BolgeXeber.Com » Analitika » Fazil Məmmədovun işçiləri sahibkarlara divan tutur

Fazil Məmmədovun işçiləri sahibkarlara divan tutur

8-12-2013, 11:05
Oxunub: 4 177 Vergi auditorları sahibkarların hər birindən 10-30 min manat arası “təzminat”, qanuni ödənişləri isə 15-20 faiz artırmağı tələb edirlər; iş adamları “külli miqdarda vergidən yayınmaya görə” barələrində cinayət işinin açılacağı və yaxud “iri məbləğli cərimələrlə” təhdid edilir

Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin əməkdaşları kiçik və orta sahibkarlıq subyektlərində illik qeyri-rəsmi yığımlara start veriblər. Vergi auditorları müəssisələrin dövriyyəsindən asılı olaraq sahibkarların hər birindən 10-30 min manat arası “təzminat”, qanuni ödənişləri isə 15-20 faiz artırmağı tələb edirlər. Bu barədə “Yeni Müsavat”a vergi auditorlarının qanunsuz tələbi ilə üzləşən sahibkarlardan biri məlumat verib.

İş adamının sözlərinə görə, artıq bir neçə ildir Vergi Auditi Departamenti dekabr ayında sahibkarlardan tipik reketlər kimi haqq yığır: “Hətta bütün dövriyyəsini qanuniləşdirən, qara mühasibatlıqdan istifadə etməyən iş adamlarından da təzminat tələb edilir. Belə sahibkarlara bildirilir ki, vergidən yayınmaq istəsələr buna göz yuma bilərlər, ancaq təzminat mütləq verilməlidir. Buna müqavimət göstərən iş adamları isə vergi auditorlarının hədələrinə məruz qalırlar. İş adamları ”külli miqdarda vergidən yayınmaya görə barələrində cinayət işinin açılacağı və yaxud “iri məbləğli cərimələrlə” təhdid edilir. Bazarlığın da ciddi nəticələri olmur, tanışlıq, xahiş-minnət sayəsində tələb edilən məbləğin yalnız 5-10 faizi güzəşt edilir".

Mənbə deyir ki, vergi auditorları bu dəfə daha çox vəsait tələb edirlər. Əvvəlki illərdə yalnız qanunla ödənməli məbləği büdcəyə köçürməyi tələb edirdilərsə, indi dövriyyədən asılı olmayaraq ödənişləri artırmağı tələb edirlər. Deyirlər ki, ilin sonunda büdcədə kəsir yaranıb. Ona görə də aylıq vergi ödəmələri artmalıdır. Eyni zamanda təzminatın məbləği də artıb. Ötən il 10 min manat “təzminat” ödəyən iş adamlarından indi 12-13 min manat “haqq” tələb edirlər.

Sahibkar bildirir ki, əvvəlki illərdə təzminat nağd şəkildə tələb edilirdi: “İndi isə tələb edilən məbləğin xüsusi hesablara köçürülməsi tapşırılır. Özü də vergi auditorları istisnasız olaraq bütün müəssisələrdən təzminat yığırlar. Hətta yüksək səviyyədə çətiri olan müəssisələr vergi auditorlarının tələbindən imtina edə bilmirlər. Onların himayədarlarının müdaxiləsi də heç bir effekt vermir. Bu təzminatlara dözməyən onlarla müəssisə fəaliyyətini dayandırmağa, bizneslərini qonşu ölkələrə köçürməyə məcbur olur”.
Təzminatın niyə nağd şəkildə yox, xüsusi hesablara köçürülmə vasitəsilə alınmasının səbəblərinə gəldikdə isə bunun izahı sadədir. Birincisi, vergi auditorları sahibkarların Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəyi təqdirdə, faktı sübut etmək mümkün olmasın. Nağd ödənişdə bu, asanlıqla sübuta yetirilir - şikayətçiyə xüsusi nömrələnmiş pullar verilir ki, qarşı tərəfə təqdim etsin və rüşvətxor məmur yaxalananda bu pullar danılmaz fakt olur. İkincisi yığılan təzminatların itkisiz şəkildə vahid kassaya daxil olması təmin edilir. Bu fakt onu göstərir ki, Vergi Auditi Departamentinin auditorlarının təzminat yığma əməliyyatları özfəaliyyət yox, mərkəzləşdirilmiş, Vergilər Nazirliyinin rəhbərliyi səviyyəsində himayə edilən prosesdir. Bu, həm də korrupsiyanın mərkəzləşdirilməsi deməkdir.

Neft hasilatının azalması büdcə gəlirlərinin yığılmasında ciddi problemlər yaradır. Qeyri-neft sektorunun məhdud imkanları və neft gəlirlərinin azalması hökuməti fakt qarşısında qoyub. Ona görə də yeganə çıxış yolu kimi sahibkarlardan yığılan vergilərin həcmini inzibati yolla artırmaq kursu götürüb. Təbii ki, bu qanunsuz və biznes mühitinin ağırlaşmasına xidmət edən bir addımdır. Özü də büdcəyə ödənilən vergilərin həcminin artırılması ilə yanaşı, sahibkarlardan yığılan təzminatların da həcminin artması göstərir ki, Vergilər Nazirliyi sözün bütün mənalarında sahibkarlara divan tutmaqla məşğuldur.
Təbii ki, belə kütləvi xərac yığılması vergilər naziri Fazil Məmmədovun sanksiyası olmadan mümkün deyil. Sahibkarlardan xərac yığan vergi auditorları da nazirin tapşırığını yerinə yetirdiyini deyirlər. Görünən budur ki, büdcə gəlirlərinin yığılmasında çox ciddi problemlərin yaşandığı bir vaxtda da vergilər nazirliyinin rəhbərliyi dövlət büdcəni doldurmaqdan daha çox şəxsi büdcələrini artırmaq haqda düşünürlər.
Məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini çap etməyə hazırıq.
Bolgexeber.com