BolgeXeber.Com » Analitika » “Ziya Məmmədov nazir kreslosunu 6 aya təhvil verəcək”

“Ziya Məmmədov nazir kreslosunu 6 aya təhvil verəcək”

31-12-2014, 09:50
Oxunub: 3 826 Nəqliyyat nazirini əvəzləyəcək kadrın adı açıqlandı; metropoliten rəisi Zaur Hüseynovun nəqliyyat naziri postuna gətiriləcəyi iddia olunur

Nəqliyyat naziri Ziya Məmmədovun yola salınması haqda daha bir xəbər yayılıb. Bildirilir ki, ən qüdrətli nazirlərindən biri olan Ziya Məmmədovun postuna Bakı Metropoliteninin rəisi Zaur Hüseynovun namizədliyi müzakirə edilir. Azpolitika.info yazır ki, Tağı Əhmədovun metropoliten rəisi postundan kənarlaşdırılması barədə məlumat yayılanda çoxları buna inanmamışdı. Heç hörmətli Tağı müəllim özü də bu məlumatı ciddiyə almamışdı...

Sayt yazır: “Amma olan oldu və bu məlumat nə qədər gözlənilməz idisə, uzun müddət mühasib işləmiş, ”Bakıelektrikşəbəkə"nin sədr müavini postunda çalışan, siyasi və inzibati dairələrdə demək olar ki, tanınmayan Zaur Hüseynovun Bakı Metropoliteninin rəisi vəzifəsinə gətirilməsi də bir o qədər gözlənilməz və müəmmalı oldu. Ancaq bura Azərbaycandır və xüsusilə də vəzifə təyinatlarını əvvəlcədən proqnozlaşdırmaq çətin məsələdir. Burada ixtisaslı kadr olmaqdan daha çox imtiyazlı kadr olmaq vacibdir".
Sayt Z.Hüseynovun hazırkı vəzifəsinin onun hakimiyyət nərdivanında irəli çəkilməsi üçün tramplin rolu oynadığını da açıqlayır: “Hakimiyyət dairələrində Zaur Hüseynovun nəqliyyat naziri postuna gətiriləcəyi barədə söhbət yayılmağa başlayıb. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz - belə məlumatların bəzi hallarda təsdiqini tapması təcrübəsinə də rast gəlinir.

Elə reallıq və müşahidələr də bu məlumatın ciddi əsasları ola biləcəyini deməyə əsas verir. Hələ ki nəqliyyat naziri vəzifəsini daşıyan Ziya Məmmədovun hakimiyyətdaxili oyunlarda adının tez-tez hallanması, bu və ya digər klanın üzvü olması barədə məlumatlar tez-tez mətbuatın gündəminə çıxır. Bu şəxs başqa irili-xırdalı məsələləri demirik, yalnız ”nəqliyyat qoçuları" kimi tanınan, sözün əsl mənasında qanunsuz və başıpozuq bir dəstəni xalqın canına salmaqla, Nəqliyyat Nazirliyinin olan-qalan hörmət və nüfuzuna elə bir zərbə vurub ki, tək bunu aradan qaldırmağa illər lazımdır. Oğlu Anar Məmmədov, deputat qardaşı Elton Məmmədov və onun “avtoş” oğlu da ki, necə deyərlər, bir başqa aləmdirlər.
Mətbuatda jurnalist döydürməkdən tutmuş, müxtəlif bahalı əyləncələrə qədər, bir çox qalmaqallarda adı hallanan bu şəxslər Azərbaycanda məmur və məmur övladlarının özbaşınalığının simvolu kimi təqdim olunmaqdadırlar. Biz mətbuatda öz əksini tapmış bu məqamların doğru ya yalan olduğunu dartışmaq fikrində deyilik, sadəcə, belə bir fakt danılmazdır ki, yuxarıda adıçəkilən hörmətli nazir və onun yaxınları ən azı mediada hakimiyyəti gözdən salan çevrə kimi təqdim edilməkdə və qınaq obyektinə çevrilməkdədir. Azərbaycanın indiki hakimiyyəti isə adətən ağrımayan başına dəsmal bağlamağı sevmir və belələrinin nazı ilə nəyinsə xatirinə yalnız bir nöqtəyə qədər oynayır. Bu nöqtə isə deyəsən, çox yaxınlaşıb".

Yazıda qeyd olunur ki, Avropa Yay Oyunlarından sonra Z.Məmmədovu bu postda Z.Hüseynov əvəzləyəcək.