olunan bu cür çirkin kampaniyaya bizi də alət etmək istəyənlərə demək istərdik ki, sizi kimi şantajçılarla bundan sonra biz özümüz mübarizə aparacaq və müstəqil mətbuatın imicinin korlanmasına, nüfüzlü qurum və şəxslərin heysiyyatı ilə kiminsə oynamasına imkan verməyəcəyik.

QHT-lərə Dövlət Dəstəyi Şurasınada bu anlaşılmazlığa görə çox üzüldüyümüzü bildirir və hamımıza keçmiş olsun deyirik.