BolgeXeber.Com » Analitika » Fizuli Ələkbərov barəsində həbs qərarı çıxarılır?

Fizuli Ələkbərov barəsində həbs qərarı çıxarılır?

7-12-2013, 12:40
Oxunub: 4 350 Səlim Müslümovun araşdırmalarının yekununda bu hadisə qaçılmaz olacaq

Son günlər ictimaiyyət qarşısında bir sıra jestlərdə bulunan və bununla sanki rəğbət qazanmağa çalışan yeni əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun sələfinə qarşı bir sıra addımları atması barədə xəbərlər ilk dəfə deyil ki, yayılır. Bu dəfə də dia.az-a məlumatlı mənbələrdən eyni səpgili informasiyalar daxil olub.

Bilgili qaynağın redaksiyamıza söylədiklərindən belə aydın olur ki, Fizuli Ələkbərova qarşı açıq şəkildə fəaliyyətə keçən Səlim Müslümov əslində köhnədən olan ədavətlərinin qisasını alır. Məlumatlı mənbənin söylədikləri: «Səlim Müslümovla Fizuli Ələkbərov ikincisi nazir olduğu dönəmlərdən düşmən münasibətdə olublar. Bunu sübutlamaq o qədər də çətin deyil. Bu barədə həm ƏƏSMN-də bilirdilər, həm də DSMF-də.

Eyni zamanda profil və istiqamət baxımından əslində ortaq hərəkət etməli olan bu qurumlar heç bir zaman birgə layihəyə imza atmamışdılar ki, bu da Səlim Müslümovla o zaman nazir olan Fizuli Ələkbərov arasındakı intriqanın təzahürü kimi qəbul olunmalıdır».

Mənbəmiz bildirir ki, indi əlinə fürsəti düşən Səlim Müslümov son günlər elə bir fəaliyyətə baş vurub ki, bu aksiyanın sonunda Fizuli Ələkbərovun qollarının qandallanması belə mümkündür. Məlumatı verən qaynaq iddia edir ki, çünki yeni nazir tərəfindən toplanan faktlar və toplanması nəzərdə tutulan dəlillər belə deməyə əsas yaradır.

Qeyd edək ki, bu arada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işdən qovduğu komissiya sədrlərindən də danışdı. Nazir açıqlamasında vurğuladı ki, onlar hamısı dərhal işdən azad olunmaları haqqında ərizə yazaraq öz ərizələri əsasında işdən azad olunublar: “Onların vəzifələrinin icrası həmin tibbi sosial ekspert komissiyalarının digər üzvlərinə həvalə edilib. Yaxın vaxtlarda xüsusi komissiyalar yaradacağıq".

S. Müslümov onu da vurğulayıb ki, 4 ya 5 komissiya yaradılması nəzərdə tutulub. Bu komissiyalar bütün 2-ci və 3-cü qrup əlillərin hamısını zonalarda əyani müayinədən keçirməklə yoxlayacaq: "Onun nəticələri əsasında yəqin ki, digər qərarlar qəbul ediləcək”.

Nazir bölgədə indiyə qədər müxtəlif sosial problemlər üzrə müraciəti qəbul edilməyən 17000-ə yaxın insanın ərizələrinin yenidən araşdırılacağını deyib. Hətta işində nöqsanlara yol vermiş komissiya sədrləri barədə qərar da qəbul ediləcək. Fəaliyyətində cinayət tərkibi olan faktlar isə hüquq mühafizə orqanlarına göndəriləcək. Nazir deyib ki, bu həm də işdən çıxardığı 15 komissiya sədrinə də aiddir.

Hər halda, Səlim Müslümovun bu çabalarının boşundan olmadığını bildirən mənbəmiz vurğulayır ki, yeni nazir paralel olaraq Fizuli Ələkbərovun əlillər üçün yaşayış binalarının inşasında, paylanmasında, həmçinin əlillərin avtomobilə təmin olunmalarında yol verilən korrupsiya faktlarının aşkarlanması üçün da adamlarına müvafiq araşdırmaların aparılması barədə göstəriş verib: «Təbii ki, belə bir araşdırma varsa, demək, Səlim Müslümov Fizuli Ələkbərovun qollarının qandallanması üçün «yuxarıların» da «dobrosunu» almağa müvəffəq olub».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…