BolgeXeber.Com » Analitika » SHXÇDX-nin vərəmli xəstələri bitib-tükənmir

SHXÇDX-nin vərəmli xəstələri bitib-tükənmir

17-11-2013, 15:05
Oxunub: 4 829 SHXÇDX-nin vərəmli xəstələri bitib-tükənmir

General-leytenantın bəzi işçilərinin xoşagəlməz əməlləri fəsadlar törədir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-leytenant Arzu Rəhimovun və onun bəzi işçilərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə vurduğu zərbələrin miqyası ölçüyəgəlməz dərəcədədir. Məsələ burasındadır ki, ölkə prezidentinin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi təyin olunan general-leytenant SHXÇDX-nin rəhbəri vəzifəsinə təyinat aldıqdan sonra da orduya xəstə çağırışçıların göndərilməsi hallarına birdəfəlik son qoyulmadı.

Faktlar göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələri vərəm xəstəliyindən əziyyət çəkən, eləcə də digər səbəblər üzündən yararsız olan gənclərə «sağlam» diaqnozu qoyaraq ordu sıralarına göndərir. Halbuki həmin gənclərin xidmət etdikləri hərbi hissələrdə keçirilən flüoroqrafik müayinələrdə gənc çağırışçılara müxtəlif diaqnozlar qoyulur, onlarda vərəm xəstəliyinin əlamətləri aşkarlanır. Əgər bu fakt bütün ölkə üzrə 2-3 olardısa, hər şeyə bəhanə tapmaq, Arzu Rəhimovun işçilərinin nöqsanlarını ört-basdır etmək mümkün olardı.

Əslində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkə rəhbərliyinin tapşırıqlarını rəhbər tutaraq öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurmalıdır. Çünki dövlətin əsas güc strukturuna bağlı olan bu qurum Azərbaycanın təhlükəsizliyi üçün xüsusi önəm daşıyır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından bir müddət keçdiyindən, dövlət xidməti böyük işlər görməlidir. Əsas diqqət səfərbərlik və səfərbərlik hazırlığı işinin təşkilinə, ordu sıralarının və qanunvericiliklə yaradılmış silahlı birləşmələrin çağırışçılarla komplektləşdirilməsinə, çağırışaqədər gənclərin orduda xidmətə hazırlıq məsələlərinə yönəldilməlidir. Xidmət rəisi Arzu Rəhimov bir qədər əvvəl demişdi: "Bir il ərzində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilmişdir». Maraqlıdır, belə isə, bəs onda hərbi hissələrdə keçirilmiş flüoroqrafik müayinələr zamanı gənc əsgərlərdə vərəm, habelə digər xəstəliklərin aşkarlanmasına nə ad vermək olar? Bəli, faktlar sübut edir ki, Arzu Rəhimovun bəzi işçilərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə göndərdiyi çağırışçıların sayı onlarla, yüzlərlədir. Məhz Azərbaycan mətbuatının lideri olan «Gündəlik Bakı» həmin faktları sizə təqdim edir. Oxuyun və əmin olun ki, general-leytenantın birlikdə çalışdığı adamların nöqsanları, orduya problemlər yaratmaları haqda söylədiklərimiz faktdır, həqiqətdir. General-leytenant bilsin ki, onun rəhbəri olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış Səfərov Arzu Səfər oğlu vərəm xəstəsi imiş. Bu çağırışçıya iyulun 12-də xidmət etdiyi hərbi hissədə sol ağciyərin yuxarı payının infiltrasiya mərhələsində ocaqlı vərəmi diaqnozu qoyulub. Səfərov Arzu Səfər oğlu Ağdam rayonundan hərbi xidmətə çağırılır. Və cəmi 12 gün sonra - iyulun 12-də onda sol ağciyərin yuxarı payının infiltrasiya mərhələsində ocaqlı vərəmi aşkarlanır. Arzu Rəhimov, axı bu necə ola bilər?

