BolgeXeber.Com » Analitika » Quba hadisələrində deputatın əli olub?

Quba hadisələrində deputatın əli olub?

4-11-2013, 13:45
Oxunub: 5 014 Deputatın həbs olunanları aktiv şəkildə müdafiə etməsi barəsində şübhələrə yol açıb

Ötən ilin martında Quba rayonunda baş vermiş əhalinin etiraz aksiyaları ilə bağlı bəzi iddialar meydana çıxıb. Jam.az-a çatan məlumatlara görə, hadisələrin üzərindən bir xeyli keçməsindən sonra istintaq orqanları bəzi mətləblərdən duyuq düşməyə başlayıblar.

İddialara görə, istintaq orqanlarının duyuq düşdükləri əsas məsələ deputat Vahid Əhmədovun proseslərdə nə qədər iştirakçı ola biləcəyi ilə bağlıdır. Bunun da başlıca səbəbi kimi, onun Quba hadisələri zamanı həbs olunanları aktiv şəkildə müdafiə etməsi ilə yanaşı, yuxarı dairələrdən həmin şəxslərin azadlığa buraxılmasını israrla istəməsi olub.

Məlumatlara görə, Vahid Əhmədovun bu hərəkətlərini təhlil edən istintaq orqanları məsələni yenidən araşdırmaq qərarına gəliblər. Bununla bağlı xüsusi qrupun Qubaya gedərək, həbs olunan və digərləri ilə görüşməsi qərarlaşdırılıb. Bəzi yanaşmalara görə, əgər işin içindən deputatın adı çıxarsa, onu mandatının ləğv edilməsi və istintaqa cəlb edilməsi gözləyir.

Onu da bildirək ki, Quba olaylarına bir zaman siyasi amillər də qarışmışdı. Hətta bu prosesdə ayrı-ayrı siyasi qrupların yaxından iştirak etdiyi də vurğulanırdı. Təbii ki, millət vəkili Vahid Əhmədov da siyasi qruplardan birinin nümayəndəsidir və onun da bu olaylarda əlinin ola bilmə ehtimalı var. Amma bu ehtimalın nə dərəcədə yüksək və aşağı faizli olması artıq daha geniş araşdırmanın mövzusudur. Lakin bütün bunlara rəğmən isə bilinən odur ki, millət vəkili böyük bir oyunun içinə düşüb və onun oradan çıxa biləcəyi bir qədər sual altındadır.
Qeyd edək ki, həqiqətən də Qubada baş vermiş hadisədən sonra deputat Vahid Əhmədov həbs olunanları aktiv şəkildə müdafiə edən tərəf kimi çıxış edib. Və bu addımını belə əsaslandırmışdı ki, Qubadan deputat seçildiyi üçün oradakı bütün insanları müdafəi etməyə borcludur. Amma gələn xəbərlərdən belə başa düşmək olar ki, keçmiş müdafiə naziri Səfər Əbiyevin ən yaxın adamı olan millət vəkilinin rayonun qarışmasında hansısa maraqları olub. Üstçlik, bu maraqları təmin etmək üçün hakimiyyəti çətin duruma salacaq bir planın içində yer alıb. Hər halda bu təsdiqini taparsa, o zaman onun həbsi belə real görünür.
Bolgexeber.com