BolgeXeber.Com » Analitika » Şadlıq evlərinin gizli biznesi: Arağı özləri bağlayırlar...

Şadlıq evlərinin gizli biznesi: Arağı özləri bağlayırlar...

9-02-2015, 13:35
Oxunub: 4 554 Artıq restoran və şadlıq evləri qiymət artımının səmərəliliyini hiss etməkdədirlər

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsullar üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, qiymətlər endirilib. Spirtli içkilərə və siqaretə tətbiq edilən aksiz vergilərinin artırılması dərhal satış mərkəzlərində qiymətlərə təsir edib. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, paytaxtın satış mərkəzlərində spirtli içki və siqaretin qiymətində artım baş verib. Bununla paralel olaraq qiymət artımı bu növ məhsulların satışına da təsirsiz ötüşməyib. Satıcılar deyir ki, qiymətlərdə baş verən artımdan sonra spirtli içkilər və siqaretin satışında azalma müşahidə olunur: “Xüsusən, spirtli içkilərin satışı iki dəfəyədək azalıb. Əvvəllər ərzaq məhsullarından sonra ən çox spirtli içkilər və siqaret satılırdı. İndi isə müştərilərin sayı ikiqat azalıb. Gələn müştərilər də əsasən ucuz spirtli içkilərə üstünlük verirlər."

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, spirtli içkilərə və siqaretə tətbiq edilən aksiz vergilərinin artırılması bu məhsullara olan tələbatı azaldacaq: "Biz ötən ilin sonunda spirtli içkilərə tətbiq edilən aksiz vergilərinin artırılmasını təklif etmişdik. Yerli istehsal olan spirtli içkilərin qiymətləri aşağı olduğu üçün onlara tətbiq edilən aksizlərin artırılması ilə qiymət artımlarına gedilməsi məqbul hesab edilə bilər. Eyni zamanda bu addım spirtli içkilər qəbul edənlərin sayının azalmasına gətirib çıxaracaq. Yerli istehsal və istehlak olunan spirtli içkilərin qiymət artımı məqsədəuyğun bir addımdır. Qiymət artımları, təkcə satış mağazalarında deyil, eyni zamanda spirtli içkilər təklif edən restoranların menyularında da müşahidə ediləcək. Qiymət artımları satış yerlərində artıq müşahidə olunur. Qısa müddətdə bu artım xidmət sferasına da transfer edəcək. Aksiz vergisinin artırılması, təbii ki, siqaretin də qiymətində artımlara səbəb olacaq. Bu da siqaret çəkənlərin sayına və siqaret satışının həcminə təsir edəcək".

Sosioloqlar hesab edir ki, spirtli içkilər və siqaretin qiymətinin artırılması bu zərərli məhsulların istifadəçilərinin sayının azalmasına gətirib çıxaracaq. Bu fikiri irəli sürənlər sözügedən məsələ ilə bağlı beynəlxalq praktikanın olduğu iddiasındadırlar. Bildirilir ki, Rusiyada spirtli içkilərin qiymətinin artırılması ondan istifadə edənlərin sayının azalmasına gətirib çıxarıb. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyada qiymət artımından sonra insanlar brend, xarici ölkədən gətirilmiş bahalı spirtli içkilərə deyil, kustar şəraitdə hazırlanan “samaqona” üstünlük veriblər. Yeri gəlmişkən qeyd edək ki, bizdə də gizli sexlərdə spirtli içki istehsal edənlərin sayı az deyil. Hətta ölkədə dünyanın ən bahalı, brend məhsullarının markası ilə spirtli içki istehsal edilir. Dükanlara ucuz qiymətə paylanmış belə məhsullar açıq şəkildə satılır. Hətta paytaxtın ən tanınmış ticarət mərkəzlərində belə saxta spirtli içkilərə rast gəlmək mümkündür. Araşdırmalar deməyə əsas verir ki, spirtli içkiləri qiymətində baş vermiş dəyişikliklər restoran biznesinə də əməlli-başlı təsir göstərib. Artıq restoran və şadlıq evləri qiymət artımının səmərəliliyini hiss etməkdədirlər. Söhbət apardığımız şadlıq evlərində bildirdilər ki, hələlik bu qiymət artımı onların biznesinə elə də təsir etməyib: “Hələ ki müştərilərə qiymətləri əvvəlki qaydada təklif edirik. Toy menyusunda spirtli içkilər olduğu zaman da qiymət artımı tətbiq edilmir. Nəzərə alırıq ki, getdikcə spirtli içkilərlə toy sifariş verənlərin sayı azalmaqdadır. Odur ki, belə bir sifariş olanda müştəri ilə razılığa gəlməyə çalışırıq”.

Restoranlarda isə qiymət artımı açıq-aydın müşahidə olunur. Xüsusən, gecə saatlarında və tədbirlər zamanı müştərilərə “qiymət oxunur”. Bir çox restoranlarda isə hətta sui-istifadə hallarına yol verilir. Belə ki, müştərilərin özünü aparmasına adekvat olaraq qiymət müəyyən edilir. Necə deyərlər, spirtli içkilərin qiymətində baş verən artım, restoran biznesinin “çiçəklənməsinə” səbəb olub. Araşdırma zamanı onu da öyrənə bildik ki, bir sıra restoran və şadlıq evlərinin özlərinin sərinləşdirici və spirtli içkilər istehsalı ilə məşğul olan sexləri var. Məhz bu sexlərdə hazırlanan spirtli içkilər müştərilərə təklif edilir. Bu isə o deməkdir ki, restoran sahibləri spirtli içkilərdən əməlli-başlı gəlir götürürlər. Çünki ucuz başa gələn məhsulu müştərilərə baha qiymətə təklif edirlər. Ekspertlər hesab edirlər ki, hökumət bu prosesi nəzarət altında saxlamalıdır ki, baş verən bahalaşma digər məhsulların qiymətinə təsir etməsin. Hökümət elə qabaqlayıcı addımlar atmalıdır ki, spirtli içkilərin və tütün məmulatlarının ölkəyə qeyri-qanuni yollarla gətirilməsinin qarşısı alınsın. Yəni qonşu ölkələrlə kəskin şəkildə qiymət fərqi olacaqsa, onda qeyri-leqal yollarla ölkəyə spirtli içki və ya tütün məmulatlarının girişi artacaq.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Rusiyada son 6 ildə tamamilə fərqli addım atılıb: “ Bizdəki qiymətə tam əks olaraq spirtli içkilərin qiyməti 20% ucuzlaşıb. Baxmayaraq ki, Rusiyada da ciddi böhrandır. Qeyd etmək istərdim ki, qonşu ölkədə qiymət ucuzlaşıb, bizdə kəskin şəkildə artırılsa, ciddi fərq yaransa, qaçaqmalçılıq, qeyri-leqal yollarla ölkəyə bu məhsulların gətirilməsi kəskin şəkildə artacaq. Bunun qarşısını almaq üçün ciddi addımlar atılmalıdır".