BolgeXeber.Com » Analitika » İtirilmiş planet

İtirilmiş planet

3-11-2013, 09:45
Oxunub: 3 808 Rayonlarımızdan birində polisə maraqlı şikayət ərizəsi verilib: adam gəlib idarəyə, deyib mənim evimdən narkotik maddə oğurlanıb. Bu əhvalatı lağa qoymaq olar, adamın özünün narkotik istifadə edib ağlını itirdiyini söyləmək mümkündür, ancaq məncə burada başqa səbəb var. İnsanlar baxırlar ki, ölkədə heç bir qanuna əməl edilmir, saxtakarlıq və cinayət baş alıb gedir. Düşünürlər: narkotik alveri niyə qanunsuz sayılır o zaman? Əgər polisin, gömrüyün, sərhədçinin - fərqi yoxdur, hansısa dövlət qurumunun himayəsi ilə narkotik maddələr sərbəst dövriyyə edirsə, başqa adamlarda da bu biznesə maraq yaranır. Sadəcə, həmin şəxs görünür düzgün ünvana şikayət etməyib, o üzdən fakt aşkar olub. Öz himayəçisinin yanına gedərkən yəqin yolu səhv salıb.

“Get kimə şikayət eləyirsən, elə” - uzun illərdir camaatımızın eşitdiyi əsas cümlə bu şəkildədir. Hazırda “Yeni Müsavat” qəzeti də bu şəkillə üzbəüz qalıb. Dünən metroda azı iki nəfər məndən soruşub ki, qəzetiniz nə üçün daha metroda satılmır. Bilmədim nə cavab verim. Çünki qəzet rəhbərliyinin açıqlamalarına görə bunun səbəbini heç kim bilmir. Metro rəhbərliyi, polis, icra hakimiyyəti, yayım firmaları - hər kəs boynundan atır. Sanarsan marsiançiklər gəlib qəzetləri oğurlayırlar. Bu durumda, belə ölkədə adamın əlindən nə gəlir ki? Heç nə. Gərək gedib polisdə ərizə verəsən, yazasan: “Xahiş edirəm mənə Obi-Van Kenobi tərəfindən kiçik toyum münasibətiylə bağışlanmış mavi ceday qılıncını tapıb qaytarasınız. İmza: Enakin Skayuoker”. Vallah, mən tam ciddiyəm.

Sən burda metrodakı durumdan narahatsan, ancaq planetin başı üzərində başqa qara təhlükə buludu dolaşır: dünən Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyi təhvil vermişdir.

Xoşbəxt zəhmətkeşlərimizin xəbəri vardır, 20 ildir Ermənistanın təcavüzünə məruz qalan respublikamız bu il BMT TŞ-də müvəqqəti üzvlərdən biri olmuşdu. 2 illiyinə. Və oranın qaydalarına görə arada sədrlik bizə də verilir. Azərbaycan BMT TŞ sədrliyindən çox səmərəli yararlandı, məsələn, nəqliyyat nazirinin oğlu Vaşinqtonda qonaqlıq verdi, keçmiş kənd təsərrüfatı nazirinin oğlu Londonda ev aldı, Bakıda isə Məzahir Pənahov seçki karuseli düzəltdi. O cümlədən, Fəzail Ağamalının yanından ayrılmış bir deputat bəyan elədi ki, Azərbaycanın yapokratiyanın əlinə keçdiyi müddətdə, son 20 ildə işğal edilmiş ərazilərimizdən 200 qarış azad olunmuşdur.

Ancaq indi sədrlik Çinə təhvil verilib. Bəs nə olacaq? Suriya problemi, Nyufaundlend adası yaxınlığında qarnı ağrıyan balinalar, Kaliforniyada meşə yanğınları, İranın nüvə problemi necə həll ediləcəkdir? Azərbaycan TŞ sədrliyi müddətində bu işləri qayıra bilmədisə, Çin neyləyəcəkdir?

Təbii, çoxlu çalışmaq lazımdır, gərək Çin dövləti, o cümlədən Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Si Tzinpin, onun müavini Li Yuançao və başqa yoldaşlar əzmlə işləməli, Azərbaycanın sədrliyi zamanı kosmosda adı ucalara qalxmış Yer kürəsinin idman şərəfini enməyə qoymamalıdır. Etiraf edirəm, mən başqa durumu gözləyirdim.

Yaxşı olardı ki, tarixi təcrübəmizdən çıxış edərək Azərbaycan heç BMT TŞ-də sədrliyi təhvil verməyəydi. Bir aylıq sədrlik iki aylığa, iki aylıq dörd aylığa... Beləcə, illərlə sədrliyi saxlaya bilərdik. Guya planetə rəhbərlik eləmək Biləsuvara icra hakimi, repetitorlara təhsil naziri qoymaqdan çox çətindir? Hələ deyərdim daha asandır, çünki planetdə bir-birinin dilini qanmayan minlərlə xalq var.

Uyğun prosedurları, sənədləri-zadı da dəyişdirmək asan olmalı idi. BMT əsasnaməsini referenduma çıxardıb Məzahir müəllimə də səsləri saymağı tapşırardın, bitərdi gedərdi. Narazı qalanlarla Çevik Polis Alayı məşğul olardı. İndi bir də sədrlik haçan əlimizə keçəcək? Lənət olsun... Baş qarışıb təbrik gözləməyə, gül kimi planet əldən gedib...