BolgeXeber.Com » Analitika » "Eurohome" tikinti materialları bazarında süni qiymət artımı

"Eurohome" tikinti materialları bazarında süni qiymət artımı

29-10-2014, 16:35
Oxunub: 5 147 Bazarın sahibi Azay Möhnətov kimin adından istifadə edir



Onun adı külli miqdarda vəsaiti vergidən yayındırmaqda və istehlakçıların hüququnu pozmaqda hallandırılır

Məlum olduğu kimi, son illər ölkəmizdə tikinti sektorunda böyük canlanma müşahidə olunmaqdadır. Müxtəlif tikinti layihələrinin həyata keçirilməsi inşaat materialları bazarına öz təsirini göstərib. Tikinti bumunu fürsət bilən bəzi iş adamları isə bu sahədə monopolist mövqe tuturlar və qiymətləri öz bildikləri formada tənzimləyirlər. Belə olan təqdirdə istehlakçıların hüquqları pozulur. Rəsmi statistikaya görə, bu ilin geridə qalan dövründə tikinti materiallarının qiymətində xeyli artım baş verib.

Ekspertlər qiymət artımını sahibkarların şəxsi maraqları ilə əlaqələndirirlər. Onların fikrincə, bu sahədəki qiymət artımları sünidir və əsas məqsəd vətəndaşların aldadılmasıdır. İstehsalçı-istehlakçı münasibətlərindəki problemlər demək olar ki, əksər müəssisə və bazarlarda özünü göstərir. Buna misal olaraq Bakının ən böyük inşaat meterialları bazarlarından biri sayılan Bakı-Sumqayıt yolunda, ekologiya postu ilə üzbəüz yerləşən "Eurohome" tikinti materialları bazarını göstərmək olar. Yadınızdadırsa, qəzetimizin əvvəlki saylarından birində sözügedən bazarda mövcud olan qanun pozuntuları, vergidən yayınma halları və istehlakçıların hüquqlarının kobud şəkildə pozulması barədə məlumat vermişdik. Buna baxmayaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri mövcud qanunsuzluqlarla bağlı bazar rəhbərliyinin barəsində hələ ki, heç bir tədbir görməyiblər. Bazarda cərəyan edən qeyri-qanuni işlərə keçməmişdən öncə bildirək ki, "Eurohome" tikinti materialları bazarı "Uğur-97" şirkətinin prezidenti, tanınmış iş adamı Möhnətov Azay Xasay oğluna məxsusdur. Qeyd edək ki, Azay Möhnətov ölkənin tikinti sektorunda böyük paya sahibdir. Onun biznes şəbəkəsinə Novxanı qəsəbəsində yerləşən "AF hotel Aqua Park", Rəşid Behbudov küçəsində fəaliyyət göstərən "Aqua Park", "AF Centre" ticarət mərkəzi və "AF Bank" daxildir. Bundan başqa, o paytaxtın müxtəlif ərazilərində hündürmərtəbəli yaşayış binaları tikdirir. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Azay Möhnətova məxsus olan "Eurohome" tikinti materialları bazarında qiymətlər həddən artıq bahadır və sahibkarlar süni şəkildə qiymətləri artırmaqla istehlakçılara qarşı özbaşınalıq edirlər: "Bazarda yüzlərlə dükan fəaliyyət göstərir. Bu obyektlərdə müxtəlif tikinti firmalarının məhsulları satılır. İnşaat materiallarının satışı ilə məşğul olan digər bazarlardan fərqli olaraq burda qiymətlər vətəndaşların ürəyincə deyil. Məsələn, başqa yerdə 10 manata satılan boya burda 15 manata satılır. Halbuki, onların arasında heç bir fərq yoxdur. Alıcılar qiymət artımının səbəbini soruşanda icarədarlar yer pullarının bahalığını əsas gətirirlər. Bazarda icarə haqları yüksəkdir. Bəzi icarədarlar ay ərzində özlərinə heç bir xeyir götürə bilmirlər, yer pulunu güclə ödəyirlər. Azay Möhnətov hər iki-üç aydan bir icarə haqlarını qaldırır. Kim qiymət artımına etiraz edirsə, sorğusuz-filansız dükanı boşaldılır və başqasına icarəyə verilir. İş adamı neçə dəfə icarədarlara deyib ki, burda hər şey mənim istəyimlə həyata keçir. Yer pulları artdıqca sahibkarlar məcburiyyət qarşısında satdıqları malların qiymətini qaldırırlar". Mənbənin bildirdiyinə görə, bazarın aylıq gəliri milyon manatlarla qiymətləndirilir: "Amma buna baxmayaraq, Azay Möhnətov əldə olunan vəsaitdən dövlət büdcəsinə istənilən səviyyədə vergi keçirmir. Deyilənə görə bazarın vergi hesabatları düzgün aparılmır. Bunun nəticəsində dövlətin büdcəsinə külli miqdarda ziyan dəyir. Biznesmen böyük məbləğdə vəsaiti vergidən yayındıraraq şəxsi maliyyə imkanlarını genişləndirir. Mövcud qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər sahibi olduğu obyektdə mütləq kassa aparatı qoymalıdır. Lakin "Eurohome" tikinti materialları bazarındakı dükanların bir çoxunda kassa aparatı yoxdur. Bu birbaşa vergi cinayəti deməkdir. Vətəndaşlara aldıqları malın qarşılığında qəbz verilmir. Yəni vətəndaş burdan hansısa tikinti materiallarını alsa, daha sonra gətirib qaytarmaq istəsə, heç cür sübut edə bilməyəcək ki, həmin malları bu bazardan alıb. Şübhəsiz ki, bu cür böyük bazarlarda qiymətlərin süni şəkildə artırılması və ölkə qanunlarının qəsdən pozulması istehlakçıların kütləvi narazılığına gətirib çıxarır. Biz hesab edirik ki, aidiyyəti dövlət qurumları, konkret olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri "Eurohome" tikinti materialları bazarının fəaliyyətini səliqə-səhmana salmalıdır. Digər tərəfdən, Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri mütləq Azay Möhnətovun rəhbəri olduğu bazarda yoxlamalara başlamalıdır. Fikrimizcə, bazarda vergi yoxlamaları aparılsa, dəhşətli faktların üstü açılacaq.

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
gundelik-baku