BolgeXeber.Com » Analitika » Həyatımdan oğurlanmış 2 il....

Həyatımdan oğurlanmış 2 il....

16-05-2014, 15:30
Oxunub: 3 641 Sizə öz həyatımdan, yaşadığım acınacaqlı iki ilimdən danışmaq istəyirəm

Mən ali təhsilli 19 yaşlı bir gənc qız idim, ixtisasca filoloqam. Universitetin 3-cü kursunda oxuyarkən orta məktəbin 11-ci sinifindən tanıdığım biri ilə öz seçimimlə nişanlandım. 1il nişanlılıq müddətində qarşımda olan həyatın xəyallarıma uyğun olduğunu düşünərək, min bir diləklə toyuma hazırlaşdım. Nişanlımın ailəsinin maddi durumu yaxşı olmadığından mənə toy üçün heç nə ala bilməyəcəklərini söylədilər, bundan sonra mən nişanlımla toyumuz üçün hazırlıqlar etməyə başladıq. Hər şeyi özümüz aldıq, özüm üçün xonçalar düzəltdim, həvəslə hər günümü bu şeylərin alış-verişinə həsr edirdim. Mən və nişanlım işləyirdik. Valideynlərimdə kömək edirdilər, özümə heç nə etmirdim, toy üçün hər şey mükəmməl olsun istəyirdim. Gəlinliklərim, qızıllar və digər xırda olan hər şey hazır oldu və hələ də yadımdadır 21 ədəd xonça ilə toya hazır olduq. 2010-cu ildə toyumuz oldu, biz Bakıda nişanlımın ailəsi rayonda yaşayırdı, toyumuzda rayonda olduğundan hər şeyi hazırlayıb rayona getdik. Aldıqlarımızı necə və hansı yolla əldə etdiyimizi bizdən soruşan olmadı. Toy mərasimi ürəyimizcə oldu. Elə ürəyimizcə olan şeylər bununla da yekunlaşdı. Toy bitdi, hər şey qaydasında idi. Normal gecə keçirdik, xəyallarıma və azrularıma uzaq olsa da “mentalitet” çərçivəsində hər şey yerində idi. Camaat üçün də əsas olan bu idi. Axı “xoşbəxtliyimiz” məhz ilk günümüzdən bununla bağlıdır. Lakin səhər oyananda gördüyüm abu-havadan sanki ilahi bir qüvvə məni silkələdi, hara düşmüşəm, bu necə bir durumdur deyə beynimdə suallar dolaşmağa başladı. Axşam Bakıya qayıtmaq üçün hazırlaşırdıq, saçımı darayırdım və bu anda toyumun səhəri qaynatamdan sürpriz bir söz eşitdim, qapını açıb mənə: “biz səni istəmirdik, biz belə gəlin arzulamırdıq” deyib getdi. Təəccüblü halda damarımda qanım donarcasına bir vəziyyətə düşdüm. Qeyd edim ki, onun “sənin kimi” işlətdiyi ifadənin anlamı mənim kültürlü, ali təhsilli, savadlı, istiqanlı, bilgili, zövqlü, işləmək istəyim və.s olmağımın təzahürüdür. Qaynanama: “bunlara yemək vermə qoy ac getsinlər” deyə qışqırması da bonus olaraq qulağımda cingildədi. Axşam qatar vaxtında 15-16saatın gəlini və təzə bəy ac-susuz yola düşdük. Bakıya kirayə qaldığımız evə gəldik. Toy üçün alınan şeylərin yarıdan çoxunu kredit və ya gözləmə yolu ilə almışdıq ki, toydan gələndə bizə pul verəcəklər gətirib ödəyəcəyik. Qatara minəndə isə yoldaşımın cibində 50 dollar pul var idi. Gələn günündən alıcılara söz verdiyimiz üçün zənglər gəlməyə başladı. Yeyəcək almağa belə pulumuz yox ikən borcları necə verək deyə düşünməyə başladıq. Çox uzun yazmayım, heç nə əldə edə bilmədik, borclar günü-gündən daha da artdı, çünki öz tələbatımız da vardı və maaşlarımız ailə üçün qənaətbəxş deyildi. Vəziyyətdən yüngülvari xəbərdar olan ailəm yeyəcəklərimizi göndərməyə başladı, onların sayəsində 2il bu şəkildə yaşadıq. Biz 2ildə ətin, toyuğun, yağın və digər ərzaqların satış qiyətini bilmədik. Gündə zənglər gəlir, təhqirlər eşidirdim, evimizı gəlirilər alacaqlılar. Faizə pul götürüb bir hissəsini ödədik. İndi isə hər ay faiz üçün əlavə pul ödəyirdik. Mən universitetin 4-cü kursunda oxuyurdum artıq, dərsə getmək üçün hər gün sadəcə yol pulu ayıra bilirdim. Ac olurdum amma bufetə düşə bilmirdim. Bunlar bir tərəfə məni narahat edən ciddi bir problemlə qarşılaşdım. Toyumuzdan 23gün keçmişdi, amma biz ər-arvad münasibətində yaşamamışdıq. Ilk öncələr bunu yaşantımızla əlaqələndirsəm də, artıq bir neçə aydan sonra bunun normal bir hal olmadığını anladım. Çünki yoldaşımda problem olduğunu düşünməyə başladım. 