BolgeXeber.Com » Analitika » Şoka qarşı şok!

Şoka qarşı şok!

8-01-2014, 17:15
Oxunub: 4 190 Son zamanlar mətbuatda az qala hansı xəbərə baxırsan “şok”dur. Bizdə”şok”un da artıq sokunu çıxarıblar.Şok xəbərlərin sayına görə mətbuatımız dünyada bəlkə də liderdir. “Namiq Qaraçuxurlu əlbəyaxa oldu “,”Fahişə olmaq yaxşıdır”, ”Faiq Ağayev yol qəzasında öldü”. Bu, minlərlə şok başlıqlardan bir neçəsidir. Oxuyanda məlum olur ki, Namiq kinoda əlbəyaxa olub, ”Fahişə olmaq yaxşıdır” başlığı isə əslində konteksdən çıxarılan sözlərdir, maşın altında qalan da başqa Faiqdir...

Mən başa düşürəm ki, xəbərin başlığı cəlbedici, şişirdilmiş olmalıdır ki, oxunsun. Necə deyərlər, bu da jurnalistikanın fəndlərindən biridir. Amma məsələ burasındadır ki, bizimkilər xəbərləri necə düzəldirlərsə, artıq şoklar da adiləşib. Əgər təzə-təzə, oxucuların xam olduğu vaxtlar kiminsə kimisə məişət zəminində bıçaqlaması böyük əks-səda yaradırdısa, artıq kürəkənin, ailənin bütün komplektini-içində qaynana, qayınata, qayın, baldız, təbii ki, arvadı olmaq şərti ilə, 5-6 nəfəri qəssab kimi doğraması xəbərini oxucu əsnəyə-əsnəyə oxuyur.

Avropada 3-cü dərəcəli bir məmurun adının hansısa korrupsiya qalmaqalında hallanması şok olay sayılır və bütün ölkəni qarışdıra, hətta hökumətin istefasına səbəb ola bilir. Azərbaycanda isə xırda-paraları, icra hakimlərini-zadı saymasaq ,”yuxarıda” möhkəm kök salıb aşağıya çoxsaylı qol-budaq atan məmurlar haqda mətbuatda nə qədər istəyirsən ifşaedici faktlar yay ,xeyri yoxdur. Nə onları vəzifədən çıxaracaqlar, nə də bu xəbərlər ən sadəlövh vətəndaşda belə təəccüb doğuracaq. Çünki ictimaiyyət üçün bu, hava haqqında məlumatdan da sıravi bir xəbər sayılır. Əksinə, bizdə yüksək çinli məmurun rüşvət götürməməsi xəbəri şok sayıla bilər. Qorxuram belə olan halda hətta o məmur “yalan və böhtan” xarakterli xəbərləri yayan həmin mətbu orqanları təhdid də edə.

Xəbəri şişirtməyi bir yana qoyaq, son illər camaat da yaman aqresivləşib. Qara xəbərləri oxuya-oxuya ildən-ilə camaatda məişətyönlü kriminallaşma gedir. Çox maraqlıdır, hamı da qənim kəsilib; ancaq iqtidara yox, bir-birinə. Cəmiyyətimiz narkotik aludəçisi kimi get-gedə dozası daha çox olan, adrenalini artıran xəbərlər istəyir. Onu artıq “dayının bacısı qızını zorlaması“ ”qane” etmir.

O istəyir qan və iştirakçılar çox olsun, hər şeyi də təfsilatı ilə oxumaq, imkan olsa görmək mümkün olsun. Belə bir söz var ki, mətbuat cəmiyyətin güzgüsüdür. Bu baxımdan həmin güzgüyə baxanda cəmiyyətimiz çox eybəcər görsənir. Baxırsan "Feysbuk" əhlimizə , fikirləşirsən, düşünən cəmiyyətimiz var; ancaq reallıqda baxırsan, ortada heç nə yoxdur. Millət "Feysbuk"da oyaqdır, ancaq reallıqda görürsən xoruldayır. Bu səbəbdən düşünürəm ki, milləti oyatmaq üçün ona şok terapiyası tətbiq etmək lazımdır. Şoka qarşı şok! Hər dəfə qiymətləri qaldıran hökumətin iqtisadi “şok terapiyası” da artıq camaata təsir etmir. Daha doğrusu, təsir edir, amma, cibinə.

Ancaq hansısa cazibədar şou-biznes nümayəndəsinin açıq-saçıq fotosessiyası haqda olan şok xəbərlərin hamısı toplam, Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmasının və ölməsinin fonunda çox mənasız və çirkin hadisələrdir. Şükürlər olsun ki, cəmiyyət Zaur Həsənovun haqsızlığa etiraz edərək özünü yandırması şokuna az da olsa reaksiya verdi və demək, ocaq hələ sönməyib, qığılcımlar qalıb. Ümid edək ki, bu tip xəbərlər heç zaman adiləşməyəcək və ümumiyyətlə, bir daha olmayacaq.

P.S. Şokdan söhbət düşmüşkən bir məsələni də qeyd edim ki, Tağı Əhmədov ,“metrosunda” qəzet, kitab, jurnal satışını yığışdırandan sonra ilk dəfə metroya minəndə şoka düşmüşdüm. İlk təəssüratım o olmuşdu ki, kitabsız, qəzetsiz, jurnalsız, Bakı metrosu yolunub buraxılmış broyler toyuğuna oxşayır...