BolgeXeber.Com » Analitika » Bəzi universitetlər bağlanacaq

Bəzi universitetlər bağlanacaq

14-08-2015, 11:47
Oxunub: 1 472 Bəzi universitetlər bağlanacaqBu gün Azərbaycandakı bir sıra özəl ali təhsil müəssisələrinə marağın get-gedə azaldığını, münasibətin isə mənfiyə doğru dəyişdiyini hiss etmək olar

Bir neçə özəl universiteti çıxmaq şərti ilə digərlərində təhsil almaq o qədər də ciddi uğur sayılmır və tələbənin gələcək karyerasına dəyəcək zərbə kimi qiymətləndirilir.

Son illərdə ard-arda bir neçə özəl təhsil müəssisəsinin bağlanması da bunu sübut edir. Dünyada, xüsusən də Avropada özəl universitetlərin əksər göstəricilərdə dövlət ali təhsil ocaqlarını qabaqlaması hal alıb. Bizdə isə əksinədir. Belə bir zamanda Azərbaycanda özəl ali təhsil müəssisələri özlərini nəyə görə doğrulda bilmədi?

Bolgexeber.com xəbər verir ki, modern.az-ın qaldırdığı mövzunun müzakirəsində iştirak edən təhsil eksperti, ali məktəb müəllimi və xarici özəl universitetdə təhsil alan tələbə Azərbaycanın özəl təhsil sektoru barəsində bədbin danışıblar.

Təhsil eksperti Etibar Əliyevin fikrincə,tədrisin keyfiyyətsizliyi üzündən bir neçə özəl ali məktəb bağlanıb: “Əgər belə getsə, digər bir neçə özəl universitet də onların taleyi ilə üzləşə bilər. Dünyanın bir çox ölkəsində özəl ali məktəblər təhsilin keyfiyyətinə görə dövlət məktəblərini qabaqlayır. Azərbaycanda özəl məktəblər 1993-cü ildən etibarən fəaliyyət göstərməyə başlayıb. İlk illərdə öz fəaliyyətlərini uğurla davam etdirirdilər. Lakin sonradan bir neçə özəl ali məktəb keyfiyyətsiz, yararsız təhsil verdiyi üçün bağlanmalı oldu.

Bunların sonuncusu da Azərbaycan İctimai-Siyasi Universitetidir. Ola bilsin ki, builki qəbul prosesindən sonra başqa özəl universitetlər haqqında düşünülsün. Ola bilsin ki, gələcək illərdə onları da Azərbaycan İctimai-Siyasi Universitetinin taleyi gözləsin. Təbii, bəzi özəl ali məktəbin çox yaxşı maddi-texniki bazası, professor-müəllim heyəti var. Belə universitetlərin kadr potensialı da çox yaxşı olur. Bunu inkişaf etdirmək üçün güclü rəqabət mühiti yaratmaq lazımdır. Rəqabət mühiti formalaşdırmadan yaxşı mütəxəssis hazırlamaq mümkün deyil. Rəqabət zəiflədikdə təhsilə çox güclü zərbə vurulur. Məsələn, özəl universitetlərin bir çoxu təzə yaranan illərdə tibb və hüquq fakültələri var idi. Biz deyə bilmərik ki, oranı bitirən tələbələr, dövlət universitetlərində həmin fakültələri bitirən tələbələrdən zəif idi. Amma özəllərdə bu fakültələri bağladılar. Nəticədə də rəqabət mühiti zəiflədi. Bu da təbii ki, özəl universitetlərin təhsil keyfiyyətinə zərbə vurdu. Amma qeyd etdiyim kimi, maddi-texniki bazası və professor-müəllim heyəti ilə fərqlənən və get-gedə modern tədris üsullarını inkişaf etdirən özəl ali məktəblər də var: bunlar Qafqaz, Xəzər, Qərb və Odlar Yurdu universitetləridir”.

Ekspertin fikrincə, özəl təhsilin get-gedə zəifləməsi və özünü doğrultmaması həm də cəmiyyətin problemidir: “Orada təhsil haqqı cəmiyyətin yaşam tərzinə uyğun gəlsə, insanları daha çox cəlb edə bilər. Amma hazırda çox təəssüf ki, elə deyil.

Başqa bir problem isə dövlət müəssisələrində özəl universitetləri bitirən məzunlara o qədər də yaxşı yanaşılmamasıdır. Bu tam tərsinə olmalıdır. Məhz bu səbəbdən gənclərdə özəl universitetlərə meyl azalır”.

Bakı Dövlət Universitetinin müəllimi və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mehman Kərimov özəl ali məktəblərin nüfuzunun get-gedə zəifləməsini bu cür əsaslandırıb:

“Normal fəaliyyət göstərən özəl məktəblər var: məsələn, Azərbaycan, Qafqaz, Xəzər və nisbətən Qərb universitetlərini buna misal göstərmək olar. Amma digərləri çox aşağı səviyyəlidir. Çünki ora qəbul edilənlərin bilik səviyyəsi aşağıdır. Ümumən, bu ali məktəblərin müasir bilik və bacarıqlara sahib olan mütəxəssis hazırlamaq imkanı çox məhduddur.

Xarici təcrübəyə görə orada ən nüfuzlu məktəblər özəl ali məktəblərdi. Bizdə isə bunu demək çətindir. Hansı potensialla bu ali məktəblər fəaliyyət göstərir?! Əminəm ki, bu da kifayət qədər problemlidir. Problem ondadır ki, bizdə bu tip ali məktəblərin fəaliyyəti araşdırılmayıb”.

Hazırda Türkiyənin özəl Qazi Universitetində magistr təhsili alan tələbəAytək Məmmədli xaricdəki özəl universitetlərlə Azərbaycandakı özəl təhsil müəssisələrini bu cür müqayisə edib:

“Türkiyədə özəl universitetlərə daxil olmaq da, oxumaq da çətindir. Azərbaycanda isə tam əksinədir. Özəl universitetlərin alternativ fakültələrinə dövlət universitetindən daha asan qəbul ola bilirsən.

Buradakı özəl unverisitetlərdə dünyanın ən nüfuzlu ölkələrin müəllimləri dərs deyir. Yəni tələbə verdiyi pulun dəyərini artıqlaması ilə ala bilir. Bizdə isə ən yaxşı halda Türkiyədən olan müəllimlərlə kifayətlənirlər. Xaricdə, Türkiyədə özəl universitetdə oxumaq əlavə nüfuz sayılır. Bizdə isə ancaq dövlət universitetlərinə daxil ola bilməyənlər özəllərdə oxuyur”.
Bolgexeber.com