BolgeXeber.Com » Analitika » Kərəm Həsənovun kantorunda özbaşınalıq -ŞİKAYƏT

Kərəm Həsənovun kantorunda özbaşınalıq -ŞİKAYƏT

22-01-2015, 10:15
Oxunub: 5 973 Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində Samir Pənahov "rejimi"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində deyib: “Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcəkdir”
Bəli, dövlət başçısı demək olar ki, çıxışlarının hamısında da, vətəndaşlarla görüşləri zamanı da bu fikirləri dönə-dönə səsləndirir. Amma təəssüflər olsun ki, bəzi dövlət qurumlarında çalışan "kiçik padşahlar" bu sözləri qulaqardına vururlar. Düşünmürlər ki, tutduqları sonu bilinməyən yol, cəmiyyətlə yanaşı, onların özlərini də sonu bilinməyən bir istiqamətə aparır.

Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində Samir Pənahovun rəhbərlik etdiyi "6-cı otaq" kimi tanınan bir şöbə var.

Nahar fasiləsi 13:00-14:00 qədər olduğu halda, işçilər yarım saat əvvəl faisləyə çıxırlar və vətəndaş sənəd təqdim etmək istəyəndə, kobud şəkildə davranaraq ağzını açmağa peşman edirlər. İdarə əməkdaşları açıq şəkildə özbaşınalıq nümayiş etdirərək məqsədli formada vətəndaşları incidib get-gələ salırlar.

Ölkənin nazirlərindən biri yaxın günlərdə mətbuata açıqlamasında bildirib ki, süründürməçilik hallarının özü də korrupsiya elementidir.

Torpaq sahəsinin alqı-satqısından sonra çıxarış almaq üçün müvafiq sənədləri təqdim etmək məqsədilə bu gün saat 12:30-da adıçəkilən "6-cı otaq" a yaxınlaşmalı olduq. Qapıda dayanan mühafizə xidmətinin əməkdaşı "nahar faisləsidir" deyib, bizi geri qaytarmağa cəhd göstərsə də, nahara hələ 25 dəqiqə qaldığını xatırladandan sonra içəri girməyə imkan verdi. Əməkdaşlardan biri işlərini yekunlaşdıran kimi sənədləri təqdim etmək istədim. Bildirdi ki, nahar fasiləsi olduğundan, sistem işləmir.

İlk dəfədir, eşidirdim ki, internet şəbəkəsi, cansız bir nəsnə nahar etməyə gedib. Ona başa salmağa çox çalışdım ki, dövlət qurumunda işləyən işçinin borcu vətəndaşa xidmət etməkdir və mən nahar fasiləsindən əvvəl içəri daxil olub gözləmişəm. ASAN xidmət təcrübəsini misal çəkdim. İdarənin əməkdaşı bildirdi ki, belə hallar bizdə yoxdur. Məni anlamaq istəmədiyini görüb şikayət edəcəyimi bildirdikdə: "Kimə istəyirsən denən, müdirimiz belə tapşırıb", - deyə cavab verdi. Müdirlərinin adını, soyadını soruşduqda cavab verməkdən boyun qaçırdı. Bir az mübahisə etdikdən sonra, nəhayət, digər işçilərdən biri müdirlərinin Samir Pənahov olduğunu dedi və bildirdi ki, sən ona heç nə edə bilməzsən, "day-dayı" böyük adamdır.

Saat 14:45-də adıçəkilən dövlət qurumuna zəng vurub Samir Pənahovun, həqiqətən də, şöbə müdiri olduğunu dəqiqləşdirmək istəsəm də, telefonlara cavab verən olmadı. Görünür, idarənin nahar fasiləsi 3 saatdır.

Məsələ ilə bağlı ölkə başçı İlham Əliyevə və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova rəsmi şikayət göndərməyi qərara aldıq. Yəqin ki, bundan sonra işçilərinin "ipi"ni, bilərəkdən, boş buraxan, onların arxasında dayanaraq, məqsədli şəkildə vətəndaşları narazı salıb dövlətə qarşı təxribat yaradan Samir Pənahovun fəaliyyətini aidiyyatı qurumlar araşdıracaq. arqument.az