BolgeXeber.Com » Analitika » Müharibəyə belə səbəb ola biləcək oyun və ya futbol haqda düşüncələr

Müharibəyə belə səbəb ola biləcək oyun və ya futbol haqda düşüncələr

1-11-2013, 17:05
Oxunub: 5 336 Çox zaman məndən futbol haqqında niyə yazmamağımı soruşurlar. Sözün açığı əvvəllər mənim bu oyuna böyük marağım olub, üstəlik uşaq vaxtı bir müddət Sumqayıtda M.Hüseynzadə adına stadionda məşqlərə də getmişəm. Ancaq hal-hazırda o “alovdan”- maraqdan qalıbsa da, yalnız köz qalıb. Çünki indi bu qənaətdəyəm ki, 90 dəqiqədən çox bir zamanı daha səmərəli, elmə, yaxşı bir əmələ sərf etmək daha məqsədəuyğundur.

Ümumiyyətlə, vaxt israfı mal israfından da pisdir. Çünki malı yenə əldə etmək olar, vaxtı isə heç zaman geri qaytarmaq mümkün deyil. Bu sarıdan qadınların əksəriyyətinin 22 kişinin 1 topun “üstünə” düşməsində (üstəlik 3 hakimin, məşqçilərin və s. “rəhbərliyi altında”) və milyonlarla azarkeş ərlərin futbol matçının televizorda nümayişi zamanı öz xanımlarının, doğma övladlarının mövcudluğunu belə yaddan çıxartmalarında bir məna, məntiq görmədiklərinə görə onların məntiqsiz olmaları haqda populyar olan fikrin əslində mif olması bir daha sübuta yetirilir.

Bununla belə hesab edirəm, planetin yüzmilyonlarla insanı öz gözəlliyi ilə məntiq kimi cəlb etməyi bacaran bu oyunun anlaşılmaz dərəcədə “möcüzəvi” təsirini danaraq mövzunu “qəbul etməmək” də doğru deyil. Çünki futbol, hal-hazırda nəinki dünyada ən kütləvi, ən populyar idman növünə çevrilib, həm də artıq sosial faktora, hadisəyə dönüb. Faktor, öz-özünə çox şeyi deyir: FİFA –nın məlumatına görə planetin 300 milyon sakini futbolla məşğuldur, onların da 20 milyonu qadındır. Dünyada 1,5 milyondan çox komanda, o cümlədən 300.000 peşəkar klub var. Ölkələr arasında böləndə ABŞ-da 19 milyon, Meksikada 7,4, Çində 7,2, Braziliyada 7, Almaniyada 6,2, Banqladeşdə 5,2, İtaliyada 4 milyon, Rusiyada isə 3,8 milyon insan futbol oynayıb.Azərbaycan futbolu haqqında düşüncələrə qərq olanda ağlıma gələn ilk şey rus yazıçısı Çernışevskinin əslində başqa mənbələrdən bəhs edən əsərinin adı odur ki, o da belə adlanır: “Nə etməli?!”
Bu danılmaz faktdır ki, bizdə də bütün dünyada olduğu kimi futbola maraq yüksələn xətlə artır. Milli komandamız ənənəvi olaraq hər dəfə uduzanda əcnəbi baş məşqçilərin büdcəmizə görə böyük miqdar sayılan pula komandaya gətirilməsinin nə qədər səmərəli, düzgün olub-olmaması haqda söz-söhbətlər yenidən gündəmə gəlir. Ancaq mənə elə gəlir ki, bu məsələyə bir qədər soyuqqanlı yanaşmaq lazımdır.
Çünki, hətta ən yaxşı, bahalı sayılan məşqçinin belə əlindəki material –futbolçular –“xəmir” keyfiyyətsiz “undan”, “mayadan” yoğrulubsa, nəticə təbii ki, bərəkətli olmayacaq. Necə deyərlər: nə tökərsən heyətə, o da çıxar Uelsin qabağına. Ümumiyyətlə, belə davam etdiyi təqdirdə bizim futbol xəmirimiz hələ çox su-pul, məşqçi, ümid, oyunçu aparacaq. Hər sahədə olduğu kimi futbolda da müvafiq səlahiyyət sahibləri adi texnologiyanı bilmədiklərindən, ya da bilmək istəmədiklərindən çox şeyi səhv olaraq yalnız pul gücünə, əcnəbi futbolçu almaqla, futbolçularda maddi maraq oyatmaqla həll etməyə cəhd edirlər. Uğurun texnologiyası isə elə qurulub ki, gərək həm keyfiyyətli “xammal” qazıb tapasan, həm də onun “xəmirinin” gəlməsi üçün – müəyyən müsbət nəticə əldə etmək qüdrətinə çatması üçün illər lazımdır.

