BolgeXeber.Com » Analitika » Kitaboxuyanlardansınızmı?

Kitaboxuyanlardansınızmı?

12-01-2014, 05:40
Oxunub: 4 146 Biz kitab əhli deyilk. Hər iki mənada. Fikrimcə. Baxmayaraq ki, əksəriyyətin evində Quran kitabı var. Müqəddəs kitaba biz daha çox and içmək üçün, “stenka” dakı ikinci dərəcəli başqa kitablara isə büllur qablara yanaşan kimi yanaşırıq. Yəni onları sadəcə qonaq-qaraya göstəririk.

Söz düşmüşkən, onu da deyim ki, biz sözdə müsəlman, əməldə isə daha çox, xristianıq. Bəlkə də gün ərzində ölkədə satılan 10-15 min manatlıq avtomobillərin sayı satılan 2-3 manatlıq kitabların sayından daha çoxdur. Əgər benzinin yerinə kitabı bahalaşdırsaydılar, əminəm bizdə 1-2 nəfər narazı qalacaqdı, çünki zatən oxuyan yoxdur. Beləcə, mahnı yox, qəzet-kitab oxumamaqda davam etsək, “kitabımız” bağlana bilər. Ümumiyyətlə, oxumayan millət “Biləcəridən o tərəfə” gedə bilməz, ondan müsbət dəyişiklik gözləmək olmaz. Çoxdankı "Eurovision"da qalib gəlmişik... Nə olsun ki, medallar gəlir, bayraq dalğalanır, qanunlar tapdanan yerdə bayraq nə qədər yüksəkdə də dalğalansa, mənası yoxdur.

Heç zaman oxumadığım Nuridə Atəşi deyir ki, “Kişisiz yaşaya bilərəm, ancaq kitabsız yox”. Daha bilmirəm bunu nə dərəcədə səmimi deyib, ancaq görəsən, impotentləri saymasaq, neçə orta statistik azərbaycanlı kişisi kitabı qadından üstün tutar?! Bakının zahirən get-gedə Avropaya oxşaması haqda səslənən fikirlərdən qulağım mazol olub. Mənə ondan danışın ki, niyə bizdə metroda, qatarlarda insanlar Parisdəki kimi qəzet-zad oxumur?!
Bəlkə yalnız bizdə, nə barədəsə fikirləşəndə “Nə fikirləşirsən, çox fikirləşmə, düzələr ” və ya kitab-qəzet oxuyanda ”çox oxuma, alim olarsan ” kimi axmaq atmacalar atmaq populyaradır. Bədbəxtlik odur ki, publika arasında fikirləşmək, artıq qeyri –adi, az qala anormal bir şey sayılır. İndi hansısa gənclər təşkilatının və ya qrupların insanlarda kitab oxumağa həvəs oyatmaq məqsədilə küçədə əlində kitab tutaraq "kitab oxuma" aksiyası- “Kitab oxuma” fleş-mobu keçirməsi dəbə çevrilib. Bu yaxşı niyyətlə edilsə belə bizdə mənasız bir şeydir. Yeri gəlmişkən, Avropada kitabla bağlı belə fleş-moblar dəbdə deyil, çünki orda küçədə kitab oxumaq adi qarşılanır, fleş-mobun isə məqsədi təəccübləndirməkdir.

Azərbaycanda camaatın kitab oxumaması arada müzakirə olunur. Kimisi bizdə insanların kitab oxumamasının kökündə kitab dükanlarının azlığını, kimisi isə internetin, televiziya kanallarının, əyləncələrin çoxluğunun durmasını iddia edir. Bəziləri bunun səbəbini bu sarıdan təbliğatın az olmasında, bəziləri isə yazarlarımızın yaxşı kitab yaza bilməməsində görür. Həqiqət isə adətən bizdə olduğu kimi, ya bilməyərəkdən, ya da çox güman ki, bilərəkdən nəzərdən qaçır.

Mən bu yazımla bu məsələyə nöqtə qoymaq istəyirəm. Birdəfəlik başa düşmək lazımdır ki, kitab oxumamaq və ya oxumaq səbəb yox, nəticədir. Bizim cəmiyyət yaxşı hansı şeyi dəstəkləyir ki, kitab da oxusun. Cəmiyyət demokratiya üçün çalışmırsa, haqqın tərəfini tutmursa, onun kitaba marağı olmaması təbii qarşılanmalıdır. Yəni bu yalnız ayrıca bir nöqsan deyil, cahilliyin əlamətlərindən biridir. Ola bilməz ki, insan hər sarıdan yaxşı olsun, bircə oxumaqla arası olmasın. Yüksək şüurlu cəmiyyətlər bir qayda olaraq metroda, ayaqyolunda belə oxuyur.
Xatirələr dövriyyədən çıxmış köhnə pullar kimidir; onları yığmaq olsa da xərcləmək olmur. Yadımdadır, sovet dövrü bizdə adamlar, ələlxüsus tələbələr, məktəblilər ad günündə biri-birlərinə hədiyyə kimi kitab bağışlayırdılar. Kitabın üz qabığının içində və ya sonunda isə “filankəsdən filankəsə hədiyyə” kimi mənalı ürək sözlərini yazırdılar və qarşı tərəf də bunu qiymətli hədiyyə kimi qəbul edirdi. Bu sovet təbliğatının uğurlu nəticəsi idi. İndi kiminsə-kimsəyə əlamətdar gündə kitab bağışlamasını adam heç təsəvvürünə belə gətirmir. Çox güman ki, hədiyyəni qəbul edən bunu özünə təhqir kimi qəbul edər, ən azından kitab verəni düşük sanar. Bəziləri səhvən düşünür ki, gənclər, telefonla oyun oynamaq əvəzinə kitab oxuya, orta nəsil 150 dəqiqəni seriala ayırmaqdansa, 75 səhifə kitaba ayıra bilər, heç olmasa reklam zamanı oxuya bilər. Başa düşmək lazımdır ki, millətin əksəriyyəti sadəcə oxumaq istəmir. BookCrossing (Küçə kitabları) aksiyaları da bizdə o səbəbdən keçərli deyil. Azərbaycanda azsaylı kitabxanaların belə dönərxanalara, kababxanalara, kafelərə çevrilməsi onun göstəricisidir. Bizim millət oxumaq yox, yemək istəyir, bizdə kitaba yox, yeməyə daha çox tələbat var və cəmiyyətimiz üçün vacib mənəvi qida yox, birinci növbədə qarındır. Guya kitab dükanı ölkədə 10 dənə yox, 10.000 olsa kitab oxuyan çoxalacaq? Tələbat təklifi doğurur, təklif tələbatı yox. Yerli yazar pis yazır, xaricini oxu. Pulsuz kitabxanalarda, kitab dükanlarında seyrəkliyə, qızıl məmulatları satılan piştaxtalarda isə basırığa baxın. Məgər kitab almağa imkan yoxdur?! Hamısı bəhanədir. Kitab oxumaq istəməyənə kitabın üstündə pul da versən, oxuyan deyil. Kitab oxumaq tələbatı içdən gəlməlidir. Bir sözlə, kitabsız gələcəyimiz “parlaqdır”. Qismət olsa, mövzuya qayıdacam, xətdə qalın.
P.S. Kitabsız bir günümüz olmasın.
İmran Kərimli