BolgeXeber.Com » Analitika » "Biz kütləvi istefaların şahidi ola bilərik" - Millət vəkili AZAL-ı sərt tənqid etdi

"Biz kütləvi istefaların şahidi ola bilərik" - Millət vəkili AZAL-ı sərt tənqid etdi

29-07-2015, 15:36
Oxunub: 3 289 "Biz kütləvi istefaların şahidi ola bilərik" - Millət vəkili AZAL-ı sərt tənqid etdi"AZAL-ın inhisarçılığına son qoyulmalıdır"

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox maraqlı və önəmli məqamlara toxunmuşdu.

Prezident İ.Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər artıq ölkə ictimaiyyəti arasında geniş müzakirələrə yol açıb. İ.Əliyevin toxunduğu məsələlərdən biri də AZAL-ın “əl yandıran" aviabilet qiymətləri idi.

Aviabiletlərin qiymətinin baha olması uzun zamandır ki, müzakirə mövzusudur. Prezident son müşavirədə AZAL-ın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrdəkinə nisbətən baha olması məsələsinə xüsusi diqqət çəkmişdi.

AZAL ucuz qiymətə yanacaq, üstəlik, dövlətdən subsidiyalar aldığı təqdirdə, biletlərin niyə baha olması barədə sual verən Prezident İ.Əliyev qiymətlərin aşağı salınması ilə bağlı göstəriş də vermişdi: "Azərbaycanda bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Yanacaq digər ölkərlə baxanda daha ucuza satılır. Bu zaman niyə bilet qiymətləri daha bahadır? Hə, AZAL yüksək xidmət göstərir. Amma bu qiymətlərin süni şəkildə artırılmasına bəhanə deyil. Şəffaflığın təmini, qiymətlərin tənzimlənməsi üçün Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliklərinə tapşırıq verirəm ki, bu məsələni araşdırsınlar".



Prezident İ.Əliyevin bu çıxışı böyük səs-sədaya səbəb oldu. Hər kəs qiymətlərin aşağıya salınacağını gözləməyə başladı. Amma AZAL qiymətləri azaltmadı.

Daha dəqiq desək, azaltma görüntüsü yaratdı. AZAL qiymətlərdə dəyişiklik etdi, amma müəyyən şərtlərlə...
İlk olaraq, AZAL-ın yeni qiymətlərindən bəzilərini sizinlə bölüşürük:

Roma “gediş-dönüş” cəmi 359 Avro;
Milan “gediş-dönüş” cəmi 349 Avro;
Paris “gediş-dönüş” cəmi 369 Avro;
Praqa “gediş-dönüş” cəmi 349 Avro;
Bakı- London-Bakı “gediş-dönüş” cəmi 389 Avro;
London-Bakı-London “gediş-dönüş” cəmi 339 Funt sterling;
İstanbul “gediş-dönüş” cəmi 209 Avro;
Pekin “gediş-dönüş” cəmi 369 Avro;
Tel-Əviv “gediş-dönüş” cəmi 339 Avro;
Ankara “gediş-dönüş” cəmi 269 Avro;
Aktau “gediş-dönüş” cəmi 189 Avro;
Tehran “gediş-dönüş” cəmi 179 Avro;
Dubay “gediş-dönüş” cəmi 239 Avro;

Qiymətlərin Avro ilə olması belə, ekspertlərin fikrincə, düzgün bir addım deyil. Onlar bunu manata güvənməmək kimi qiymətləndirirlər.


Qiymət "oyunu"...

AZAL sərnişin aviaşirkətinin direktoru Eldar Hacıyev aşağı büdcəli uçuşların şərtlərini açıqlayıb.

Onun sözlərinə görə, bu uçuşlarda qidalanma nəzərdə tutulmayıb. Bu uçuşlar yalnız 2 saat yarım gəliş və 2 saat gediş olan istiqamətlər üçündür.

Bu xidmətdən istifadə edən sərnişinlər yalnız 5 kiloqram ağırlığında və müəyyən ölçülərdə əl yükü götürə biləcəklər. 23 kiloqrama qədər olan hər baqaj üçün isə əlavə 50 manat ödənilməlidir.

Bir sözlə, "yeni qiymətlər” əvvəlkindən daha baha başa gələcək. AZAL şirkəti elə görüntü yaradır ki, sanki başqa formada qiymətləri aşağıya sala bilmirlər.

Əslində isə vəziyyət tamamilə başqadır. İqtisadçıların hesablamalarına görə, Azərbaycanda təyyarə bileti maya dəyərindən bir neçə dəfə baha qiymətə müştəriyə təklif olunur.

İkiqat baha qiymətlər...

Məsələn, araşdırmalara görə, Bakı-Moskva marşrutu üzrə bir tərəfli gediş biletinin maya dəyəri 100-120 manatdır. AZAL həmin bileti ikiqat qiymətə - 250 manata satır. Yəni "Biz əlimizdən gələni edirik" görüntüsü yaratmaq mənasızdır.

Qonşu Gürcüstanda olan aviaşirkətlər AZAL-a nisbətdə təxminən 50 faiz daha ucuz qiymətə bilet təklif edirlər. Xidmət sahəsində də qətiyyən geri qalmırlar. Və onlara Azərbaycanda olduğu kimi, dövlət tərəfindən bu qədər güzəşt də edilmir.

Bəs, niyə AZAL öz müştərilərinə daha baha qiymətə bilet təklif edir?

Bunun səbəbi çox sadədir: Daha çox qazanmaq istəyi...

AZAL edilən tənqidlərdən sonra qiymət məsələsinə bir daha aydınlıq gətirib. Amma dəyişən, bir şey yoxdur. Məsələn, Bakı-İstanbul-Bakı marşrutu üzrə biletin qiyməti 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz) endirilib.

Amma nəzərə alsaq ki, sərnişinlər 23 kiloqrama qədər olan hər baqaj üçün əlavə 50 manat ödəyirlər. O zaman edilən endirim 8-10 manat edir. Yəni prezidentin iradlarından sonra AZAL-ın tətbiq etdiyi qiymət endirimi bu qədərdir.


"AZAL rəhbərliyi ölkə başçısının tənqidlərinən nəticə çıxartmalıdır"

AZAL-ın bu qiymət siyasəti ilə bağlı musavat.com-a açıqlama verən millət vəkili Fəzail Ağamalı bildirdi ki, şirkət ölkə başçısının tənqidlərindən nəticə çıxartmalı, radikal addımlar ataraq, qiymətləri aşağıya salmalıdır: "Prezidentin çıxışı həqiqəti özündə ehtiva edən, vətəndaşların maraqlarına söykənən fikirlər idi. Ölkə başçısının sözlərindən kimsə nəticə çıxarmırsa, deməli, o bütün dəyərləri itirib, qırmızı xətti keçib. Mən çox təəssüf edirəm ki, Prezident İlham Əliyevin çıxışından sonra AZAL rəhbərliyi qiymətləri azaltmaq əvəzinə, elə bir fikir irəli sürdü ki, haqlı olaraq, tənqidlərə məruz qaldı. Məsələn, bir tərəfdən qiymətləri aşağıya saldıqlarını iddia edirlər, digər tərəfdən də baqajlara görə rüsum tuturlar. Bu, necə olan şeydir? AZAL rəhbərliyi ölkə başçısının tənqidlərindən nəticə çıxartmalı, radikal addımlar ataraq, qiymətləri aşağıya salmalıdırlar".

"AZAL-ın inhisarçılığına son qoyulmalıdır"

Millət vəkili qiymətlərin aşağıya salınmasının asan yolunu rəqabət mühitinin yaradılmasında görür: "AZAL-ın xidmətlərindən mən də razıyam. Tam səmimi olaraq deyirəm ki, AZAL yüksək xidmət göstərir. Lakin qiymətlər fantastik həddədir. AZAL ən qısa müddətdə heç bir kateqoriyalara bölmədən qiymətləri aşağıya salmalıdır. Qiymətlərin azalmasının ikinci yolu da rəqabət mühitinin yaradılmasıdır. AZAL-ın inhisarçılığına son qoyulmalıdır. Müxtəlif aviaşirkətləri Azərbaycana cəlb etmək lazımdır. Bu yolla, rəqabət yaranacaq. Və qiymətlər avtomatik olaraq, normallaşacaq”.

"Biz kütləvi istefaların şahidi ola bilərik"

F.Ağamalı sonda onu da qeyd etdi ki, əgər yaxın zamanlarda tənqid edilən strukturlarda müsbətə doğru dəyişikliklər olmazsa, istefalar qaçılmazdır: "Əgər ölkə prezidentinin ciddi xarakter daşıyan son çıxışından sonra ayrı-ayrı strukturlar nəticə çıxarmasa, onlar ən yaxşı halda, istefaya getməlidirlər. Hətta daha kəskin addımlar ataraq, onlar hüquq qarşısında cavab verməli ola bilərlər. Prezident İlham Əliyevin də dediyi kimi, kimliyindən asılı olmayaraq, hər bir məmur xalqa xidmət etməlidir. Əgər, yaxın bir neçə ay ərzində ayrı-ayrı sahələrdə deyilən iradlar aradan qaldırılmazsa, problemlər həll edilməzsə, biz kütləvi istefaların şahidi ola bilərik".
Bolgexeber.com