Azərbaycan futbolunun indiki durumunda milli komandadan gözəçarpan uğur gözləmək, 10-15 il daş karxanasında yük maşınlarına daş-kubik yığmaqla məşğul olan, ancaq bununla yanaşı musiqiyə də həvəsi olan birindən birdən-birə skripka, alman bəstəkarı Sebastyan Baxın 5 nömrəli sonatasını virtuoz kimi ifa etməsini gözləmək kimi sadəlövhlük olardı. Maraqlıdır, görəsən niyə Braziliya, Argentina, İtaliya, Fransa, Almaniya, İspaniya, Türkiyə kimi ölkələr futbolda uğur qazandıqları halda bizim kimi ölkələr sanki reytinq cədvəlinin axırlarında daimi qeydiyatdadır. İlk növbədə qeyd etmək lazımdır ki, yuxarıda sadalanan ölkələrdə futbol az qala hər bir ailəyə daxil olub və onlar da futbolsuz həyat tərzi artıq təsəvvür edilmir. Getdikcə, Avropa insanını, oynanıla biləcək Barselona –Mançestr Yinayted matçının nəticəsi daha çox maraqlandırır, nəinki İranın nüvə proqramını inkişaf etdirməkdə davam edib-etməməsi.
Lətifələrin birindı italyan qonşusuna deyir:
- Qonşu, icazə verirsən İtaliya kubokunun finalına sizdə baxım?
- Təbii ki, olar,-deyə cavab verən qonşu soruşur ki, yəqin televizorunuz xarab olub ?
- Yox, sadəcə evimdə hal-hazırda yanğındır, - deyə cavab verir.
İdman sülh, sevgi, dostluqdu deyə məşhur bir deyimi tez-tez eşitsək də, bəzən bu heç də belə olmur.Məhz idman səbəbindən hansı savaşların baş verdiyini, nə qədər insanın canının yandığını görməkdə davam edirik.Məsələn 1969-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsində pley-off zamanı Hondurasın Salvador tərəfindən məğlub edilməsi iki ölkə arasında 6 günlük müharibəyə səbəb olmuşdu. Bu müharibəyə bəzən "100 saatlıq müharibə", "Futbol müharibəsi" də deyilir. İki ölkə arasında miqrasiya və siyasi konfliktlərin olması müharibənin əsas səbəbi olsa da, Honduras kimi güclü heyətin tarixində ilk dəfə dünya çempionatına çıxacaq Salvadora uduzması vəziyyəti daha da qızışdırdı. Xoşbəxtlikdən, digər Amerika dövlətlərinin səyi ilə müharibə tez dayandırıldı. Lakin 1970-ci ilıdə Meksikada keçirilən dünya çempionatında tərəflər üçüncü dəfə üz-üzə gəlir və Salvador Hondurası yenərək, Dünya çempionatına yollanır. Hondurasda məğlubiyyəti həzm edə bilməyənlər küçələrə çıxır və xəyal qırıqlığına uğramış xalq yenidən acığını salvadorlulardan çıxır.

