BolgeXeber.Com » Analitika » Testin gələcək taleyi ilə bağlı məsələ geniş müzakirələr tələb edir

Testin gələcək taleyi ilə bağlı məsələ geniş müzakirələr tələb edir

25-02-2016, 19:43
Oxunub: 3 737 Testin gələcək taleyi ilə bağlı məsələ geniş müzakirələr tələb edir"Hər halda gec və ya tez təkmilləşmə və yeniləşmə baxımından belə bir addımın atılması gözlənilən idi"

Testlə bağlı müzakirələr səngimək bilmir.Təhsil Naziri M. Cabbarovun yeni tədris sistemi ilə oxuyan məzunlarımızın 3 ildən sonra məktəbi bitirərkən onların biliyinin test üsulu ilə qiymətləndirilməsinin doğru olmaması, biliklərin qiymətləndirilməsinin fərqli sistem tələb etməsi, bu məqsədlə hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş aparılması ilə bağlı açıqlamasından müəyyən müddət keçməsinə baxmayaraq müxtəlif mülahizələr, məsələyə fərqli prizmadan yanaşmalar bu gün də davam etməkdədir. Əslində problemin həlli baxımından bu kimi müzakirələr nəinki lazımdır, hətta son dərəcə vacibdir.

Onu da qeyd etmək yerinə düşər ki, bu qəbildən olan məsələlər çoxdan gündəmdə idi. Sadəcə olaraq son günlər TQDK sədri və Təhsil Nazirinin müvafiq açıqlamaları ilə bir daha aktuallaşmış oldu. Məsələni bir az da diqqət çəkən edən məqam ondan ibarətdir ki, testin ləğv ediləcəyi barədə səslənən fikirlər TQDK-nın da bir qurum kimi ləğv ediləcəyi, ən yaxşı halda Təhsil Nazirliyinin tərkibinə qatılacağı barədə də müəyyən ehtimallar yaradıb. Belə ehtimalların yaranması isə öz növbəsində imtahan qaydalarının dəyişdirilməsi, vahid təkpilləli qəbul imtahanına keçilməsi, təhsilin digər məzmun və struktur dəyişiklikləri ilə əlaqədar tes-tez yayılan məlumatlardır.

Ədalət naminə deməliyik ki, t estin müsbət və mənfi cəhətləri Nazirin son açıqlamasında kifayət qədər öz əksini tapıb:” Bu imtahanın əsas üstünlüyü insan faktorundan asılılığın minimal olmasıdır. Qiymətləndirmə prosesi faktiki olaraq insan faktorundan asılı olmayaraq həyata keçirilir və bu, böyük üstünlükdür. Hazırda test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik deyi. Şagirdlərin nitq, ritorika, yazı vərdişlərini qiymətləndirmək üçün də bu sistem kifayət etmir”.

Təbii ki, test sisteminin ideal olmamasını və müəyyən təkmilləşdirmələr aparılması ilə razılaşan ekspertlərimiz də var. Bəzi ekspertlər isə hesab edir ki, bu günkı reallığımız üçün ən uğurlu variant testdir. Başqa bir mülahizəyə görə İrəliyə getmək vacibdir, lakin indiki şəraitdə test sisteminin ləğvi ilə rüşvətlə oxuyanların sayı artacaq. Yəni, müəyyən məqamlarda fikirlər haçalanır və bu da təbii qəbul edilməlidir.

