BolgeXeber.Com » Analitika » Elşad Abdullayev:“Budurmu Mirşahinin alnına yazılanlar?”

Elşad Abdullayev:“Budurmu Mirşahinin alnına yazılanlar?”

16-05-2014, 12:40
Oxunub: 3 924 Elşad Abdullayev ANS-in vitse-prezidentinin yazdıqlarını cavabsız qoymadı: “Mən də gələcəm, amma necə gələcəyimi o uca görünməzin öhdəsinə buraxıram”

Fəaliyyəti dayandırılmış ABU rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev arasında bir neçə gün öncədən başlamış “atışma” şiddətlənir. Sabiq deputat Gülər Əhmədovanın azadlığa çıxmasından sonra ondan müsahibə götürdüyü üçün E.Abdullayevin tənqidlərinə məruz qalan M.Ağayev də ona cavab verib.

Sabiq ABU rektoru ANS-in vitse-prezidentini cavabsız qoymayıb. E.Abdullayev son müraciətini M.Ağayevin onun barəsində dediklərinə cavab verməyə həsr edib. Budəfəki cavab isə daha öncəkindən öz sərtliyi ilə fərqlənib.

E.Abdullayev öncə Mirşahini “hörmətli jurnalist” adlandırması ilə bağlı telejurnalistin cavab yazısındakı təəccübə toxunub. O deyib ki, “hörmətli” ifadəsini bugünkü M.Ağayevə deyil, illərcə bundan öncə rəhmətlik jurnalist Çingiz Mustafayevin davamçısı olmuş (təəssüflər olsun olmuş) bir yazara, publisistə söyləyib: “Həmin Şahinin bu gün əfsuslar olsun, cismani mənada nə özü var, nə də həmin iti qələmi. Mən deyən Şahinin o zaman qələmə aldığı hər bir sətirdə rəhmətlik Çingiz Mustafayevin ermənilərin qarşısından qaçanlara həyəcanla ucadan söylədiyi bir kəlmə.........(hesab edirəm söyləməyə ehtiyac duyulmur) öz əksini tapırdı. Nə baş verdi, ay Şahin? Daima yetimin, yesirin yanında olan, məmur özbaşınalığından car çəkən, yeri gələndə lap elə bir rektordan, məndən tənqid xarakterli buraxılışlar hazırlayan Şahin, bu gün özünün cürət edib deyə bilmədiyini elə həmin rektor bütün dünyaya yayanda, dərhal onun həbsini arzulayırsınız. Həqiqəti söyləyən tanınmış həmkarlarınızı, hüquq müdafiəçilərini KİV-də aşılamaqdan belə çəkinmirsiniz, (Mirşahin: ”Xədicə İsmayılla Leyla Yunusu tanımıram") efirdən hələ qurumamış yaralarımızı sızıldadan düşmən melodiyalarının dinlənməsini normal sayırsınız. Budurmu Şahinin alnına yazılanlar? Budurmu sizin “dəqiq, qərəzsiz və vicdanlı” fəaliyyətiniz? Bəli, mənə təsir edir. Burada anlamamalı nə var ki?"

E.Abdullayev müraciətində M.Ağayevə qardaşının oğurlandığını, qardaşı oğlunun isə şərlənərək 10 il azadlıqdan məhrum edildiyini xatırladıb və ona məsləhət verib: “Sizə məsləhətim budur ki, kəlmələrinizi ölçməmiş, biçməmiş ictimailəşdirməyin. Şükürlər olsun, bu gün Bakı şəhərində mənim hüquqlarımı müdafiə edən adlı-sanlı, nüfuzu olan vəkilim var. Əgər ”mandat alverindən" kifayət qədər məlumatınız yoxdursa, fəaliyyətləri alqışlara layiq insanlar haqqında aşağılayıcı yazılar dərc etməkdənsə, bir müraciət edin. Bəlkə bundan sonra məlumatınız olar ki, mən heç vaxt G.Əhmədovanın həbs olunması üçün şikayətdə bulunmamışam. O zamana kimi ki, “dəmir ledi” adlandırdığınız cinayətkar (artıq bu gün belə adlandırmaq olar) barəsində bəy tərifi söylədiyiniz şəxsə arxalanıb mənim xahişlərimi rədd edib, qapını göstərməmişdi".

“Mənə görə narahat olmayın, nə etdiyimi gözəl bilirəm”

E.Abdullayev M.Ağayevə həmçinin maraqlı məlumat da verib: “Mən də gələcəm. Artıq necə gələcəyimi buraxıram o uca görünməzin öhdəsinə. Buna əmin ola bilərsiniz. Bir tanınmış jurnalist kimi ”Deyəsən, bu vur-çatlasında Sizin gücünüz yalnız mənə çatır" ifadənizi də anlaya bilmirəm. Daşı atıb, sonra gizlənmək lazım deyil. Mənim gücüm özümə çatdı. Allahıma şükürlər olsun ki, mən sizdən fərqli olaraq özümdə güc tapıb həqiqəti söyləyə bildim və gücüm məni tərk edənə qədər də bunu edəcəm, heç şübhəniz olmasın".

