Arif Əsgərov Şirvanda qanunsuz əməllərə niyə göz yumur?
4-11-2014, 17:15
Oxunub: 4 619
Şirvanda qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan iş adamı hələ də cəzalandırılmayıb
Dəmir yolunun təhkim zolağında yerləşən "avtovağzal"ın fəaliyyəti dayandırılmalıdır. Şirvan şəhərində avtovağzal müəmması bitib-tükənmək bilmir. Xatırlayırsınızsa, qəzetimizin əvvəlki saylarından bir neçəsində Şirvanda mərkəzi bazarın yaxınlığında, daha dəqiq desək, dəmir yolu xəttinin beş addımlığında fəaliyyət göstərən avtovağzal haqqında geniş məlumat vermişdik. Qısaca bildirək ki, Misirxan Şirəliyev adlı iş adamı dəmir yolunun mühafizə zolağını qanunsuz olaraq zəbt edib və avtovağzal açıb.
Əslində, bura avtovağzal demək düzgün deyil. Ona görə ki, bu "avtovağzal" "Avtovağzal və avtostansiya haqqında" Əsasnamənin tələblərinə cavab vermir. Əsasnaməyə görə, hər bir avtovağzalın onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Bundan başqa avtovağzalda sərnişinlərin gözləməsi üçün nəzərdə tutulan bina və tikililər, kassa zalı, ana və uşaq otaqları, sürücülərin istirahət otaqları, inzibati otaqlar, əl yükünün saxlama kameraları, tibbi yardım və polis məntəqələri, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə monitor vasitəsilə müşahidə aparmaq üçün texnoloji avadanlıqlar olan xidməti otaqlar, iaşə, mədəni məişət, o cümlədən universal rabitə xidmətlərinin göstərilməsi üçün yerlər, habelə sanitar-gigiyenik təyinatlı otaqlar olmalıdır. Misirxan Şirəliyevin rəhbəri olduğu "avtovağzal"da isə bunlardan heç biri yoxdur. O bir neçə maşını çəpərlənmiş sahəyə yığmaqla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Biz bu barədə dəfələrlə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyini, konkret olaraq Arif Əsgərovu və Nəqliyyat Nazirliyinin nümayəndələrini xəbərdar etsək də, hələlik heç bir tədbir görülməyib. Sözügedən avtovağzalın fəaliyyəti həm qanunsuzdur, həm də Şirvan sakinlərinin həyatı üçün təhlükə mənbəyidir. Bayaq qeyd etdiyimiz kimi, "avtovağzal"la dəmir yolu xəttinin arasındakı məsafə heç beş metr deyil. Gün ərzində burdan bir neçə dəfə yük və sərnişin vaqonları keçir. Onların hansısa biri relsdən çıxsa, "avtovağzal"a yığılan sərnişin və sürücülər fəlakətlə üzləşə bilər. Nazirlər Kabinetinin "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında qərarında göstərilir ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Həmçinin dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, Nəqliyyat Nazirliyinin razılığı ilə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Lakin Misirxan Şirəliyevin məqsədi örüş, yaxud ot çalını məqsədləri yox, qanunsuz sərnişindaşımadan külli miqdarda vəsait etməkdir. Şirvandakı mənbələrdən aldığımız məlumatlara görə, iş adamı bu məqsədini çox yüksək səviyyədə həyata keçirir: "O qanunları əməlli-başlı ayaq altına atır. Şirvanda uşaqdan böyüyə hər kəs bilir ki, Misirxan Şirəliyevin avtovağzalı qeyri-qanuni fəaliyyət göstərir. Buna baxmayaraq, Nəqliyyat Nazirliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi səviyyəsində məsələyə münasibət bildirilmir. Neçə ki, bura fəaliyyətini davam etdirir, şəhər sakinlərinin həyatı təhlükə qarşısında olacaq. Şirvanın hər cür şəraitlə təmin olunan və bütün standartlara cavab verən avtovağzalı olduğu halda, belə qondarma avtovağzalın fəaliyyət göstərməsi yersizdir. Odur ki, müvafiq dövlət qurumlarının rəsmiləri tezliklə Misirxan Şirəliyevin rəhbərlik etdiyi "avtovağzal"ı bağlamalıdır". Ümidvarıq ki, nazir Ziya Məmmədov və QSC sədri Arif Əsgərov yazıya münasibətlərini bildirib Misirxan Şirəliyevin avtovağzalının bağlanması üçün göstəriş verəcəklər.gundelik-baku
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər