BolgeXeber.Com » Analitika » Hamı deputat olmaq istəyir, bəs inəkləri kim sağacaq?

Hamı deputat olmaq istəyir, bəs inəkləri kim sağacaq?

14-08-2015, 11:13
Oxunub: 2 983 Hamı deputat olmaq istəyir, bəs inəkləri kim sağacaq?Qarşıdan gələn parlament seçkiləri ərəfəsində bir çoxları layiq oldu-olmadı, mandat qazanmaq niyyətini gizlətmir

Doğrudur, hər kəsin qanunvericiliklə müəyyən olunmuş qaydada seçib-seçilmək hüququ kontekstində məsələyə yanaşdıqda burada təəccüblü nəsə axtarmaq düzgün olmaz.

Amma məsələ ondadır ki, indi bir çoxları yalnız sentimentallığa qapılaraq, deputat postuna öz “potensialları”nın yetərli olduğu barədə ağızdolusu danışmağa başlayıb.

Bu da onu göstərir ki, Azərbaycan mentaliteti üçün xarakterik “mənəm-mənəmlik” siyasətə də sirayət edib.

Azərbaycan siyasi arenasında çoxları ayağını öz yorğanına görə uzatmaq istəmir. Deputatlığa şansı olan da, olmayan da, Milli Məclis kimi mötəbər tribunada özünə yer tutmağa çalışır.

Normaldır, amma istək olaraq! Bu istəyin reallaşmayacağını bilə-bilə seçkilərə baş vurub, seçicilərə eninə-uzununa yağlı vədlər verib, Azərbaycanın xarici və daxili siyasətindən ağızdolusu danışmaq isə kənardan çox gülünc görünür.

İnsanların özünə inanmaması da yaxşı hal deyil, ola bilər ki, həqiqətən də kimsə deputat olacağına ümid edir. Amma ümidlərlə hər şey gerçəkləşmir, yəni dərk edilməlidir ki, xəyal dünyaları mövcud gerçəkliklə uzlaşmır.

Bunu deputat olmaq istəyən hər kəsə şamil etmək də düz olmaz. Onların arasında rəqabətlilik prinsipinə görə birinci, ikinci, üçüncü, hətta dördüncü dərəcəli namizədlər ola bilər.

Seçicilər də hər dairə üzrə onlardan layiqli bildiyinə səs verib, deputat statusu qazandıracaqlar. Seçicilərin etimadının doğrulub-doğrulmayacağı isə başqa bir mövzudur.

Amma seçki prosesində heç bir ciddi ictimai-siyasi dəstəyin olmadığını bilə-bilə deputatlıq iddiasına düşmək hissi yersiz davranışdan başqa bir şey deyil. Bir az da kobud desək, ağılsızlıqdır.

Belələri seçki kampaniyasında yalnız itirirlər - həm onsuz da çox aşağı səviyyədə olan şanslarını, həm də maliyyələrini.

Diqqət edin, 2010-cu ildə parlament seçkilərində adını çəkmədiyimiz jurnalist həmkarlarımızdan biri deputat olmaq üçün çalışır.

Lakin o seçki kampaniyasında nə siyasi, nə də maddi baxımdan üzüağ çıxır. Yalnız seçki kampaniyasına xərclədiyi külli miqdarda pul hafizəsində mənfi mənada silinməz iz buraxır və o, borca düşür.

İndi də hər yerindən duran QHT rəhbəri və ya sosial şəbəkədə aktivlik nümayiş etdirən bəziləri elə bilirlər ki, bir sima olaraq cəmiyyətdə kifayət qədər tanınıblar və deputat olmaqdan ötrü əlləşirlər.

Bəzi QHT “kapitanları” Qərbə, Amerikaya qarşı bir-iki “sərt” bəyanatlar verməklə, ABŞ-ı, Rusiyanı, xarici qüvvələri özlərinin siyasi “strategiyası” ilə “məhv etməklə” elə bilirlər ki, özlərinə seçici auditoriyası qazanacaqlar. Gülməli, eyni zamanda ağlamalı deyilmi?!

Ona görə gülməlidir ki, onların verdiyi açıqlamaların heç birinin zərrəcə qədər də olsa siyasi yükü yoxdur. Ona görə ağlamalıdır ki, hər dünya siyasətinin “incəliklərindən” danışan elə zənn edir ki, bununla yüz faiz deputatlıq məqamına yüksələ bilər.
Bir sözlə, hərə öz işinin arxasınca getsə, öz işi ilə məşğul olsa, bacardığı məsələdən yapışsa, yaxşıdır.

Belədə dövlətə və elə öz leksikonlarından düşməyən ifadə ilə desək, xalqa daha çox xeyir vermək olar...

Aqşin KƏRİMOV(modern.az)