BolgeXeber.Com » Analitika » Etibar Pirverdiyevlə Fərhad Əliyevin biznes davası

Etibar Pirverdiyevlə Fərhad Əliyevin biznes davası

2-11-2013, 08:55
Oxunub: 5 279 “Azərenerji” prezidenti 8 il məhbəs həyatı yaşayan şərikinin obyektlərini tamamilə ələ keçirib; hakimiyyətlə münasibətlərini düzəldərək azadlığına qovuşan İqtisadi İnkişaf Nazirliyinin keçmiş şefi xəyanəti bağışlamayacağını deyir və payının qaytarılmasını tələb edir


Prezident İlham Əliyevin bu il oktyabrın 14-də imzaladığı əfv fərmanı ilə 8 illik məhbus həyatından sonra azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı yeni xəbərlər var. Azadlığa hakimiyyətlə münasibətlərini xeyli dərəcədə düzəldərək çıxan sabiq nazir indi əvvəlki biznesinin böyük bir hissəsini geri qaytarmağa çalışır. Fərhad və Rafiq Əliyev qardaşları 2005-ci ilin oktyabrında həbs olunduqdan sonra onların bizneslərinin böyük hissəsi əllərindən alındı, bir hissəsi isə həbsdən əvvəl ortaq olduqları bəzi məmurların nəzarətinə keçdi.

Əliyev qardaşları həbsdən çıxdıqdan sonra məlum oldu ki, 2005-ci ildə sərt şəkildə cəzalandırılaraq barələrində uzunmüddətli həbs qərarı çıxarılsa da, onlar bizneslərinin bir hissəsini qoruyub saxlaya biliblər. Məsələn, bəlli oldu ki, (11.22 faiz payla) “Bank of Baku”nun səhmdarlarından olan R.Əliyevin (28. 89 faiz payla) bu bankın digər səhmdarı olan “Azpetrol” şirkətindəki haqqı bərpa edilib.


Qeyd edək ki, həbsinə qədər R.Əliyev “Azpetrol”un prezidenti idi. Həbsdən çıxdıqdan sonra Əliyev qardaşları zamanında başqa məmurlarla şərikli qurduqları digər biznes sahələrindəki paylarını da bərpa etmək, yaxud ayrı-ayrı məmurlar tərəfindən ələ keçirilən obyektlərini özlərinə qaytarmaq istiqamətində işləyirlər. “Yeni Müsavat”ın bu barədə aldığı məlumatda bildirilir ki, bu istiqamətdə Əliyev qardaşlarının işləri heç də yaxşı getmir. Çünki onların həbsdə olduğu 8 ildə çox şey dəyişib. Vaxtilə onların ortaq olduğu məmurların bir çoxu indi xeyli gücləniblər, ya da hakimiyyətdəki hansısa böyük qruplaşmanın qanadı altına sığınaraq F.Əliyevdən onlara qalma biznesi də həmin qruplaşmanın çətiri altına keçiriblər. Buna görə də, Əliyev qardaşlarının işi bir növ düyünə düşüb. Sabiq nazir və qardaşı üçün ən ciddi problemi isə vaxtilə çox yaxın olduqları biznes ortaqları yaradıblar. Bu barədə aldığımız məlumatlarda deyilir ki, həmin şəxslərdən biri də vaxtilə Əliyev qardaşlarının şirkətlərini idarə edən və sabiq nazirin xətti ilə xaricdən ölkəyə əlvan metallar gətirən, sonra isə F.Əliyevin köməkliyi ilə vəzifə sahibi olan və “Azərenerji” ASC-nin prezidenti vəzifəsinədək yüksələn Etibar Pirverdiyevdi. “Azərenerji”nin prezidenti postunu tutduqdan sonra E.Piriyevlə F.Əliyevin ortaq biznesi daha da genişlənib və onlar paytaxtda, Bakı ətrafı kəndlərdə, bir sıra rayonlarda, xüsusən də şimal bölgəsində böyük biznes şəbəkəsi qurublar, yeni obyektlər tikdiriblər, hektarlarla ərazini özəlləşdirərək orada müxtəlif istehsal müəssisələri, fermalar yaradıblar, istirahət mərkəzləri inşa etdirmək istəyiblər. Ancaq Əliyev qardaşlarının həbsindən sonra bu işlərin bir çoxu yarımçıq qalıb, E.Pirverdiyev isə hazır obyektlərin bir çoxunun şəriksiz sahibinə çevrilib. Hələ F.Əliyev həbsdə olarkən bunların bir qismindən xəbər tutub və dəfələrlə bununla bağlı E.Pirverdiyevə mesajlar göndərib. Ancaq “Azərenerji”nin prezidenti ağır durumda olan F.Əliyevin mesajlarına ya əhəmiyyət verməyib, ya da müxtəlif bəhanələr gətirərək obyektlərin bir çoxunun onun da əlindən çıxdığını deyib.



Ancaq F.Əliyev həbsdən buraxıldıqdan sonra məsələnin nə yerdə olduğunu öyrənib və E.Pirverdiyevlə şərikli biznesinin necə ələ keçirilməsindən, aldıqları böyük ərazilərin mənimsənilməsindən dəhşətə gəlib. Nazir E.Pirverdiyevlə şəriki qurduqları biznes sahələrindəki və obyektlərdəki paylarının bərpa olunmasını tələb etdikdə bəlli olub ki, “Azərenerji” prezidenti həmin obyektləri qardaşı Vüqar Pirverdiyevin, eləcə də digər yaxınlarının adlarına sənədləşdirib və sabiq naziri daha özünə şərik etmək istəmir. Məlumatda qeyd olunur ki, E.Pirverdiyevlə sabiq nazirin Pirşağı qəsəbəsində istirahət mərkəzi tikdirmək üçün aldıqları böyük ərazi (həmin ərazidə sovet dövründə inşa edilən və pioner düşərgəsi üçün nəzərdə tutulan yarımçıq qalmış binalar var), Məhəmmədi kəndindəki fermalar, torpaq sahələri, Şabran rayonundakı hektarlarla ərazi və obyektlər, həmçinin başqa bölgələrdəki istehsal müəssisələri V.Pirverdiyev tərəfindən ələ keçirilib. F.Əliyevin adamları isə bütün bu işlərdən uzaqlaşdırılıb.



Buna görə də, F.Əliyev həbsdən çıxdıqdan sonra onunla E.Pirverdiyev arasında ciddi mübahisə olub və sabiq nazir “Azərenerji” prezidentini dosta xəyanətdə suçlayaraq ondan obyektlərini geri tələb edib. F.Əliyev ondan əl çəkməyəcəyini və elədiklərinin cavabını alacağını deyib. Məlumatda o da bildirilir ki, həbsxanadan hakimiyyətlə münasibətlərini qaydaya salaraq çıxan F.Əliyev indi heç də zəif fiqur sayılmır. Buna görə də, E.Pirverdiyev sabiq nazirin yuxarı dairələrdən dəstək alaraq ələ keçirilən obyektlərini geri qaytaracağından narahatdır. “Azərenerji” prezidenti xoşluqla zamanında F.Əliyevlə birgə qurduqları biznes sahəsində sabiq nazirin payını bərpa etmək istəməsə də, vəziyyətin ciddi şəkildə onun əleyhinə dəyişə biləcəyini də fərq edir. Yaxın ətrafındakı mənbələr deyir ki, F.Əliyev E.Pirverdiyevdən bərk qəzəblidir və nə olursa-olsun, onun cəzalandırılmasına nail olmağa çalışır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com