BolgeXeber.Com » Analitika » AZAL-da dəyişən heç nə yoxdur

AZAL-da dəyişən heç nə yoxdur

28-07-2015, 12:52
Oxunub: 4 093 AZAL-da dəyişən heç nə yoxdurCahangir Əsgərovun müəmmalı qiymət oyununun mahiyyəti əslində nədən ibarətdir?
Şirkət rəhbəri əsassız qadağaları ilə sərnişinləri özündən çıxarır

Son günlər adı mətbuatın gündəmindən düşmək bilməyən məmurlardan biri də "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovdur. Hamıya məlum olduğu kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin baha olmasından danışdı və qurumun fəaliyyətini tənqid etdi.

Prezident Birinci Avropa Oyunlarından sonra Azərbaycana turist axınının daha da sürətləndiyini əsas gətirərək turistlərə vizaların verilməsinin sadələşdirilməsini, aviabiletlərin və hotellərin qiymətlərinin aşağı salınmasının vacib oduğunu deyib: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da, bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır". Qeyd edək ki, ölkə başçısının bu sözlərindən sonra "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti özünün aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunun tətbiqinə başladığını açıqladı. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlər prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görülüb. Bir neçə gün əvvəl "Azərbaycan Hava Yolları" QSC-nin İdarə heyətinin Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasında İdarə Heyətinin sədri Cahangir Əsgərov hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının araşdırılmasını, güzəştlərin tətbiqedilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb. İyulun 21-də "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. İclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Məruzələr nəticəsində bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsinə qərar verilib. Xüsusilə "Azərbaycan Hava Yolları" aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaradacaq:

- Bakı-Antaliya-Bakı - bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;

- Bakı-İstanbul-Bakı - bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;

- Bakı-Moskva-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;

- Bakı-Dubay-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün bir uçuş.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması xidmət göstərilməsi üçün hava limanları ilə müqavilələrin imzalanması, xarici hava limanlarında icazələrin alınması kimi prosedur məsələlərlə əlaqədardır. Sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.

Bundan əlavə, "Azərbaycan Hava Yolları"nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq. Beləliklə, bu ilin avqustundan AZAL-ın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq. Buna baxmayaraq, şirkətdə qiymət müəmması hələ də davam edir. Bəzi ekspertlərin bildirdiyinə görə, AZAL qiymətləri aşağı salacağı təqdirdə, bu, xidmət keyfiyyətinə mütləq təsir göstərəcək. Yəni əvvəllər başqa ölkələrə baha qiymətə, eyni zamanda yüksək xidmətin təşkil edildiyi şəkildə uçan sərnişinlər qiymətlərin ucuzlaşmasından sonra həmin keyfiyyətdən məhrum olacaqlar. Onu da vurğulayaq ki, AZAL-la bağlı bu günlərdə növbəti qalmaqallı məsələ ortalığa çıxıb. Belə ki, oğlunu Naxçıvana yola salan Bakı şəhər sakini Müşfiq Mədətov mətbuata bildirib ki, qeydiyyatdan keçən sərnişinlər aviaşirkət işçilərinin öz noutbuklarını aeroportda qoyub getmək kimi absurd tələbi ilə üzləşiblər. AZAL əməkdaşları bu qadağaya hər hansı məntiqi izah verə bilməyiblər. Yalnız onu deyiblər ki, bu qadağa AZAL prezidenti Cahangir Əsgərovun şəxsi əmri ilə qoyulub. Bu üzdən sərnişinlərlə AZAL əməkdaşları arasında qızğın mübahisə düşüb. Bu qərarın absurd olduğunu aeroport əməkdaşlarına anlatmaq cəhdləri də fayda verməyib. Narazı sərnişinlərə AZAL-ın mərkəzi ofisinə müraciət etmək tövsiyə olunub: "İnsident saat 19:20-yə nəzərdə tutulan Bakı-Naxçıvan reysinə minik zamanı baş verib. Aeroport əməkdaşları sərnişinlərə xəbərdarlıq etdilər ki, təyyarəyə noutbukla minmək olmaz. Mübahisə yarandı. Bunlar videomüşahidə kameralarına da düşüb. Ona görə də oğlum noutbukunu Bakıda saxlamalı oldu". Maraqlıdır ki, indiyə qədər şirkət tərəfindən sərnişinlərə belə bir qadağa tətbiq edilməyib. Görünür, Cahangir Əsgərov bu tip üsullara əl atmaqla nəyəsə nail olmaq istəyir. Bu arada, AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bir müddət əvvəl maraqlı açıqlama verib. "Əgər AZAL qiymətləri aşağı salsa, bu, ölkəyə gələn turistlərin sayında da müsbət dəyişikliyə gətirib çıxaracaq. Hazırda AZAL-ın tətbiq etdiyi qiymətlər dünyanın heç bir aviaşirkətində mövcud deyil. Axı hər bir şirkətin öz rəqabət və biznes siyasəti olmalıdır. Dünyada rəqabət aparan hər bir şirkət çalışır ki, qiymətləri digərindən aşağı salsın və daha çox müştəri qazansın. AZAL isə qiymətləri qaldırmaqla müştəriləri özündən qaçırır. Hazırda şirkətin qiymət siyasəti çox dözülməz hal alıb. Normalda bu, belə olmamalı idi. Bilirsiniz, AZAL elə bir siyasət aparmalıdır ki, o həm sosial yönlü, həm də iqtisadi səmərəli olsun, əhalidə narazılıq yaratmasın. Şirkətin peşəkar təsərrüfatçılıq siyasəti olmalıdır. Bunun sayəsində isə şirkət həm öz biznes maraqlarını, həm də əhalinin sosial maraqlarını qorumalıdır. Misal üçün deyim ki, bu gün Moskva şəhərinə AZAL-ın gediş-gəliş uçuş qiyməti maksimum 300 dollar olmalıdır. Çünki digər tanınmış aviaşirkətlərdə qiymətlər bundan yüksək deyi. AZAL dövlətdən kreditlər alır, həmin kreditləri ödəmək üçün isə məcbur olub qiymətləri qaldırır. Əgər doğrudan da belə olubsa, o zaman bu məsələnin də səbəbləri araşdırılmalıdır", deyə şirkətin keçmiş rəhbəri bildirib. Mətbuatda yazılanlardan və ekspertlərin söylədiklərindən belə qənaətə gəlirik ki, Cahangir Əsgərov bir tərəfdən qiymət siyasətində dəyişiklik etdiyini açıqlayır, digər tərəfdən isə göstərilən xidmətin keyfiyyətini aşağı salmaq istiqamətində tədbirlər görür. Yəni AZAL-da dəyişən heç nə yoxdur.gundelik-baku.com


Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.