Futbol matçı ilə yaranan böhran heç cür yatışmır. Və Salvador təyyarələri Hondurası bombalamağa başlayır. Müharibə sadəcə 6 gün davam edir, amma iki ölkənin sülh müqaviləsi imzalamasını 10 il gözləmək lazım gəlir. Lakin bu bu münaqişə nəticəsində müharibədə iki min insan ölür. 100 mindən artıq insan köç etmək məcburiyyətində qalır. İki ölkə 22 il boyunca Mərkəzi Amerikanın ortaq bazarından qovulur.
Hansısa qəzetdəki bir məqalədə yazrızarafat –yarıgerçək yazılmışdı ki, Türkiyədə vətəndaş müharibəsinin başlanması üçün “Fənərbaxça”nın bayrağını “Qalatasaray”ın stadionun mərkəzində 20 dəqiqədə saxlamaq kifayət edər. Braziliyada isə atanın evdə oturub dərsləri ilə ciddi məşğul olan məktəbli oğluna “bu nədir, boş-boş şeylərlə məşğulsan, düş get həyətdə futbol oyna” deməsi təbii qarşılanır. Çünki futbol orada artıq gəlir, şöhrət gətirən peşəyə, biznesə çevrilib.

Hər il Braziliya, füsunkar olan qəhvəsi ilə birlikdə 1500-1700 perspektivli hesab edilən gənc braziliyalını Avropa ölkələrinə ixrac edir ki, onlar da öz növbəsində əsasən Qədim Dünyadakı sanballı klublar ilə, sərfəli klublar ilə sərfəli kontraktlar bağlayırlar ki, bununla da ehtiyac içində boğulan-vurnuxan ataya, anaya, yaxın qohumlara kömək etmək imkanı kimi xoşbəxtlik əldə edirlər. Bu, onu göstərir ki, futbolun gözəlliyinə təkcə romantikcəsinə baxmaq da sadəlövhlükdür. Futbol industriyasında futbolçuların alqı-satqısından, futbol geyimlərindən,futbol ilə bağlı aksesuarların satılmasından, bukmeker kontorunda aparılan mərc əməliyyatlarıdan, futbol ilə əlaqəsi olan kafe, bar, restoranlardan və sairdən hər il molyonlarla pul qazanılır və dövr edir.

İtaliya skuddetasının hər hansı bir klubu futbola həm də biznes gözü ilə baxır. Biznes qaydaları isə təbii ki, gəlirli nəticəyə köklənib. Bu baxımdan futbolun inkişaf etdiyi ölkələrdə futbolçular bir növ peşəkar olmağa “məhkumdurlar”. Başqa bir, heç də az əhəmiyyətli olmayan məsələlərin biri də odur ki, qabaqcıl Avropa ölkələrində klublar bizdəki kimi təkcə ianələr, yerli koloritli sponsorlar hesabına yox, daha çox öz vəsaitləri: oyunçu satışından, reklamlardan, bilet satışından əldə olunan vəsait hesabına fəaliyyət göstərirlər. İngilitərə, Almaniya, İtaliya kimi ölkələrdə əhalinin orta aylıq gəliri 3-5 min avro olduğundan daxili çempionatlarda bilet pulu 30-40 avro civarında olsa belə, stadionlara xeyli sayda tamaşaçı (30-50 min) gəlir ki, bu da son nəticədə klubun yeni futbolçu almasına, onların məvaciblərinin verilməsinə imkan yaradır və bununla da öz-özünü maliyyələşdirərək müstəqil inkişaf edir.

Bizdə isə vəziyyət tamam başqa cürdür: hər hansı biznesmen, məmur-oliqarx haram-halal yollarla qazandığı pulu ürəyinə yatan və ya göstəriş ilə hansısa kluba cibindən xərcləyir, vəssalam. Bir müddətdən sonra isə hansı səbəbdənsə biznesində iflasa uğrayırsa və ya məmur kimi işdən çıxarılırsa, o, artıq klubun xərclərini ödəyə bilmədiyindən yerli futbol da “kino” kimi qurtarır. Yəni bizim çempionatda klubların məliyyələşməsi primitiv əsaslara söykənir ki, o da bir qədər güclü krizisdə - “küləkdə” dağılıb tökülür və bu halda kimsə onu təzədən tikməlidir...və beləcə hər dəfə hər şey təzədən başlayır.

