BolgeXeber.Com » Analitika » Hökümət niyə bahalaşmaya gedir?

Hökümət niyə bahalaşmaya gedir?

12-11-2013, 11:35
Oxunub: 3 665 Hökumətin bahalaşmaya getmək istəməsinin səbəbi bəlli oldu

Qiymətlər artırılandan sonra kommunal sektora daxil olan müəssisələri özəlləşdirmək istəyirlər; yüksək tariflər kommunal müəssisələrin gələcəkdə rentabelli işləməsinə zəmin yaradacaq və yeni sahibinə milyonlar qazandıracaq
Hakimiyyət kommunal ödənişləri artırdıqdan sonra bu sektora daxil olacaq müəssisələri özəlləşdirməyə çıxaracaq.

Dəyəri bir neçə yüz milyon manatla ölçülən müəssisələr hakimiyyətdəki bəlli qrupun özəl mülkiyyətinə çevriləcək. Qiymətlər özəlləşdirmədən öncə ona görə artırılır ki, müəssisənin yeni sahibi heç bir əziyyət çəkmədən leqal yolla milyonlar qazana bilsin. Bu barədə “Yeni Müsavat”a mötəbər mənbələrdən məlumat daxil olub.

Mənbənin iddiasına görə, gələn ildən elektrik paylayıcı şəbəkələrin (“Bakıelektrikşəbəkə” ASC, “Sumqayıtelektrikşəbəkə” ASC və s.), eləcə də Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu”
ASC-nin su paylayıcı şəbəkəsi özəlləşdirməyə açılacaq.

Hazırda həmin müəssisələr dövlət büdcəsindən külli miqdarda dotasiya alır. Təkcə 2007-2013-ci illərdə dövlət vəsaitləri hesabına su təchizatı sisteminə 2 milyard 950 milyon manat, “Azərenerji” ASC və “Bakıelektrikşəbəkə” ASC-yə 1 milyard 730 milyon manat, “Azəriqaz”a 530 mln manat verilib. Beynəlxalq kreditlər də nəzərə alanda müəssisələr dövlətdən 6 milyard manat qoparıblar.

Təbii ki, müəssisələr özəlləşdirmədən sonra dövlət dotasiyalarından məhrum olacaqlar. Ona görə də özəlləşdirmədən öncə xidmət haqları bahalaşır ki, dotasiyanı kompensasiya etmək mümkün olsun. Əslində bu dotasiyalarsız da sözügedən müəssisələr rentabelli işləyə bilər. Məsələn, “Azəriqaz” maya dəyəri 4,3 qəpiyə başa gələn təbii qazı əhaliyə 10 qəpiyə satır. Dövlət büdcəsindən ayrılan dotasiya isə korrupsiya yeminə çevrilir. İndi bu müəssisələri şəxsi mülkiyyətinə qatmaq istəyən qrup qiymətləri artırmaqla gəlirlərini “sabit” saxlamaq istəyirlər. Yəni korrupsiya ocaqlarından gələn gəliri qiymət artımlarından gələn gəlir əvəzləyəcək.

Hadisələrin gedişatı göstərir ki, bəlli qrup məqsədinə çatmaq üzrədir. 2014-cü ilin dövlət büdcəsinin layihəsində büdcə təşkilatları üçün kommunal ödənişlərin 346,8 milyon manat artırılması (2013-cü illə müqayisədə 85 faiz çox) qiymətlərin artacağından xəbər verir. Təxmini hesablamalara görə, təbii qazın əhaliyə satış qiyməti 1 kubmetr üçün 10 qəpikdən 15 qəpiyə (50 faiz artım), elektrik enerjisini 1 kv/saatının qiymətinin 6 qəpikdən 10 qəpiyə (66 faiz artım), 1 kub metr suyun qiyməti 30 qəpikdən 50 qəpiyə (40 faiz) çatdırılması gözlənilir. Büdcədən bu xidmətlər üzrə ödənişlərin artımının analizinə əsasən bahalaşmanın həddi müəyyənləşib. Deməli, kommunal müəssisələri özəlləşdirməyə iddialı olan qrup ilkin hazırlıq işlərini başa çatdırıb. Növbəti mərhələdə qiymət artımları elan ediləcək, ardınca isə müəssisələr özəlləşdirməyə çıxarılacaq. Və nəhayət, Azərbaycansayağı özəlləşdirmə nəticəsində dəyəri milyardlarla ölçülən kommunal xidmət göstərən müəssisələr yeni mülkiyyətçinin sərəncamına keçəcək.
Bolgexeber.com