BolgeXeber.Com » Analitika » BŞTTTYS-nin Mürsəl Həmidovun lal-kar həkimləri

BŞTTTYS-nin Mürsəl Həmidovun lal-kar həkimləri

29-12-2014, 13:15
Oxunub: 5 532 Təcili tibbi yardımın təşkili yox dərəcəsindədir

Səhiyyə Nazirliyinin (SN) Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) fəaliyyəti qənaətbəxş deyil. Bu barədə ayrı-ayrı KİV-lərdə silsilə tənqidlərin dərc edilməsinə baxmayaraq, stansiyanın baş həkimi Mürsəl Həmidov fəaliyyətindəki nöqsanları aradan qaldırmaq barədə qətiyyən də olsa fikirləşmir.

Çoxlarına məlum olduğu kimi, bu gün təcili tibbi yardım maşınları çox vaxt çağırılan ünvanlara vaxtında çata bilmir. Adı təcili yardım olsa da, bəzən tibb işçiləri xəstə can verəndən sonra deyilən ünvanlara gəlib çıxırlar. Bu sahədə mövcud olan problemlər Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun vəzifəsinə lazımi səviyyədə məsuliyyət göstərməməsi ilə bağlıdır. Məlumat üçün bildirək ki, 60 yaşı adlamış Mürsəl Həmidov 1982-ci ildən bu sistemdə çalışır. O, 1984-cü ilə qədər səyyar həkim vəzifəsində işləyib. 1984-cü ildən 1992-ci ilə qədər Sabunçu, Xəzər və Yasamal rayonlarında Köməkçi Təcilli Tibbi yardım Stansiyalarının müdiri işləyib. 1992-ci ildən isə BŞTTTYS-də baş həkimin müavini vəzifəsinə təyin olunub. 2007-ci ildən bu günə qədər adıçəkilən stansiyanın rəhbəridir. Məhz onun bir sıra qanundankənar işlərinin nəticəsində təcili tibbi yardımın təşkili sahəsində ciddi problemlər üzə çıxmaqdadır. Baş həkim təcili yardım maşınlarının ünvanlara vaxtında çatmamasını yolların tıxac olması ilə əsaslandırsa da, bu özünümüdafiədən başqa bir şey deyil. Belə ki, yollar tıxac olmayanda belə təcili yardım işçiləri xəstənin yanına çox gec çatırlar. Bunun müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, dövlət tərəfindən Mürsəl Həmidovun stansiyasına verilən yanacaq maşınların yanacaq çəninə tam şəkildə vurulmur. Stansiyanın avtomobil bazasına rəhbərlik edən məsul şəxslər sürücülərlə qabaqcadan razılığa gələrək həmin benzini kənar şəxslərə satırlar. O qədər olub ki, təcili tibbi yardım maşınları çağırışa gedərkən benzin qutardığı üçün yolda qalıb. Və ya təcili yardım maşınlarına verilən təzə təkərlər avtomobil ehtiyat hissələrinin satıldığı mərkəzlərə pul qarşılığında satılır. Əvəzində isə təcili yardım maşınlarına istifadəyə yararsız olan təkərlər vurulur. Belə olan təqdirdə təkərlər tez-tez partlayır və həkimlər xəstənin ünvanına çatmaqda çətinlik çəkirlər. Onu da xüsusi qeyd etmək lazımdır ki, təcili tibbi yardım stansiyalarında çalışan həkimlərin bəzisi yetərli savada malik deyillər. Onların xəstələrə vurduqları səhv iynələr əksər hallarda bədbəxt hadisələrlə nəticələnir. Statistika göstərir ki, təcili tibbi yardım maşını məsafədən asılı olaraq xəstənin ünvanına ən tezi 3, ən geci 10 dəqiqəyə çatmalıdır. Təəssüflər olsun ki, tibb işçiləri hətta 1 saata xəstənin yanına çatırlar. Gecikmələr nəticəsində səhhəti ağır olanlar həyatlarını itirirlər. Daha bir maraqlı fakt ondan ibarətdir ki, yolla gedərkən səhhəti qəfildən pisləşən və yerə yıxılan insanlara təcili yardım işçiləri köməklik göstərmirlər. Əgər kimsə küçədə huşunu itirib yıxılıbsa, onun özünü stansiyaya aparmaq gərəkdir. Bu sahədə hökm sürən xoşagəlməz ab-hava hər birimizi narahat edir. Mürsəl Həmidovun lal-kar həkimləri vətəndaşların hissləri ilə oynayır və onların həyatını təhlükə qarşısında qoyurlar. Məhz sadalanan hallara görə əhali arasında təcili tibbi yardım stansiyalarına və orda çalışan həkimlərə qarşı inamsızlıq mövcuddur. Fikrimizcə, nazir Oqtay Şirəliyev BŞTTTYS-nin baş həkimi Mürsəl Həmidovun barəsində tezliklə lazımi tədbirlər görməlidir.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
gundelik-baku