BolgeXeber.Com » Analitika » Oliqarxların havaya sovrulan milyonları - Azərbaycanda

Oliqarxların havaya sovrulan milyonları - Azərbaycanda

20-02-2015, 18:48
Oxunub: 4 107 Oliqarxların havaya sovrulan milyonları - AzərbaycandaBu yaxında müqavilə ilə "Real" (Mursiya) klubuna məxsus olan Eddi İsrafilovun milliləşdirilməsi prosesi başa çatdı

Atası anqolalı, anası azərbaycanlı olan, son zamanlar İspaniya Primerosunun son yerlərində gedən "Qranada" klubunda əsas heyətə düşə bilməyən bir futbolçunun futbol yığmamızın şərəfini qoruyacağı böyük uğur kimi qiymətləndirildi.
Əslində Eddi İsrafilov kimi futbolçunun yığmamıza cəlb edilməsi həqiqətənmi uğurdur? Tovuz, Şəmkir, Gəncə, Lənkəran kimi futbol ənənələri olan bölgələrdə və Bakıda Eddi İsrafilov səviyyəsində futbolçu yetişdirmək mümkünsüzdürmü? Biz hələ cüdo, avarçəkmə, taekvando, boks, hətta Azərbaycan üçün ənənəvi sayılan güləşi demirik. Elə bütün dünyanın diqqətlə izlədiyi qadın voleybolu. Bu idman növlərində Azərbaycanı kifayət qədər legioner təmsil edir. Onlara verilən pullarla yerli idmanı inkişaf etdirib, öz uşaqlarımızı yetişdirmək mümkün deyil? Əslində mümkündür.
Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsi üçün çox sayda idman kompleksləri və əzəmətli saraylar tikilir. Bu komplekslərin tikintisinə milyonlarla pul xərclənir. Amma bu komplekslər boş qalır. Son nəticədə xaricdən əcnəbi məşqçi gətirilir, elə həmin xaricdən də idmançı milliləşdirilərək yığmaya cəlb edilir. Gənclər və İdman Nazirliyindən isə deyirlər ki, onlar xaricdən məşqçi gətirmək işinə qarışmırlar. Bu Federasiyaların öz təşəbbüsüdür. Nazirlik idmançıların yarışlara getməsi, onların təlim-məşq toplantılarının təşkil olunması, yarışlara ezam olunmasını təşkil edir.
Vəziyyət o həddə çatıb ki, Azərbaycanın milli idman növü sayılan güləşdə də xarici məşqçilər çalışır. Yunan-Roma güləş yığmamızda türk mütəxəssis işləyir.
Milli Olimpiya Komitəsində (MOK) fikirləşirlər ki, həqiqətən də, Azərbaycanda idmanın inkişafı üçün yaxşı, yerli mütəxəssislərə ehtiyac var. MOK-un idarə rəhbəri Cəmaləddin Rəhmanov deyib ki, əsas şərtlərdə biri idmançların hazırlanmasıdır.
Onun sözlərinə görə, ölkədə komanda idman növlərində müəyyən problemlər var: "Qadın voleybolunda inkişaf olsa da, kişi voleybolunda, həndbolda və s. idman növlərində inkişaf zəifdir".
MOK rəsmisi deyib ki, bunun üçün bölgələrdə komandalar yaradılmalıdır. O, deyib ki, elə idman növləri var ki, indi də həmin sahələr bərbad gündədir".
İdarə rəisi bildirib ki, ölkədə yerli mütəxəssisləri yetişdirmək üçün tək pul kifayət deyil: "Bəzən çoxlu pul xərclənir. Lakin baxırsan ki, həmin idman sahəsi inkişaf etmir. Düzdür idman kompleksləri var. Lakin ucqar kəndlərdə də kiçik idman zalları tikmək lazımdır".
Sözsüz ki, hər şey mümkündür. Bunun üçün düzgün siyasət və planlaşdırılmış iş lazımdır. Onda Azərbaycan adından çıxış etmək üçün əcnəbi idmançılara verilən yüz minlərlə pul da göyə sovrulmaz. Bu pulun 10-da birinə bölgələrimizdə öz idmançılarımızı yetişdirmək olar. Həmin idmançılardan da gələcəkdə yaxşı məşqçi çıxacaq. Bizim də canımız yalnız pulu fikirləşən əcnəbi idmançılardan qurtaracaq. Vəssalam!
Bəzi ekspertlərə görə, yaranmış vəziyyət bir çox oliqarxların uzun illərdir xərclədikləri külli miqdarda vəsaitin havaya sovrulduğunu da göstərir. Məlumdur ki, Azərbaycanda əksər idman federasiyalarına nazirlər və komitə sədrləri himayədarlıq edirlər. Onların hər birinin il ərzində bu federasiyalara ən azı 2-3 milyon manat xərclədiyi bildirilir.
Amma bəzi iri məmurların rəhbərlik və himayədarlıq etdikləri federasiyaların uğuru ora xərclənən pullara adekvat deyil. Yəni oliqarxların milyonları müqabilində əldə edilən nailiyyətlər xeyli kiçik görünür. Eyni zamanda xarici idmançıların, məşqçilərin ümidinə qalmağımız da iri məmurların federasiyalarının öz inkişaf planlarını yenidən gözdən keçirməsini zəruri edir.
Əks halda hər il milyonlarla manatın havaya sovrulması davam edəcək. \\ unikal.org \\