4ayın sonunda niyə bizim də normal ailələr kimi münasibətimizin olmadığını soruşduğumda mənə heç nə demədi. Bir müddətdən sonra mənim üçün də adiləşdi bu hal, sanki doğru olan bu imiş kimi adiləşməyə başladı. Normal bir həyatımız olmadı, yoldaşım işə getməyə yol pulu olmadığı üçün məni qonşudadan istəməyə göndərirdi. 2-3 dəfədən sonra bu da adiləşdi, yeməklərimiz mənim ailəmdən gəlir, birtəhər yola çıxmaq üçün qonşudan alınan pullar və bu anormal ailənin mənəvi və maddi yükü altında əzilən 20yaşlı həyata yeni qədəm qoyan gənc bir qız.... Artıq bu olanlara dayana bilmirdim, hər gün tək başıma dənizə gedib bir küncdə oturub ağlayır, sonra evə qayıdırdım. Faizlər borclar məni insan kimi yaşamaqdan məhrum etmişdi. Heç kimlə də bölüşə bilmirdim dərdimi. Yoldaşımın ailəsinə dedik vəziyyəti, özünüz bilərsiniz biz qarışmırıq dedilər. Artıq il yarım idi ki, biz evli idik və həyatımız bu cür davam edirdi. Ana ola bilməmək hissi məni bir tərəfdən yeyib bitirir, digər tərəfdəndə bu şəkildə yaşamaq mənə əzabdan başqa bir şey deyildi. Heç bir şeyin dəyişmədiyini anlamışdım artıq, 2ili keçmişdi evliliyimiz, hər şeydən əlimi üzdüm və yoldaşıma ayrılaq dedim. O da könüllü şəkildə razılaşdı. Ayrılan zaman mövcud olan borcu iki hissəyə böldük. Hər ikimizin payına 7mindən çox borc ödəmək düşdü. Eləcə qəbul edib, qeydiyyat şöbəsində könüllü şəkildə ərizə yazdıq, 20dəqiqəyə nigahımız pozuldu. Artıq boşanmış 22 yaşlı gənc bir xanım idim. Bütün xəyallarım, arzularım puç olmuşdu. Amma qeydiyyat şöbəsindən çıxanda hiss etdiyim yüngüllük heç vaxt yaşamadığım bir hiss idi. Sanki çiyinlərimdən ağır yüklü dağlar götürülmüşdü. Amma ailəmə hələdə olanları danışmamışam, onlar yoldaşımdakı bu problemı sonradan yaranmış kimi bilirlər. Halbuki mən sadəcə toy günü yaşanan birlikdəliyin qurbanı oldum. Hələ də o problemin nədən qaynaqlandığını bilmiş deyiləm, imkan olmadığından güclü həkimə də müraciət edə bilmədik. 2il bir evin içində iki yad insan kimi yaşamaq mənim ailə taleyimin kuliminasiya nöqtəsidir. Qismət bax bu olsa gərək...

Indi xoşbəxtəm, Allahıma min şükür rahatam, başım sakit və sevdiyim işlərlə həyatımı davam edirəm. Müəlliməyəm, yaxşı fəaliyyətlərim var, arzuladığım şeyləri yavaş-yavaş həyata keçirməyə başlayıram. 2010-2012-ci illəri həyatımdan ogurlanmış illər kimi xatirə dəftərimdə saxlayıram. əvvəllər yaşamaq istəməsəm belə, indi bu fikirlərimə gülümsəyirəm. Çünki artıq həyatımı tamlıqla dərk edirəm, həyat eşqim cox yüksəkdir. Ailəm olsun istəyirəm və ən əsası ana olmaq arzusu ilə yaşayıram. İnşaallah Allah nəsib edər mənə də övlad sevgisi, ana olmaq xoşbəxtliyi yaşadar, eləcə də bütün həsrətində olanlara....Son olaraq, yaşadıqlarınıza rəğmən içinizdəki həyat eşqini heç vaxt itirməyin, bir gün onun içinizdən bi günəş kimi parladığını görəcəksiniz. Allah hamımıza sınaqlardan üzüağ çıxmağı nəsib etsin!


Abdullazadə Aysel
10.03.2014