Bizdə biletin qiyməti qat-qat ucuz, çox vaxt isə havayı olmasına baxmayaraq, orta olmasına baxmayaraq, orta statistik azəri azarkeşinin maddi durumu azarkeş fəhlə ingilisin gəlirindən çox aşağı olması səbəbindən, onun, nəinki stadiona gedib yerli kluba azarkeşlik etməyə imkanı, həmçinin buna vaxtı da olmur. Dolayısı ilə vaxtın olmaması da imkanın olmamasından irəli gəlir. Əlbəttə bizim lider klublarımız Çempionlar Liqasında, UEFA Kubokunda mərhələ adlayaraq böyük pullar qazanmaq şansına malikdir. Ancaq bu əsnada ağlıma bir rus məsəli düşür ki, onu necə istəyirsən tərcümə eləyirsən elə, qüvvəsini itirir deyə rus dilində yazıram: “Meçtat ne vredno”.

Bəzi futbolsevərlərimiz 9 milyon əhalimizdən “düz əməli-başlı” oynaya biləcək 11 futbolçunun seçilə bilməməsi, mövcud olmaması fikrini heç cur qəbul edə bilmir. Onların nəzərinə çatdırım ki, əhalimizin yalnız yarısından da az kişi cinsinə mənsubdur. Onların da bəlkə yarıdan çoxu yaşlı adamlar və körpə uşaqlardır. Yerdə qalan, potensial olaraq futbol oynaya biləcək qismin də (hamısının futbola marağı və istedadı ola bilməz axı?!) böyük hissəsi iş, qazanc dalınca Rusiyaya, Ukraynaya və s. üz tutub. Bundan başqa o məntiqə qalsa, məsələn Çində 1,3 milyarda yaxın əhali var, ancaq buna baxmayaraq dünya futbol reytinqdə aşağı yerlərdən birini tutur.

Ancaq bir həqiqət də var ki, bizdə sovet dönəmində belə idmanda, o cümlədən futbolda yaxşı oyunçuların seçilməsində, onların əsas klublarda, əsasən də “Neftçi” də təmsil olunması məsələsində həmişə ayrıseçkilik, rüşvət, tanışbazlıq, yerlibazlıq, ədalətsiz mövqe kimi neqativ hallar daha üstün mövqedə olub ki, onlar elə indi də tam qüvvədən düşməyib və belə hallar istedadlı futbolçulara süni çəpər olduğundan, ümumən futbolun inkişafına mane olur. Mənfi hallar arasında yüksək səviyyəli stadionların sayının az, onların isə vəziyyətinin ürəkaçan olması, daha dəqiq bərbad olması var. Avropanın əksər ölkələrində məktəb stadionları belə örtüklüdür. Bizdə isə hər bir məktəb stadionu ot örtüklü olmadığından bizim, daş, torpaq, asfalt üstündə oynayan, gələcəkdə futbolçu olmaq arzusu ilə yaşayan uşaqlarımız sonradan yaşıl meydanlara çətinliklə uyğunlaşır.

Başqa maraqlı məqam odur ki, futbolun inkişafına dair dövlət proqramı qəbul olunsa da, futbol haqqında demək olar ki, heç bir kitab, dərslik tərtib, nəşr olunmayıb. Halbuki Sovet dövründə futbol mütəxəssisləri tərəfindən həm uşaqlar, həm də böyüklər üçün hər il yüzlərlə dərs vəsaitləri, metodik kitablar, jurnallar çap olunaraq böyük tirajla yayımlanırdı. İndi bu sahədə də daha çox özfəaliyyəti, diletantlığı, şounu xatırladan bir-iki qəzet buraxılır.


Milli komandamızın uğur qazana bilməsinin bir “səbəbi də” futbolun kollektiv oyun olmasıdır. Çünki bizdə kollektiv idman növləri zəif inkişaf edib və bu növlərdə bizdə nəsə heç nə alınmır.
Mənə elə gəlir ki, bunun da başlıca səbəbi bizdə fərdiyyətçilik meyillərinin, mənəmlik hissinin qarşılıqlı anlaşma kimi başa düşülən kollektiv düşüncədən, “biz” hissindən üstün məqamda olmasıdır ki, bu da özünü əyani olaraq kollektiv idman növlərində göstərir.

