BolgeXeber.Com » Analitika » Cavadağa Sultanov Dubayda 28 miliyon pul atdığına görə həbs edilib-Foto

Cavadağa Sultanov Dubayda 28 miliyon pul atdığına görə həbs edilib-Foto

13-11-2013, 09:15
Oxunub: 5 847 Bakı BPİ-in keçmiş rəis müavini saxta bank hesablarından, blanklardan istifadə edirmiş

Binəqədi Rayon Polis İdarəsinin rəisi, daha sonra Bakı Baş Polis İdarəsinin rəis müavini işləmiş polkovnik Cavadağa Sultanovun adı bir neçə il əvvəl mətbuatın gündəmindən düşmürdü.
Lakin sonradan C.Sultanov daxili işlər naziri Ramil Usubovun əmrilə vəzifədən uzaqlaşdırıldıqda onun adı get-gedə yaddan çıxmağa başladı.
Düzdür, bir müddət, C.Sultanovun guya yenidən polis sisteminə qaytarılaraq DİN-də yüksək vəzifəyə gətirilməsi barədə söz-söhbətlər gəzsə də sonda bu baş vermədi Daxili işlər orqanlarından ayrıldıqdan sonra mətbuatda C.Sultanovun özünə mətbu orqan-sayt açması və hətta media maqnatı olmaq fikrinə düşməsi haqda məlumatlar yayılmışdır. Həmin məlumatlarda bildirilirdi ki, o xəbər portalını keçmiş həmkarı olan deputatla birgə açıb. Həmçinin o da bildirilirdi ki, C.Sultanovun mətbu orqan açmaq istəməsinin əsəs səbəbi özünü mətbuat vasitəsilə qorumaq olub.

Xatırlatma üçün bildirək ki, bir neçə il əvvəl C.Sultanovun adı DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun 26 nəfərlik bandasının cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin iclaslarında da tez-tez hallanırdı. Qeyd edək ki, ictimaiyyətdə çox böyük rezonans doğurmuş bu qalmaqallı məhkəmə işində C.Sultanov şahid qismində ifadə vermişdir. “Turan”ın məlumatına görə 2006-cı ildə baş tutan məhkəmədə H.Məmmədov bəyan etmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Cavadağa Sultanov “müttəhimlər kürsüsündə oturmalıdır”.

“Əgər onu bura gətirsələr, mən kimə qulluq etdiyimizi və kimin xalq düşməni olduğunu söyləyəcəm” deyə H.Məmmədov bəyan etmişdir. APA-nın məlumatına görə quldurbaşı daha sonra bildirmişdir: “Bu məhkəmə prosesində baxılan işlər mənim törətdiyim cinayətlərin 30 faizi, burada oturan adamlar isə istifadə etdiklərimin yarıdan çoxu ola bilər. Dövlət ittihamçıları mənə üst-üstə 293 il iş istədi, ancaq qarşıda olan digər məhkəmələrdə də bu qədər cəza olacaq. Çünki paralel gedən istintaqda digər cinayətlərim və Cavadağa Sultanov haqda məlumat vermişəm. Əgər nə vaxtsa Cavadağanın məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır”.

Lakin dövlət ittihamçısı bildirmişdir ki, C.Sultanova qarşı cinayət işi açılıb və onun işinə ayrılıqda baxılacaq . Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci ilin mart ayında keçirdiyi “Qara kəmər” əməliyyatından sonra daxili işlər orqanlarından kənarlaşdırılan C.Sultanov ifadəsində bildirmişdir ki, Hacı Məmmədovun dəstəsinin qətlə yetirdiyi kriminalist Rövşən Əliyev bir neçə səs-küylü adam oğurluqlarından sonra onunla görüşündə bu işlərin arxasında dayanan polisləri tutacağını deyib: “Soruşdum ki, onlar kimdir, dedi ki, generallar”. Şahid bildirib ki, Rövşən Əliyevin qətlə yetirilməsindən sonra ona inanıb.

Hacı Məmmədov isə şahidi yalan danışmaqda ittiham edib. Niyə bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşub. C.Sultanov isə bildirib ki, o, ailəsinə görə qorxurmuş:”Əgər məlumat versəydim, indi burda mənim ölüm işimlə bağlı epizoda baxılacaqdı”.

