BolgeXeber.Com » Analitika » “Nabran Holiday Village”-in Nizami İsgəndərov müəmması bitmir

“Nabran Holiday Village”-in Nizami İsgəndərov müəmması bitmir

28-05-2014, 18:35
Oxunub: 4 226 Faciəvi hadisədə sabiq deputatın günahı varmı?

Ötən il iyulun ortalarında "Nabran Holiday Village” istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadənin üzləşdiyi faciənin səbəblərinin araşdırılması başa çatdığından hazırda bununla bağlı məhkəmə prosesi davam edir. İstirahət mərkəzinin kimə məxsus olması və olayla bağlı bir neçə nəfərin həbs olunması barəsində məlumatlar hüquqi müstəvidə araşdırılır. Qeyd edək ki, faciənin baş verdiyi ilk gündən Sumqayıt oliqarxları içərisində seçilən Zaman İsgəndərovun oğlu, sabiq deputat, "CTF” şirkətinin təsisçisi Nizami İsgəndərov "Nabran Holiday Village” istirahət mərkəzinin ona məxsus olduğunu etiraf etdi. Sabiq deputat mərkəzi 4-5 il əvvəl icarəyə verdiyini bildirdi.

Hələ üstəlik əlavə etdi ki, "Nabran Holiday Village” istirahət mərkəzi son illər müqavilə əsasında müxtəlif icarədarlar tərəfindən idarə edilib. Əldə etdiyimiz məlumatlara görə, faciə baş verən vaxt istirahət mərkəzi müqavilə əsasında fiziki şəxs Firdovsi İsmayılovun icarəsindəymiş. Müqavilədə göstərilib ki, sözügedən istirahət mərkəzi ilə bağlı bütün məsuliyyət, o cümlədən obyekt texniki təchizatının saz formada olması müqavilə əsasında həmin fiziki şəxsə verilib. Hətta, bu qurğuların istifadə qaydası həmin fiziki şəxsə başa salınaraq imzalarla təsdiq olunub. Sabiq deputat bununla labüd məsuliyyətdən yaxa qurtara bildi. Bununla bağlı əldə etdiyimiz yeni məlumatlarda məsələnin fərqli təfərrüatları ortaya çıxdı. Sən demə, Nizami İsgəndərov hər bir halda baş verənlərə görə birbaşa məsuliyyət daşıyırmış. Belə ki, obyektin özbaşına tikili olması, və ya onun layihə-smeta sənədlərinə uyğun olmadan inşa edildiyi bildirilir. Lakin bəzi şəxslərin, deputatların çox böyük təsir imkanları olduğundan məsələnin bu tərəfi tam araşdırılmayıb. Halbuki Nizami İsgəndərov ilk növbədə özbaşına tikintiyə görə sorğu-suala cəlb etmək mümkündür. Yayılan məlumatlarda icarə müqaviləsinin formal xarakterli olması, sənədin Mülki Məcəllənin tələblərinə uyğun tərtib olmasına şübhələrin də olduğu bildirilir. Qəzetimizə daxil olan xəbərlərdə bildirilir ki, faciəvi hadisənin baş verdiyi qurğunu icarədar deyil, icarəyə verən - Nizami İsgəndərov orada quraşdırılmasına göstəriş verib. Yəni qurğu onun obyekt sahibi kimi razılığına əsasən orada quraşdırılıb. Qurğunun bu və ya digər tələblərə cavab verməməsinə görə obyekt sahibi bilavasitə məsuliyyət daşıyır. Sabiq deputat yalnız qanunvericiliyin tələblərinə cavab verən obyekti icarəyə verməli idi. Həmin nöqteyi-nəzərdən iş adamı özbaşına tikinti işləri aparması ilə bağlı sorğu-sual edilməliydi.

Bu arada onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələri sabiq deputat Nizami İsgəndərovun atası Zaman İsgəndərovun vaxtilə Sumqayıt Univermağını özəlləşdirməsində yol verdiyi bir sıra xoşagəlməz halları dəfələrlə işıqlandırdı.

Gundelik-baku bildirir ki, hələ bir müddət əvvəl univermağın səhmdarları onların necə aldadıldığı barədə ölkəmizin müvafiq qurumlarına, parlamentə, habelə hüquq-mühafizə orqanlarına müraciət göndərmişdilər. Amma təəssüf ki, bununla bağlı müraciətlərin faydası olmadı. Eyni halı "Nabran Holiday Village” faciəsinin nəticələrinin araşdırılması prosesində də izləmək mümkündür.