Futbolumuzda neqativ faktların ən əsaslarından biri güclü klublarla oynayarkən özünü qabarıq biruzə verən psixoloji cəhətdən zəiflikdir. Hətta eyni fiziki göstəriciyə malik zəif yığma ilə oynayanda belə futbolçularımız topu, sanki məsuliyyətli, şəri-xatanı özlərindən uzaqlaşdırmaq məqsədilə başqasına tez ötürürlər ki, “günah” ondan keçsin. Görünür soyuqqanlı alman-Berti Foqtsun da millinin özünə olan inamsızlığını yox etmək üçün ona inam aşılamaq istəyi də fiaskaya uğrayır.

Ümumiyyətlə, məşqçimiz Fateh Terim olsa belə, bu, həlledici rol oynaya bilməz. Özünüz fikirləşin: tutaq ki, Almaniyanın “Opel” avtomobil firması bizdə analoji zavod açıb və zavodun direktoru alman, yaxşı mütəxəssis olsa da (təbii ki, öz sahəsində), bütün qalan işçilər: mühəndislər, fəhlələr, konstruktorlar bizimkilərdir. Aydın məsələdir ki, burada istehsal olunan avtomobillər ilə Almaniyada istehsal olunanlar arasında dəhşətli fərq olacaq.


Bəlkə də bizə oynayan məşqçi lazımdır. Həm elə meydandan məşqçilik eləsin, həm də özü qol vursun. Ptraktikada özü oynayan məşqçilərə az rast gəlinməyib. Əgər Droqbaya, Roberto Karlosa və bir çox başqa ulduzlara istedadlarına rəğmən qayğı, diqqət olmasa idi, onlar bəlkə də indi də Fil dişi Sahilində, Braziliyada səfalət burulğanında çarpışırdılar.


Bütün deyilənlərdən başqa kiçik bir araşdırma apardıqdan sonra mən bir faktı müəyyən etdim. Fikir versəniz, görərsiniz ki, futbol daha çox böyük şəhərləri olan ölkələrdə uğurla inkişaf edib. Əlbəttə, istisnalar da var: ABŞ, Avstraliya. Bu ölkələrdə ənənəvi futboldan Amerika futbolu, reqbi, besybol daha çox populyardır və buna görə onlar zərrə qədər narahat olmur, heç bir komplekslə yaşamırlar və keflərini pozmayaraq dünya futboluna “əsnəyə-əsnəyə” tamaşa edirlər. Buna görə də ruhdan düşməyə dəyməz: demək futbolsuz da yaşamaq olar.
Zor ilə deyil ki?! “Zato” bizdə güləş “alınır”, sambo, boks,cüdo, ağırlıqqaldırma, şahmat, bir də rüşvət yaxşı alınır. Futbol stadionunda azarkeş kimi görüşənədək. Əlbəttə futbol ümumən pis şey deyil, ancaq futbolla bağlı qumar-mərc totalizator oyunları,rəsmən qeydiyyatdan keçsələr belə,cəmiyyətə nə qədər gözəl şəkildə təqdim olunsalar belə, cəmiyyətə ancaq fəsadlar gətirir. Onların ucbatından nə qədər ailələr dağılır, intiharlar, münaqişələr baş verir, nə qədər insan evini belə satır, bankrot olur. Bir sözlə futbolun gətirdiyi sevinc acıya çevrilir

P.S. Doğma şəhərim Sumqayıtı təmsil edən futbol klublarının son illər milli çempionatda çox zəif çıxış etməsi mənim üçün çox kədərlidir ....
Ancaq bilənlər bilir, vaxtilə Sumqayıtın SSRİ çempionatında belə oynayan “Xəzər” kimi güclü,indi çümpionatda liderlik edən klublardan qat-qat səviyyəli oyun göstərən komandası,oyunçuları olub... Mənim fikrimcə dörd şey var ki, şəhərə xüsusi bir məna verir! Biri doğma, sevimli,yaxşı oyun göstərən futbol klubunun olması, ikincisi aktiv fəaliyyət göstərən teatr, üçüncü,dördüncü isə tramvay və trolleybusun olması...
Vaxtı ilə bunların hamısından bizdə var idi ...
İmran Kərimli