BolgeXeber.Com » Analitika » Kənd təsərrüfatına ayrılan 100 milyon manat hara gedir?

Kənd təsərrüfatına ayrılan 100 milyon manat hara gedir?

26-05-2014, 10:15
Oxunub: 3 439 Görünür, 7 aydır nazirliyə başçılıq edən Heydər Əsədov da vəziyyəti dəyişə bilməyib

Kənd təsərrüfatının inkişafına ayrılan dövlət vəsaitlərinin məmurların cibinə axması səbəbindən ÜDM-də aqrar sektorun çəkisi azalmaqda davam edir.

Daxili tələbatın orta hesabla 60, bəzi məhsullar üzrə isə 100 faizi idxal hesabına ödənilir; prezidentin kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması barədə son sərəncamı hələ də kağız üzərində qalıb...

2014-cü ilin ilk 4 ayında Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) strukturunda kənd təsərrüfatının xüsusi çəkisi (795,6 milyon manatlıq emal sektoru da daxil olmaqla) 4,37 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, mayın 1-dək 18 milyard 206,3 milyon manatlıq ÜDM istehsal edilib. Bunun 10 milyard 41,8 milyon manatı və ya 55,16 faizi qeyri-neft sektorunun payına düşüb.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatının aşağı səviyyəsi bu sahənin potensialını əks etdirmir. Hökumət ərzaq təhlükəsizliyini prioritet elan edib, əhalinin 38 faizi kənddə işləyir, fermerlərə yanacaq üçün subsidiya ayrılır, gübrələrin pulunun yarısı ödənilir, sığorta zamanı 50 faiz kompensasiya verilir, istehsalçılar vergidən azad edilib. Amma köklü dəyişiklik yoxdur.

Səbəb institusional islahat və sistemli yanaşmanın olmamasıdır. Aqrar sektorda kiçik fermer təsərrüfatları üstünlük təşkil edir. Bu sektorda kiçik fermer təsərrüfatlarının çəkisi 95 faizdir, bu sahədə məşğul əhalinin 97 faizi kiçik təsərrüfatlarda çalışır.

Qeyd edək ki, hökumət Ağcabədi və Beyləqanda pilot iri fermer təsərrüfatları yaradıb. Amma bu, istehsalçıların kooperasiyası deyil, məmur oliqarxlara yaxın adamlara məxsusdur. İqtisadi tədqiqatlar Mərkəzinin məlumatına görə, hər bir iri təsərrüfatın 5 min hektar torpağı var. Onların xərcləri 25-30 milyon manat arasında dəyişir. Bu gün torpağı girov qəbul edib regionlarda yüzlərlə təsərrüfata kredit verəcək bank yoxdur.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, son 3 ildə verilən kreditlərin cəmi 4,7-5 faizi kənd təsərrüfatının payına düşür. Ona görə də iri torpaq sahələrinin sahibləri torpağı ya satır, ya da icarəyə verir. Hökumət iri torpaq sahələrinin inkişafını məhdudlaşdırıb. Torpaqlar uzunmüddətli icarəyə verilir və güzəştli kreditlərə yaşıl işıq yandırılır. Dövlət büdcəsi hesabına verilən bu vəsaitlər isə iri məmurlara və onların maliyyə strukturlarına çatır.

Ekspertin hesablamalarına görə, “tarla-istehlakçı” zəncirində kəndli 15, sürücülər 5 faiz qazanır. Qalan hissə alverçilərin, bazar administrasiyası, nəzarət orqanlarının cibinə gedir. Ölkə prezidentinin kənd təsərrüfatı bazarı infrastrukturunun yaxşılaşdırılması barədə son sərəncamı beləcə hələ ki, səmərə vermir.

Ekspertin fikrincə, bu sahədə düşünülmüş siyasəti yoxdur. “Məsələn, cins heyvandarlıq. Minlərlə məhsuldar mal-qara alınır. Düzgün yanaşma olsa, yerli şəraitə uyğun yeni nəsil heyvanlar yetişdirmək mümkün olardı. Amma çoxlu pul xərclənir, heyvanlar yaxşı təchiz edilməmiş fermer təsərrüfatlarına verilir, pulu tez çıxarmaq üçün onları dayanmadan sağırlar, nəticədə reproduktiv nəsil ölür.

Müqayisə üçün deyək ki, Avropa Birliyi (AB) ölkələrində əhalinin cəmi 5,3 faizi kənd təsərrüfatında çalışır. Ancaq nəticə çox pozitivdir. AB ölkələri daxili tələbatlarını artıqlamasıyla ödəyir, üstəlik də başqa ölkələrə aqrar məhsullar ixrac edirlər. Avropanın aparıcı dövlətlərində isə bu göstərici daha pozitivdir. Məsələn, Almaniyada məşğul əhalinin cəmi 1,7 faizi aqrar sektorda çalışır. Ancaq bu, bəs edir ki, Almaniya həm daxili tələbatını ödəsin, həm də xarici bazarlara məhsul çıxartsın. Azərbaycanda isə məşğul əhalinin 40 faizinin aqrar sektorda çalışmasına baxmayaraq yerli istehsal daxili tələbatın cəmi 60 faizini ödəyir. Bəzi məhsullar isə hətta 100 faiz idxal olunur.

Ona görə də aqrar sektorun ÜDM-də çəkisi getdikcə azalır. 1995-ci ildə bu sektorun ÜDM-dəki payı 25,3 faiz olubsa, 2009-cu ildə göstərici 6,4 faizə, hazırda isə 4,3 faizə enib.

Buna baxmayaraq hər il dövlət büdcəsindən kənd təsərrüfatı üçün 100 milyon manat ayrılır. Amma vəziyyət daha da pisləşir.

Diqqət edin, 1 yanvar 1992-ci ildə Azərbaycanda 37,3 min traktor və 4,3 min kombayn olub. 1 yanvar 2013-cü ildə bu rəqəmlər 21,1 və 1,7 min olub. Nəticədə əkin sahələrində məhsul itkisi baş verir. Bu isə aqrar sektorda total korrupsiya mühiti ilə bağlı məsələdir. Sabiq kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini olan İsmət Abasovun Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etdiyi son 10 ildə korrupsiya mühiti daha da şaxələnmişdi. İş o yerə çatmışdı ki, ölkə prezidentinin özü vəziyyətə müdaxilə edib aqrar sektorda subsidiyaların, yardımların mənimsənildiyini söyləmişdi.

Ötən ilin 12 fevral müşavirəsində prezident bu sektorda qayda-qanun yaratmaq barədə tapşırıq verdi. Ardınca isə nazir işdən çıxarıldı. Ancaq görünür, 7 aydır nazirliyə başçılıq edən Heydər Əsədov da vəziyyəti dəyişə bilməyib.