Bundan 8 gün əvvəl hərbi hissələrdən birində keçirilmiş flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında vərəmli xəstə kimi İsgəndərov Nofər Nəzər oğluna sol diafraqmal sinusda plevra bitişməsi diaqnozunun qoyulması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir strukturunun - Göygöl Rayon Şöbəsinin orduya bəxş etdiyi «sürprizdir». Sadaladıqlarımız göstərir ki, general-leytenant Arzu Rəhimovun bəzi işçiləri vərəmli, habelə digər xəstəliklərdən əziyyət çəkənləri ordu sıralarına göndərirlər. İyulun 6-da hərbi hissələrdən birində keçirilmiş flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında vərəmli xəstə Mahmudov Təbriz Həmid oğluna sol ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu qoyulub. Gənc çağırışçının xəstə halında ordu sıralarına göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə «sürprizidir».

Başqa bir hərbi hissədə 04.07.2013-cü ildə keçirilmiş flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Məmmədov Kərim Eldəniz oğludur. O, Balakən rayonundan hərbi xidmətə çağırılıb. Əsgər Məmmədov Kərim Eldəniz oğluna da kobud plevral bitişmələr diaqnozu qoyulub.

Adını çəkmək istəmədiyimiz digər hərbi hissədə 05.07.2013-cü il tarixində keçirilmiş flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Yusifov Şahvələd Mərdan oğluna sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu qoyulub. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən xidmətə çağırılıb.

«N» saylı hərbi hissədə 30.07.2013-cü il tarixdə keçirilmiş flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Nəbiyev Vasif Qaməddin oğlu Arzu Rəhimovun bəzi işçilərinin əməlləri nəticəsində şəxsi heyətin siyahısına düşən xəstə əsgərlərdəndir. Nəbiyev Vasif Qaməddin oğlunda hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi aşkarlanıb. Bu əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsinin işçiləri tərəfindən ordu sıralarına çağırılıb.

Başqa bir hərbi hissədə 2013-cü ilin 6 iyulunda aparılmış flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında vərəmli xəstə Məmmədov İlqar Gülağa oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon Şöbəsinin işçiləri tərəfindən ordu sıralarına göndərilib. Qeyd edək ki, Məmmədov İlqar Gülağa oğluna sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu qoyulub. Elə həmin günlərdə - iyulun 12-də «N» saylı hərbi hissədə aparılmış flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında vərəmli xəstələrdən biri də İsayev Bəhruz Səbuhi oğludur. Ona sol ağciyərin aşağı payının ocaqlı vərəmi diaqnozu qoyulub. İsayev Bəhruz Səbuhi oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xidmətə çağırdığı yararsız gəncdir. Sözügedən dövlət orqanının Ağsu rayon şöbəsi tərəfindən xidmətə çağırılan İdrisov İlham Yusif oğluna xidmət etdiyi hərbi hissədə 05.07.2013-cü il tarixdə flüoroqrafik müayinə zamanı sol ağciyərin aşağı payının ocaqlı vərəmi diaqnozu qoyulub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Şöbəsi də orduya xəstə çağırışçını göndərib. Bu ilin 5 avqustunda hərbi hissələrdən birində keçirilmiş flüoroqrafik müayinə zamanı sol ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu qoyulan Baxşəliyev Teymur Həsən oğlunda məlum xəstəliyin akşarlanması Arzu Rəhimovun işçilərinin xoşagəlməz əməllərinin göstəricisidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsi tərəfindən əsgərliyə çağırılan Tağıyev Elgün Vüqar oğlunun səhhətindəki xəstəlik əlamətləri ciddi nöqsanlardan xəbər verir. «N» saylı hərbi hissədə 05.07.2013-cü ildə keçirilmiş flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstələr siyahısına salınan Tağıyev Elgün Vüqar oğlunda sol plevranın qalınlaşması Arzu Rəhimovun bəzi əməkdaşlarının nöqsanları sırasına yazılmalıdır.

Şuşa rayonundan hərbi xidmətə göndərilmiş Babışov Fuad Amil oğluna soltərəfli plevral qalınlaşma diaqnozu qoyulub. Babışov Fuad Amil oğlunda xəstəlik əlamətlərinin akşarlanmasına görə məsuliyyət sözügedən dövlət xidmətinin üzərinə düşür.

Digər hərbi hissədə bu ilin 5 iyulunda aparılmış flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında vərəmli xəstənin aşkar olunması Arzu Rəhimovun əməkdaşlarının nöqsanlarından xəbər verir. Əsgər yoldaşları ilə birlikdə cərgəyə duran, şəxsi heyətin siyahısına düşən Qurbanov Cəlal Akif oğluna xidmət etdiyi hərbi hissədə bu ilin iyulunda aparılmış müayinə zamanı keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri diaqnozunun qoyulması general-leytenantın bəzi əməkdaşlarının özbaşınalıqlarından xəbər verir.

