BolgeXeber.Com » Analitika » Penitensiar Xidmətdə biabırçı mənzərə...

Penitensiar Xidmətdə biabırçı mənzərə...

7-01-2015, 10:55
Oxunub: 5 792 Bir şikayət şok məqamı üzə çıxardı

Redaksiyamıza daxil olmuş bu dəfəki şikayət bir məsələ ilə bağlı diqqətimizi çəkdi. Ədliyyə naziri Fikrət Məmmədova, surəti “Təzadlar”a ünvanlı ərizənin müəllifi, Ucar rayonu, Azərbaycan küçəsi, ev-6-da yaşayan Aslanovlar ailəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsinin rəisi İlqar Sadıqov tərəfindən aldadıldığını yazır:
Hörmətli cənab nazir!
Hörmətli redaksiya!
Bildiririk ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsinin rəisi İlqar Sadıqov və onun Seymur adlı əməkdaşı bizi aldadıb 1500 manat pulumuzu alıblar. Onlar əksinə, məhkum oğlumuz Aslanov Elnurun yenidən Cəzaçəkmə Müəssisəsinə qaytarılması barədə Qaradağ rayon Məhkəməsinə təqdimat vermişdilər. Qaradağ rayon Məhkəməsi isə təqdimatın təmin olunmasına dair qərar çıxartmışdır. Hazırda isə oğlumuz Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Biz 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşına oğlumuz Elnurun evə buraxılması üçün ilk dəfə 600 manat və evdə qalıb müəssisəyə getməməsi üçün isə hər ay 120 manat pul vermişik. İmkanımız olmadı deyə “təyin edilmiş” aylığı ödəyə bilmədik, buna görə də oğlumuz Elnurun cəzasını Cəzaçəkmə Müəssisəsində çəkməsi üçün Məhkəməyə təqdimat göndərdilər. İndi də onlara verdiyimiz pulu geri qaytarmalarını istəyirik. Biz pensiyaçı qoca və xəstə adamlarıq. Bir ay pul olmayanda belə edirlər, bu haqsızlıqdır.
Cənab nazir!
Tapşırıq verin, gedib yoxlasınlar, 2 saylı MTCÇM-də heç bir nəfər də olsun məhkum saxlanılmır. Hamısı aylıq verib evində qalır. Ancaq orada 1000-ə yaxın məhkumun saxlanılması sənəddə qeyd edilir. Bir dəfə kimsə aylığı verə bilməyəndə tez təqdimat yazıb gəldiyi Cəzaçəkmə Müəssisəsinə qaytarırlar. Kiminsə buna şübhəsi varsa gedib araşdıra bilər. Zəng edib 2-saylı MTCÇM-nin Seymur adlı əməkdaşından pulumuzu qaytarmasını istəmişik. Ancaq hələ də pulumuzu qaytarmayıb. Bildiririk ki, oğlumuz Elnur 2006-cı il tarixdə Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Cəzasını 6 saylı CÇM-də çəkib. Bu ilin may ayı tarixində cəzasının çox hissəsini çəkdiyi üçün 2 saylı MTCÇM-nə keçirilmişdir.
Cənab nazir!
Hörmətli redaksiya!
Xahiş edirik, biz pensiyaçıların pulunu 2-saylı MTCÇM-nin rəisi İlqar Sadıqovdan alıb bizə qaytarmağa köməklik edəsiniz.
Hörmətlə: Aslanov Ağanur Əmir oğlu, Aslanova Rəqimə Məhəmmədəli qızı