BolgeXeber.Com » Analitika » Əncir yarpağından əncir yarpağına

Əncir yarpağından əncir yarpağına

26-05-2014, 13:45
Oxunub: 4 409 “Bu nə geyimdi az,sənin abrın həyan yoxdurmu?"

Yay gəlir,ətəklər qısalır,köynəkləri maykalar əvəz edir. Şəhər yavaş-yavaş çimərliyi xatırladır desəm heç də yanılmaram. Bizim bəzi qızlar, xanımlar bir metr parçayla həm ətək, həm köynək, həm şortik hələ artıq qalsa yaylıqdan zaddan tikdirirlər. Nəyə də qənaət etməsələr, parçaya qənaət edirlər. Sonra da deyirlər;“filankəsin oğlu mənə belə sataşdı, elə fitə basdı” və s... Ay sənin qadan alım, səni belə geyimlə görəndə axı neynəsin o “yazıq, binəvalar?”. O geyim ki, sən geyinmisən küçənin ortasında səni belə görən oğlan yıxılıb,ölsə də təəccüblənmə. Necə deyərlər “meyid qotov”.
Bu cür geyinənlər yaşlı nəslin yanından keçəndə sanki yaşlıların üzündə ürəklərindən keçən söyüşü oxumaq olar. “Görüm elə səni bu cür geyim ilə evindən çıxaranı......”. Dəfələrlə şahidi olmuşam ki,əksər yaşlı nəsil sözünü ürəyində saxlamır , lap elə yerindəcə geyim sahibinin üzünə deyir: “Bu nə geyimdi az,sənin abrın həyan yoxdurmu? Kim alacaq sənin kimi orasını,burasını çöldə qoyanı? Bə sənin atan,anan hara baxır haayyyy?”
Onların özlərindən soruşandakı bəs nə üçün bu cür açıq-saçıq,dar geyimlərə üstünlük verirsiz? Adama elə cavab verillər ki,dəymişin qala-qala kalın tokülür.Qısa,konkret: “ İndi dəb belədi,siz çuşkasız belə şeyləri başa düşməzsiniz!”.
Hər şey bir yana açıq saçıq,dar geyimləri təkcə gənclər geyinsə dərd yarı,yenə bilirsən ki,yeniyetmədir. Bəs şalvarı güclə əyninə keçirən,lasin geyinən,sinəsini,bədənini çöldə qoyan nənəm yaşındakı yaşlı qadınlara nə deyəsən? Necə deyərlər “bir ayağı gordadır”ancaq geyimindən,forsundan-fasonundan qalmır. Bu geyimlərlə az qala cavanları da tozda qoyurlar.
Ölkəmiz getdikcə müasirləşir, Avropaya inteqrasiya gedir. Məhz ona görə də,bu cür geyimləri təkcə qadınlar,qızlar yox,eləcə də cavan oğlanlar da geyinir. Adamın əli üzündə qalır vallah. Əyinlərinə bir dənə qısa şortik geyinib, çıxırlar şəhərə... Yəqin onlar özlüklərində düşünürlər ki,məhz bu geyimlə bomba oğlan olurlar və asanlıqla qız tuta bilərlər. Heyif ki, özlərini kənardan görmürlər. Görsələr,anlayarlar ki, bu geyimlə nəinki qız heç qaz da tuta bilməzlər.
Vallah nə deyim elə bir zəmanədə yaşayırıq ki,kiməsə “gözün üstündə,qaşın var demək mümkün deyil”. Həm də ki,hərənin öz geyim tərzi var... Ancaq belə görünür ki,bu gedişlə artıq nə geyimdən nə də tərzdən əsər əlamət qalmayacaq. Deyəsən bu müasirləşmə bizi daş dövrünə geri qaytaracaq. Hansı ki,geyimləri iki-üç əncir yarpağı əvəz edirdi. Çətini yarpağı tapmaq olacaq ondan sonra vəssalam,şüt tamam... Daha birdə əziyyət çəkib paltara pul verməyə ehtiyac qalmayacaq...!
Düzünü desəm məncə o əncir yarpaqları bu cür geyimlərdən daha məsləhətli olar.Ən azından lazım olan yerləri daha yaxşı tutar.
Aytən Yaşar