BolgeXeber.Com » Analitika » Maliyyə naziri bahalaşma anonsunu verdi

Maliyyə naziri bahalaşma anonsunu verdi

6-11-2013, 08:55
Oxunub: 3 302 Yanvarın 3-dən elektrik enerjisi, təbii qaz, su, istilik enerjisi, kanalizasiya, rabitə və nəqliyyat xərclərinin bahalaşacağı gözlənilir
Tarif Şurası kommunal xərclərin qiymətinə yenidən baxmağa hazırlıq görür. Konkret olaraq 2014-cü ildə əhaliyə satılan elektrik enerjisinin qiymətində artım olacağı barədə məlumatlar var. Artımın nə qədər olacağı deyilməsə də, gələn ildən Azərbaycanda istehlakçıların elektrik enerjisinin indikindən bahalaşacağı vurğulanır.

Milli Məclisdə dövlət büdcəsinə daxil olan sənədlərin komitələrdə müzakirəsi zamanı bu məsələ də müzakirə edilib. Maliyyə naziri Samir Şərifov kommunal xərclərin artacağını dolayısı yolla təsdiqləyib: “Kommunal xərclərin artımına Tarif Şurası baxır. Bu haqda konkret bir söz deyə bilmərik. Amma hər şey mümkündür. Bu gün deyərik artmayacaq, birdən sabah Tarif Şurası artırar. Ona görə bu haqda dəqiq heç nə deyə bilmərik”.

Hazırda Azərbaycanda elektrik enerjisinin 1 kv/saatı əhaliyə 6 qəpiyə satılır.Təbii qazın əhaliyə satış qiyməti isə 1 kub metr üçün 10 qəpik təşkil edir. Sudan istifadəyə görə əhali 1 kub metr üçün 30 qəpik, tullantı suyunun kanalizasiyaya axıdılması üçün isə 1 kub metr üçün 6 qəpik ödəyir. Enerji resurslarının bahalaşması 2014-cü ilin büdcə layihəsində də hiss olunur. Gələn ilin büdcə layihəsində büdcə təşkilatlarında kommunal xərclər və yanacaq-sürtkü materiallarının ödənilməsi üçün ödənişlərə dair xərcləri artırılıb. 2014-cü ildə büdcə təşkilatlarının kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 641 milyon manat yönəldiləcək, bu da bu ilkindən 84,8 faiz çoxdur (346,8 milyon manat). Bu, heç bir halda bu təşkilatların həmin xidmətlərdən istifadəsinin artması ilə bağlı ola bilməz.

Böyük ehtimalla hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir. Təkcə onu demək kifayətdir ki, 2014-cü ildə hökumət əlavə dəyər vergisi üzrə daxilolmaları 300 milyon manatdan artıq səviyyədə planlaşdırır. Büdcə təşkilatları tərəfindən yanacaq-sürtkü materiallarının alınmasına hökumət 88,8 milyon manat yönəltməyi planlaşdırır, bu da bu il olduğundan 39,5 faiz çoxdur".

Ötən 2012-ci illə müqayisədə bu xərclər 55,1 faiz artacaq. Elektrik enerjisi ödənişi xərcləri 25,5 faiz, təbii qaz xərcləri 18,9 faiz, su xərcləri 26,7 faiz, istilik enerjisi xərcləri 20,3 faiz, kanalizasiya xidməti xərcləri 67 faiz artacaq. Telefon danışıqları, poçt və internet xidmətlərinin ödənişi xərcləri 13-32 faiz səviyyəsində artırılması nəzərdə tutulub.
Bu rəqəmlərin analizi yüksək baza inflyasiyasını proqnozlaşdırmağa əsas verir. Hökumətin hesablamalarına görə, 2013-cü ildə Azərbaycanda inflyasiya səviyyəsi 3,3 faiz, 2014-cü ildə isə 3,5 faiz təşkil edəcək. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri (18 milyard 384 milyon manat) bu ilkindən 4 faiz az proqnozlaşdırılır, xərclər isə (20 milyard manat) 5,3 faiz artacaq.

Hələ prezident seçkisi ərəfəsində “Yeni Müsavat” hökumətdəki mənbələrə istinadla seçkidən sonra Tarif Şurasının nəqliyyatda gediş haqqının, enerji resurslarının bahalaşması haqqında qərar qəbul edəcəyini bildirmişdi.

Tarif Şurasının yeni qiymət artımları haqda qərarları üçün “obyektiv” amillər də var. Çünki neft hasilatının və gəlirlərinin azalması fonunda büdcə gəlirlərinin yığılmasında çox ciddi problemlər yaşanır. Neft satışı üzərində qurulmuş iqtisadiyyat modelində büdcəni alternativ mənbələr hesabına doldurmaq imkanları çox məhduddur. Ona görə neft itkilərini indiki halda yalnız təbii inhisarların xidmətlərini bahalaşdırmaqla kompensasiya etmək olar. Məsələn, seçkiyə bir neçə ay qalmış Nəqliyyat Nazirliyi şəhər daxilində gediş haqqının 30 qəpiyə qaldırılmasını təklif edirdi. Ancaq Tarif Şurasının sədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin göstərişi ilə təklifi araşdıran ekspertlər buna mənfi rəy veriblər. Ekspertlərin rəyini əsas götürən Tarif Şurası gediş haqqının sabit saxlanılması ilə bağlı qərar qəbul edib. Görünür, Tarif Şurası qarşıdakı prezident seçkisini nəzərə alıb bu təklifi rədd etmişdi ki, sosial narazılıqlar siyasi hakimiyyətə qarşı yönəlməsin. Ancaq seçki artıq arxada qalıb və bu təklifin reallaşma ehtimalı yüksəlib.

Böyük ehtimalla yanvarın ilk iş günü yenidən “qara gün” olacaq. 2006-cı ilin 5, 2007-ci ilin 8 yanvar tarixləri yaxın tarixin “qara yanvar günü” sayılır. Yəqin ki, 2014-cü ilin ilk iş günü olan 3 yanvar tarixi də yaddaşlarda “qara gün” kimi qalacaq. İnsanların bayram ovqatına soğan doğramaq hökumətin vərdişinə çevrilib.
Bolgexeber.com