Hər halda gec və ya tez təkmilləşmə və yeniləşmə baxımından belə bir addımın atılması gözlənilən idi. Son illər yaranan mövcud situasiya, qəbul edilən qərarlar, bütövlükdə hadisələrin inkişafı belə bir nətıcəyə gəlməyə əsas verirdi. Bir də ki, təhsil bir sistem olaraq durmadan inkişaf edir, təkmilləşir, beynəlxalq aləmə inteqrasiya edir. Bu baxımdan testin də forma və məzmunca yeniləşməsi, təkmilləşdirilməsı və tətbiqi əhatəsinin konkretləşdirilməsi qaçılmazdır. Birdə ki, istət istəməz razılaşmalıyıq ki, Gəldiyim qənaət ondan ibarətdir ki,testin tamamilə ləğvindən söhbət gedə bilməz və Nazirin açıqlamasında da hökm xarakterli belə bir konkret müddəa yoxdur.
Bunununla belə bir mühüm məqamla da hesablaşmalıyıq ki,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test bankının hazırlanmasında iştirak edən, eyni zamanda repetitorluqla məşğul olan müəllimlər hazırladıqları abituriyentlərə daha çox bilik yox, bir növ testin cavablandırılma texnikasını öyrətməklə məşğuldurlar və bunun nəticəsi kimi əslində o qədər də savadlı deyilı, amma yüksək bal toplayan abituriyentlər yetişdirilir . Başqa sözlə desək test üsulunda əsas məntiqi təfəkkür deyil, hafizə və yaddaşdır. Bu mənada test biliyin yoxlanılması üçün əsas qiymətləndirmə metodu sayıla bilməz və buna da bir çoxları diqqət çəkiblər. Digər tərəfdən belə bir gedişat məktəbin və müəllimin nüfuzunu zərbə altında qoyur.

Yaxın illərdə qiymətləndirmənin necə aparılacağına qalınca isə hesab edirəm ki, qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş başa çatdıqdan və ictimailəşəndən sonra bu barədə konkret olaraq nəsə demək olar. Nazirin açıqlamasna əsaslanaraq hesab etsək ki, növbəti bir neçə ildə imtahanların forma və mahiyyətində heç bir dəyişiklik gözlənilmir, deməli ajiotaj yaratmağa və panikaya düşməyə əsas yoxdur.Göründüyü kimi test üsulundan deyək ki, dövlət imtahanı formasına keçilməsi belə düşündüyümüz qədər də sadə və problemsiz bir proses olmayıb, geniş müzakirə, ciddi və hərtərəfli təhlillər tələb edir. Bunun üçün isə hələ ki, kifayət qədər vaxt var.

Bir məsələni da xatırlatmağı lazım bilirəm ki, qiymətləndirmə ilə bağlı dünyada xeyli fərqli təcrübələr var. Məsələn, keçmiş SSRİ məkanında təhsilin ən yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən sayılan Estoniyada ali məktəbə qəbul imtahanı üç mərhələdə keçirilir. İmtahanların birinci mərhələsi yazılı keçirilir. Bu zaman abituriyent bütün fənlərdən suallara yazılı şəkildə cavab verir. İkinci mərhələdə isə namizədlərdən şifahi sorğu götürülür. Bu zaman abituriyentin öz fikrini necə ifadə etməsinə qiymət verilir. Nəhayət, üçüncü mərhələdə test imtahanı keçirilir və yekunda birinci və ikinci mərhələnin nəticələri əsas götürülür. Yəni Estoniyada ali məktəblərə qəbulun sonuncu mərhələsi test üsulu ilə keçirilsə də, əslində nəticə etibarilə test həlledici sayılmır. Amma sonuncu mərhələdə də namizəd müsbət nəticə əldə edirsə, ali məktəbə qəbul olunur. Çünki, test üsulunda əsas məntiqi təfəkkür deyil, hafizə və yaddaşdır.

Çoxları tərəfindən digər sistemlərlə müqayisədə testin ən müsbət cəhətlərindən biri kimi önə çəkilən obyektiv və şəffaflığına qaldıqda isə onu əlavə edə bilərəm ki, testlərin bunker şəraitində yoxlanılması və qiymətləndirilməsi heç də hər hansı bir neqativ hala yol verilməyəcəyi barədə kimdəsə tam əminlik yaranmasına təminat verə bilməz və zaman-zaman bu məsələlərə də diqqət çəkilib. Əks halda yeni hazırlanacaq qiymətləndirmə mexanizmlərinin tətbiqində də buna nail olmaq olar.

Bunun üçün sadəcə olaraq mənəviyyatımızda müəyyən “korrektələr” aparmalı, böyük ingilis publisisti, tarixçisi, filosofu Tomas Karleylin “Mənəviyyat olmadan istənilən islahat mənasızdır” kəlamını el dili ilə desək qulağımıza sırğa edib asmalıyıq. Bütün hallarda məsələnin ciddiliyini nəzərə alıb müzakirələri davamlı polemika müstəvisinə keçirmək faydalıdır.

Nadir İsrafilov,təhsil eksperti
Bolgexeber.com