Sabiq rektor M.Ağayevin “ürəyində Əli rəhmi olan bir azərbaycanlı tək heç kimin zindanda, həbsdə və ya ümumiyyətlə əzizlərindən, vətəndən uzaqda olmasını arzulamıram” fikirlərinə də münasibət bildirib: “Belə olan halda necə olur ki, məqam düşən kimi, elə həmin ANS-in efirindən mənim həbsimdən söz açırsınız? Bunu necə başa düşək? Belə çıxır ki, kimlərinsə Əli rəhminə aidiyyəti var, mənim yox ? Əgər sizin həmin ”kimlərləsə" bir qohumluq əlaqəniz varsa, mən sizi başa düşməyə çalışaram, baxmayın, qan çəkə bilər. Əgər belə bir əlaqə mövcud deyilsə və bunu qəsdən edirsinizsə, sizə yazıqlar olsun. Siz məhkəmənin qərarı ilə cinayətkar adına layiq görülmüşün birinə “dəmir ledi”, on ildir qardaşı oğurlanmış bir insana həbs arzulayın, sonra da deyin ki, “Mən Seyid övladıyam və mənim yolum, hər halda, böyükdür”".

M.Ağayevin “bir sıravi publisist kimi ad və ya epitet seçimində azadam və G.Əhmədovaya ”dəmir ledi" demək sırf zövq məsələsidir" fikrinə isə E.Abdullayevin cavabı belə olub: “Mənim fikrimcə, zövqün böyük mənada insanlıq üçün psixoloji təsiri var və hesab edirəm ki, ”mandat alverçilərinin" deyil, təkcə dahilərin, xalqının qarşısında xüsusi xidmətləri olanların seçimləri və istəkləri təqdirəlayiq, ya da ki, tərbiyəvi sayıla bilər. İndi ay əzizim Mirşahin, əgər siz də Gülər xanıma bu qədər ürəkdən, bir dost və yaxud dahi kimi hörmət edirsinizsə, onun ifadəsini görəndə bəyənirsinizsə, onun mandat satmasını təqdir, təbliğ edirsinizsə, onu görəndə özünüzü görürsünüzsə, buyurun, nə qədər zövq alırsınız alın. Amma bu zövqü ekranlardan hər bir azərbaycanlının evinə girib təbliğ etməyin. Zövqünüzü bizlərə sırımayın".

“Əməkdar jurnalist öz yazısında opponentinin, əgər belə demək mümkündürsə, anadan olub, böyüyüb başa çatdığı coğrafi məkanın adını istehza ilə çəkməz, doğma Azərbaycanımızı rayonlara, məmləkətlərə bölməz” deyən E.Abdullayev Mirşahinə bölgə söhbətini bu məsələlərə qatmamağı məsləhət görüb: “Xalqın ittihamı ağır olur. Bəli, mən həmin Elşad Abdullayevəm ki, sizin kimilərin yükünü üzərimə götürüb insan oğrularını, rüşvətxor-reket prokurorları, hakimləri, təmsil etdikləri təşkilatları rəzil edən əməkdaşları, görüntü yaradan biznesmenləri, bu millətin qanını içən məmurları, mandat alverçilərini sizin deyil, tamamilə düzgün buyurursunuz ki, öz kameralarımla çəkib ictimailəşdirmişəm. Və buna görə də peşman deyiləm. Sadəcə nəticədə ”əməkdar jurnalist"i siz alırsınız, vətəndən didərgin düşən mən oluram".

Sabiq rektor ANS-in vitse-prezidentinə son sözlərini isə belə sıralayıb: “Özü də mənə görə narahat olmayın. Mən nə etdiyimi gözəl bilirəm, bədəlini də ödəməyə hər an hazıram. Amma sizdən sonra, cənablar. Əgər öz xidməti otağımda, evimdə, ofisimdə məni təhdid edəni, oğurlanmış qardaşımın geri qaytarılmasına dair bazarlıq aparanları, ümumiyyətlə, cinayəti kameraya çəkib, ictimailəşdirmək cinayətdirsə, mən bunu etiraf edib, ”cəzamı" çəkməyə hazıram. İndi isə növbə sizindir, buyurun cənablar, siz mənim çəkdiyim video-görüntülərdə əks olunmuş cinayətlərinizi etiraf edin. Cığallıq etməyin. Əzizim Mirşahin, yəqin ki, bilməmiş deyilsiniz, cinayətkarın milliyyəti olmadığı kimi, zənəni və yaxud kişisi də olmaz. Cinayətkar cinayətkardır. Mənim bəzilərindən fərqim ondan ibarətdir ki, Azərbaycanda hüquqi böhrandan, baş alıb gedən haqsızlıqdan, cinayətkarlığın tüğyan etməsindən sadəcə danışmıram, sübut-faktlarla göstərirəm. Azərbaycanda yaşamaq azərbaycanlı olmaq deyil. Gərək ruhən, mənəviyyat etibarilə azərbaycanlı olasan. Belə də kimin azərbaycanlı olub-olmamasını biz sizinlə gözəl bilirik. Sadəcə, bunun üzərində dayanmağı özümə rəva bilmirəm. Və məncə, başlıca məsələ də elə budur!"