Bir neçə ay bundan əvvəl, cari ilin 9 iyulunda keçirilmiş flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Mehdiyev Mehman Şahin oğlunda sol ağciyərin vərəmi aşkarlanıb. Bütün bunlar onu göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsi Mehdiyev Mehman Şahin oğlunu xəstə olmasına baxmayaraq, ordu sıralarına çağırıb.

Qanuna müvafiq olaraq, hər bir çağırışçının sağlamlığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçün öndə duran məsələdir. Elə general-leytenant Arzu Rəhimov da bunu deyir. Hərbi xidmətə gedəcək gənclərin sağlamlığı məsələsinə toxunan Arzu Rəhimov iddia edir ki, çağırışçı əgər sağlamlığında problem olduğunu əsas gətirirsə, o zaman mütəxəssisin müayinəsi də həyata keçirilir: "Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tibb müəssisələrində onlara təkrar tibbi yoxlamadan keçirlər. Onlar haqqında şübhəli və dəqiq olmayan rəy varsa, üçüncü mərhələdə həmin çağırışçıları hərbi həkim komissiyasına göndərilir. Əgər hərbi qulluqçu xidmət zamanı xəstələnirsə, bu təbii bir haldır. Bu gün mülki həyatda olan insanlar da xəstələnə bilər. Amma orduya hamı sağlam şəkildə göndərilir». Təəccüblüdür, Arzu Rəhimov, əgər orduya hamı sağlam şəkildə göndərilirsə, bu ilin iyulun 4,6,12, habelə digər günlərdə hərbi hissələrdə aparılmış flüoroqrafik müayinələr zamanı aşkar olunmuş VƏRƏMLİ (fərqləndirmə bizimdir-red) xəstələrə nə ad vermək olar? Hörmətli general-leytenant, olmaya siz Babışov Fuad Amil oğlunu, Mehdiyev Mehman Şahin oğlunu, Baxşəliyev Teymur Həsən oğlunu, Səfərov Arzu Səfər oğlunu, habelə adlarını ötən saylarımızda sadaladıqlarımız digər vərəmli çağırışçıları əsgər hesab etmirsiniz?

«Gündəlik Bakı»nın açıqladığı faktlar göstərir ki, bu dövlət xidmətində baş verənlər əsasən əsgərliyə çağırışçılarla bağlı olur. Məsələ burasındadır ki, qurumun rayon şöbələrində həqiqi hərbi xidmətə yararsız olan şəxslər 3 ildən bir təkrar tibbi müayinədən keçərkən onların hər biri müəyyən problemlərlə üzləşirlər. Halbuki həmin şəxslər həqiqətən də orduya yararsızdırlar və müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Xəstəliyə baxmayaraq, hər dəfə çağrılanda bədbəxt cavanlar yenidən müəyyən məsələlərlə qarşılaşmağa məcbur olurlar. Bəzən orduya göndərilən çağırışçıların bir qismi hərbi xidmətə yararsız olur. Amma buna baxmayaraq, həmin xəstə gəncləri, yəni müxtəlif xəstəliklərdən əziyyət çəkən çağırışçıları ordu sıralarına cəlb edirlər. Halbuki bu, birbaşa qanun pozuntusu kimi qiymətləndirilməlidir. Məsələ burasındadır ki, vərəm və digər yoluxucu xəstəliklərə düçar olmuş, bu xəstəlikdən əziyyət çəkən şəxsləri hərbi xidmətə göndərməklə həmin gənclərin ölümünə səbəb olurlar. Təəssüf ki, neçə ildir ki, bu xoşagəlməz proses davam edir. Arzu Rəhimov quruma rəis gəldikdən sonra da həmin problem həllini tapmayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş verən neqativ hallar ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi böyük uğurları kölgə altına alır. Bunun məsuliyyəti isə birbaşa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun üzərinə düşür. Halbuki general-leytenant «orduya hamı sağlam şəkildə göndərilir» - deməklə sanki kimləri isə zərbə altına qoymaq istəyir.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.



(Ardı növbəti sayımızda)