Qafqaznews.az C.Sultanovla bağlı başqa bir maraqlı epizodu da oxucuların diqqətinə çatdırmaq istəyir. Deməli, C.Sultanov tutduğu vəzifədən azad olunmamışdan iki ay əvvəl bir nəfər şəxsi Bakı BPİ-nə gətirərək onu əməliyyatçıların otağında 8 gün qanunsuz saxlamış və onun yaxın qohumlarına bildirmişdir ki, güya o törədilən ağır çinayətin iştirakçısı olub. Sonradan isə C.Sultanov saxlanılan şəxsin qohumlarından 50 min dollar pul alaraq həmin şəxsi azadlığa buraxmışdır.

Azadlığa buraxılan həmin şəxs evinə qayıdarkən onun buraxılması üçün 50 min dollar verildiyini öyrənəndə yaxınlarına bildirib ki, o heç bir cinayətin iştirakçısı olmayıb. Bu cür dəhşətli haqsızlıqla üzləşən həmin şəxs sonradan dəfələrlə Bakı BPİ-in qarşısına gələrək Cavadağa Sultanovdan 50 min dollar pulu geri istəyib, ancaq hər dəfə polislər onu idarənin qabağından qovmuşlar. İşi belə görən həmin şəxs C.Sultanovun yaşadığı ünvanı tapmış, səhər saatlarında C.Sultanovu evinin qapısında tutaraq ondan pulunun geri qaytarılmasını istəmişdir. Ancaq bundan qəzəblənən C.Sultanov onu hədələyərək cibinə narkotik atdıracağını söyləmişdir. Cavadağa tərəfindən şərlənə biləcəyindən ehtiyatlanan həmin vətandaş onun qanunsuz əməllərindən DİN-in rəhbərinin ünvanına dalbadal şikayət etmişdir və başına gələnləri olduğu kimi müraciətdə qeyd etmişdir.

Lakin o zaman Cavadağa Sultanov Bakı BPİ-in rəis müavini olduğu üçün hər dəfə şikayətçiyə Bakı BPİ-dən cavab gəlirdi ki, “yazdığınız faktlar tərəfimizdən araşdırılaraq öz təsdiqini tapmamışdır”. Sonradan isə daxili işlər naziri cənab Ramil Usubovun əmri ilə Cavadağa Sultanov tutduğu vəzifədən kənarlaşdırılsa da o Bakı BPİ-dəki xidməti otağını təhvil vermədiyi üçün və hətta DİN-dəki bəzi şəxslərin güya Hacı Məmmədovla əlbir olduğunu bəyan etdiyinə görə DİN məcbur olub həmin şikayətçinin etdiyi müraciətləri özləri yenidən araşdıraraq materialları Baş prokurorluğa göndərmişdir.

Bakı şəhər prokurorluğunda isə faktlara əsasən C.Sultanov barəsində cinayət işi açılmışdır. DİN-in bu addımından sonra C.Sultanov qorxusundan məcbur olub Azərbaycanı tərk edərək Dubaya qaçır və prokurorluq tərəfindən rəsmi axtarışa verilir. Bu günəcən də C.Sultanov rəsmi axtarışda olduğu üçün Azərbaycana qayıda bilməmişdir.
Bu yaxınlarda isə C.Sultanov haqda redaksiyamıza ilginc bir məlumat daxil olub. Belə ki,Dubaydakı etibarlı mənbənin bildirdiyinə görə C.Sultanov Dubayda da “bekar” qalmamış, orada saxta bank sənədləri, saxta blanklar və saxta hesablarla bir rus vətəndaşına 28 milyon pul atmışdır. Lakin böyük maliyyə dələduzluğuna məruz qalan qarşı tərəf vaxtında yerli polisə şikayət etdiyindən Cavadağa Sultanov yerli hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir.

Düzdür həbs olunandan sonra o nə səbəbdənsə səhəri buraxılmışdır, ancaq rus vətəndaşının şikayəti və məsələnin böyüməsi nəticəsində C.Sultanov yenidən həbsxanaya qaytarılmışdır. Bundan başqa bildirilir ki, keçmiş polis işçisi bu dələduzluğu ətrafında olan qohumlarının köməkliyi ilə etmişdir. Mənbənin bildirdiyinə görə hazırda iş üzrə istintaq araşdırmaları aparılır. Beləliklə keçmiş polis işçisinin Dubaydakı “biznesi “də çox çəkməyib. Qeyd edək ki, C.Sultanovla keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayev qudadırlar.

Bizi izləyin, araşdırmamız davam edir. Gələn yazımızda Heydər Babayevin qardaşı Sumqayıt gömrük idarəsinin keçmiş işçisi olan Elçin Babayev və onun 2002-ci ildə qətlə yetirilən qaynı barədə şok açıqlamalarmız olacaq.
Bu şok açıqlamaları Qafqaznews.az-da oxuyun...
Rasimoğlu
Qafqaznews.az