BolgeXeber.Com » Analitika » Xəstə qadını döyən baş həkimin davranışları barədə yeni TƏFƏRRÜATLAR... - FOTOLAR

Xəstə qadını döyən baş həkimin davranışları barədə yeni TƏFƏRRÜATLAR... - FOTOLAR

9-02-2015, 21:30
Oxunub: 4 791 Nizami rayonu ərazisində yerləşən 26 saylı Şəhər Poliklinikasında qalmaqal yaşanıb

Bu haqda redaksiyamıza məlumat verən mənbə bildirir ki, klinikada yaranan qalmaqallı hadisədə tərəflərdən biri baş həkim (artıq keçmiş-red.) Pənah Əliyev olub. Vaxtilə sözügedən poliklinikada müalicə almış bir xanım pasient ora gələrək, özünün xəstəlik tarixçəsini almaq istəyib. Ondan şəxsiyyət vəsiqəsi tələb olunduqda xanım bildirib ki, sənədi üstündə deyil. Həkimlər qadına deyiblər ki, şəxsiyyət vəsiqəsi olmadan ona sənədi verə bilməyəcəklər.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Həmin vaxt dəhlizdə olan baş həkim Pənah Əliyev söhbətə müdaxilə edib.

Mənbə bildirir ki, baş həkim qadını ağır ifadələrlə təhqir edib. Qadın P.Əliyevə cavab qaytarıb və nəticədə ortalıq qarışıb.

Məlumatda o da bildirilir ki, onsuz da kifayət qədər kobud və söyüşcül xarakteri olan Pənah Əliyev həmin qadını hamının gözü qarşısında döyməyə başlayıb. Baş həkimin zərbələrindən huşunu itirən qadın yerə yıxılıb. Həkimlər onu Pənah Əliyevin əlindən zorla alıblar və ilkin tibbi yardım göstərdikdən sonra evinə yola salıblar.

Artıq bu məsələdə zərərçəkmiş qismində çıxış edən xanımın adı da bəlli olub. O, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan, hazırda isə Bakı şəhərində yaşayan Aygün Vəliyevadır.

Sözügedən xanım mətbuata açıqlamasında doğrudan da Pənah Əliyev tərəfindən döyüldüyünü təsdiqləyib: “Mən sadə bir insanam. Biz heç kimlə işimiz olmayan adamlarıq. Uşağım da, mən də, həmin poliklinikada qeydiyyatdayıq. Mənim daimi qeydiyyatım Naxçıvana olsa da, uzun müddətdir ki, yaşadığım ərazi üzrə həmin poliklinikada qeydiyyatda dururam. Ora sənəd almaq üçün müraciət etmişdim. Sənədimi tapmadılar. Baş həkim kimi Pənah Əliyevə müraciət etdim. Həmin insan mənimlə çox kobud tonda danışdı və məni kabinetindən qovdu. Onun rəftarına etiraz etdim. Ayağa qalxaraq, məni zorla kabinetdən çıxarmağa cəhd etdi. Bu hərəkətinə müqavimət göstərəndə sifətimdən sillə ilə vurdu. Mən 102-ni yığdım və gözlədim. Ancaq heç kim hadisə yerinə gəlmədi. Onun öz adamları mənə yaxınlaşdılar, sakitləşdirməyə çalışdılar. Mən başa düşmürəm, adamın pulu olanda, oğlu böyük vəzifədə işləyəndə insanlarla belə rəftar etməlidir? Allah özü onun bəlasını verəcək”.

Bu xəbər Səhiyyə Nazirliyinə çatan kimi baş həkimlə bağlı sərt tədbir görülüb. Səhiyyə naziri Oqtay Şirəliyev vətəndaşla, xüsusilə də, qadın xəstə ilə bu cür davranan baş həkimi dərhal işdən qovub. Xəbəri redaksiyaya çatdıran qaynaq bildirir ki, hazırda P.Əliyev işsizdir.

Məsələni daha yaxından öyrənmək üçün sözügedən 26 saylı Şəhər Poliklinikasına baş çəkdik. Pənah Əliyev işdən çıxarıldığı üçün həmin dövrdə baş həkimin müavini vəzifəsini yerinə yetirən Aida Məmmədova ilə danışdıq.

Aida xanım hazırda baş həkim vəzifəsini icra edir. A.Məmmədovanın sözlərinə görə, hadisə 3-4 ay öncə baş verib: "Belə bir hadisə olub. Amma deyildiyi qədər də deyil, bir az şişiriblər. Mən həmin gün icazə almışdım. Övladımın xeyir işi var idi. Amma bildiklərim belədir ki, vaxtilə poliklinikada müalicə almış bir xanım pasient gələrək, özünün xəstəlik tarixçəsini almaq istəyib. Amma həmin qadın burada qeydiyyatda olmayıb. Həkim də ona "Sən Naxçıvanda qeydiyyatdasan. Burada qeydiyyata alınman üçün yaşayış yerindən arayış və şəxsiyyət vəsiqən olmalıdır" deyib. Amma xanım arayış almaq istəməyib. Sonradan aralarında mübahisə yaranıb. Hadisənin indi yayılmasının səbəbini bilmirəm. Çünki hadisə 3-4 ay öncə olub".

A.Məmmədova deyir ki, Pənah Əliyevin işdən çıxarılma səbəbi onun yaşı ilə bağlı olub: “Mətbuatda yazılıb ki, guya Pənah həkimi bu hadisəyə görə işdən çıxarıblar. Amma Bakı şəhər Baş Səhiyyə İdarəsindən verilən məlumat belədir ki, P.Əliyevin 72 yaşı olduğu üçün onun müqaviləsi uzadılmayıb. Məni də müvəqqəti olaraq, baş həkim təyin ediblər. Yəni onun işdən uzaqlaşması yaşı ilə bağlıdır".musavat.com