BolgeXeber.Com » Analitika » Biznesi olan deputatlara bəd xəbər

Biznesi olan deputatlara bəd xəbər

27-12-2014, 13:00
Oxunub: 3 964 Milli Məclisin deputatı Əsabil Qasımova xəbərdarlıq olunub

Məlum olduğu kimi, gələn il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Ali qanunverici orqandakı 125 yer uğrunda mübarizənin ilin əsas siyasi hadisəsi olacağı şübhəsizdir.
Belə məlumatlar var ki, gələn ilki seçkilərdən sonra parlamentin tərkibi əhəmiyyətli şəkildə yenilənəcək. Xüsusilə parlamentdə təmsil olunan biznesmen deputatların gələnilki seçkidən sonra Milli Məclisdən kənarda saxlanılacağına dair informasiyalar intensivləşib.
Məsələn, dünən verilən bir xəbərə görə, Milli Məclisin deputatı Əsabil Qasımova xəbərdarlıq olunub.
Bununla bağlı informasiya editor.az-a məlumatlı mənbələrdən daxil olub. Məlumata görə, cəmiyyətdə daha çox biznesmen kimi tanınan deputatın namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Deputat seçiləndən bir dəfə də olsun aktivlik göstərməyən, istər Milli Məclisin plenar və Komitə iclaslarında, istərsə də qanunvercilik təşəbbüslərinin irəli sürülməsində iştirak etməyən, o cümlədən seçiciləri ilə təmas yaratmayan biznesmen deputata seçkilərə qədər seçiciləri ilə aktiv işləmək tapşırılıb.
Məlumatda deyilir ki, deputatın qarşıdakı seçkilərdə hakim partiya tərəfindən namizəd göstərilməyəcəyi gözlənilir: “Deputat bunu bildiyindən, passiv fəaliyyət göstərib, növbəti namizəd üçün problem yaratmağa çalışır.Deputata edilən xəbərdarlıq da məhz bundan qaynaqlanır”.
Xatırladaq ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsini təmsil edir. Onun namizədliyi hakim patiya - Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
Əsabil Qasımov cəmiyyətdə “taxıl kralı” kimi tanınır.
Əsabil Qasımova məxsus “Karat Holdinq”in tərkibinə Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alqı-satqısı); Karmen MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir.
“Unikal”ın əldə etdiyi məlumata görə isə bir neçə başqa biznesmen deputatın da 2015 seçkilərində mandat qazanması şübhə altındadır. Onlar arasında Ərəstun Cavadovun da olacağı gələn bilgilər arasındadır. Xatırladaq ki, Ə. Cavadov “Mərkəzi Univermaq” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Eyni zamanda “Azəriqazbank”ın rəhbəri Çingiz Əsədullayevin, ayrı-ayrı biznes sahələrinə malik millət vəkillərindən Nəriman Əliyev, Xanlar Fətiyev, Fərhad Qəribov və Rüfət Quliyevin də gələn ilki parlament seçkilərində yenidən Milli Məclisdə təmsil olunmaq imkanları xeyli aşağı qiymətləndlirilir.
Hüquqşünaslar bildirirlər ki, qüvvədə olan konstitusiyaya görə, deputat sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olursa, onun deputatlıq fəaliyyətinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xitam verilməlidir. Hazırki reallıqda isə nə onların deputatlıq fəaliyyətinə xitam verilir, nə də büdcəyə vurduqları ziyana görə məsuliyyətə cəlb olunurlar. Halbuki həmin deputatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlət vergisindən yayınır, qanunsuz hərəkətlərə yol verirlər. Əslində isə onların deputatlıq fəaliyyətinə xitam verilməlidir və onlar Cinayət Məcəlləsində göstərilən müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Adları biznesmen kimi göstərilən deputatlar isə müxtəlif vaxtlarda mətbuata açıqlamalarında hər hansı biznes fəaliyyətlərinin olmadığını bəyan edərək barələrində səslənən informasiyaları təkzib edirlər.