BolgeXeber.Com » Analitika » Ağsuda Səlim Müslümovun qohumlarından beziblər

Ağsuda Səlim Müslümovun qohumlarından beziblər

12-01-2014, 07:20
Oxunub: 6 036 Maliyyə idarəsinin yeni rəisi Vaqif Hüseynov Radim Müslümovun yolu ilə gedir

İcra başçısı Ənvər Seyidəliyev tərəfindən himayə olunduğu deyilən məmur dövlət və özəl müəssisələrin rəhbərlərinə qan uddurur

Ölkənin səfalı bölgələrindən biri hesab edilən Ağsu rayonu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun kurasiyasındadır. Rayonda əsas vəzifələrdə təmsil olunan şəxslərin kimliyinə diqqət yetirsək, bunu açıq şəkildə görə bilərik. İcra başçısı Ənvər Seyidəliyev nazirin dayısıdır. Bundan başqa, Səlim Müslümovun digər yaxın qohumları rayonda müxtəlif vəzifələrdə çalışırlar. Məlum olduğu kimi, bir neçə ay öncə nazirin Ağsu rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı Radim Müslümov qəfildən İsmayıllı rayonuna transfer oldu. Məsələnin mahiyyətinə gəlincə, nazir qardaşı haqda şikayətlərin artdığını nəzərə alaraq belə bir qərar qəbul etdi.

Başqa sözlə desək, qardaşının vəzifəsini qorumuş oldu. Yayılan informasiyaya görə, maliyyə naziri Samir Şərifovla yaxın münasibətdə olan Səlim Müslümov qardaşının qonşu İsmayıllı rayonunun maliyyə idarəsinə rəis təyin olunması xahişində bulunub. Samir Şərifov isə həmkarının xahişini yerə salmayaraq, Radim Müslümovun yerini dəyişib. Ağsu rayon Maliyyə İdarəsinin rəisi postuna isə Vaqif Hüseynov gətirilib. Bizdə olan məlumatlara görə, adıçəkilən şəxs bura qədər İsmayıllı rayonunda eyni vəzifəni tutub. Rayondakı mənbələrin redaksiyamıza verdiyi məlumatlara görə, maliyyə idarəsinə yeni rəisin gətirilməsi heç bir dəyişikliyə səbəb olmayıb və o da köhnə rəisin yolu ilə gedir. Mənbə bildirdi ki, Vaqif Hüseynov icra hakimi Ənvər Seyidəliyevə yaxın adamdır və onun tapşırıqları əsasında hərəkət edir: «Ağsuda fəaliyyət göstərən dövlət və özəl müəssisələrin rəhbərlərinin bir çoxu bu məmurun əlindən beziblər. Onun gəlişindən sonra büdcədən maliyyələşən yerli idarələrdə yoxlamalar səngimək bilmir. Vaqif müəllim özünü göstərmək üçün demək olar ki, hər həftə idarələri yoxlatdırır. Qanunvericiliyə əsasən isə büdcədən maliyyələşən idarələrin fəaliyyəti hər üç ildən bir yoxlanmalıdır. İdarə rəhbərlərinin bir neçəsinin fəaliyyəti məqbul hesab edilmədiyindən rəisin göndərdiyi adamlara görüm-baxım edib təhlükəni özlərindən sovuşdurublar. Qanunla maliyyə idarəsinin əməkdaşları Ağsu Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı məqsədlər üçün sərf edildiyini də təftiş etməlidir. Amma idarə rəhbəri qanuna riayət etmir. Ümumiyyətlə, icra hakimi Ənvər Seyidəliyevin yaxın adamlarının vəzifə tutduğu orqanlarda maliyyə yoxlamaları aparılmır. Rəis Maliyyə Nazirliyinə yoxlamalarla bağlı göndərdiyi hesabatlarda həqiqətə uyğun olmayan məsələləri qeyd edir».

Mənbənin sözlərinə görə, məmur qanunsuz olaraq rayonda fəaliyyət göstərən orta məktəblərdə yoxlama həyata keçirir: «Məktəb direktorları və müəllimlər yoxlamanı razı yola sala bilməkdən ötrü hər dəfə öz aralarında 20-30 manatdan yığırlar. Orta təhsil müəssisələrində aparılan maliyyə yoxlamaları heç bir qanuni əsas daşımır. Vaqif Hüseynov özü də bilmir ki, nə işlər törədir».

Bizə verilən xəbərdə o da qeyd olunur ki, sözügedən şəxs Ağsuya ayaq basandan sonra maliyyə imkanlarını xeyli genişləndirib və rayonun mərkəzi hissələrində bir neçə obyekt tikdirib: «Azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin işinə də müdaxilə olunur. Maliyyə naziri Samir Şərifovun adından istifadə edən rəis özəl sahibkarlıq subyektlərində yoxlama təşkil etdirir və burdan aldığı «şirinliyi» Bakıya göndərəcəyini söyləyir. İş adamları idarə rəhbərinin əməllərinə etiraz edə bilmir. Xırda problem yaranan kimi rəis icra başçısına sığınır və sahibkarlardan ona şikayət edir. Həyata keçirdiyi özbaşına işlər sayəsində Vaqif Hüseynov maddi durumunu yüksək səviyyəyə çatdırıb. Rayonun mərkəzində möhtəşəm villada yaşayır. Vəzifəsindən istifadə edərək ticarət obyektlərinə sahib olub. İsmayıllı rayonunda istirahət mərkəzləri var. O, Ağsunun maliyyə sistemini iflic vəziyyətə salıb». Qeyd edək ki, rayon Səlim Müslümovun tam nəzarəti altında olduğundan bəzi aidiyyəti qurumlar burda istədikləri tədbirləri görə bilmirlər. Nazir həm dayısını, həm də vəzifədə olan digər qohumlarını necə lazımdısa himayə edir. Biz isə hesab edirik ki, Ağsunun maliyyə sistemini bərbad hala salan, bəzi maxinasiyalarda adı keçən Vaqif Hüseynova qarşı maliyyə naziri Samir Şərifov, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları barışmaz mövqe tutmalıdır. Tezliklə Ağsu rayon Maliyyə İdarəsində araşdırma aparılmalıdır, yoxsa idarə rəisi daha ciddi fəsadlar törədə bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Elvin Həkərili