BolgeXeber.Com » Analitika » Tağı Əhmədov məhkəməyə verilə bilər- Kobud münasibətinə görə

Tağı Əhmədov məhkəməyə verilə bilər- Kobud münasibətinə görə

19-01-2014, 07:55
Oxunub: 3 664 Sahib Məmmədov: "Metroda baş verən gecikmələrə, rəhbərliyin kobud münasibətinə görə vətəndaşlar hüquqi addımlar ata bilər"

Bolgexeber.com xəbər verir ki, son günlər tez-tez Metropolitendə müxtəlif problemlər yaranır. Gah işıqlar sönür, gah qatarların gecikməsi baş verir, gah da metro kartlarının yüklənməsi ilə bağlı növbələr yaranır. Bütün bu baş verənlər isə insanların haqlı narazılığına səbəb olur. Çünki yaranan bu tipli problemlər insanların mənzil başına çatmasını yubandırır, planlarını alt-üst edir. Baş verənlər onu göstərir ki, metro idarəetməsində ciddi nöqsanlar var və bunun aradan qaldırılması üçün hansısa əməli fəliyyət müşahidə olunmur.

Digər tərəfdən, hələ müşahidə olunmayıb ki, baş verənlərlə bağlı sərnişinlərə üzrxahlıq edilsin, ictimaiyyətə məlumat verilsin. Əksinə, həmişə kobud davaranış müşahidə olunub və bu da sərnişinlərə qarşı hörmətsizlikdir.

Sonuncu dəfə metroda işıqlar keçəndə isə Metropoliten rəisi Tağı Əhmədov “darıxmayın, ürəyi partlayan olmayıb” deyə aqressiv mövqe nümayiş etdirmişdi.

Ümumiyyətlə, metroda yaranan bu kimi xoşagəlməz hallara, metro rəhbərliyinin davranışına qarşı sərnişinlər hansı hüquqi addımları ata bilər?

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, vətəndaşlar onları narahat edən hallarla bağlı hüquqi addımlar ata və hər hansı ziyana görə kompensasiya tələb edə bilər: “Nəqliyyat vasitəsindən istifadə edən hər bir sərnişin avtomatik olaraq həmin fəaliyyəti həyata keçirən orqanla sanki müqavilə bağlamış olur. Bunun üçün bir məsuliyyət olmalı, sərnişinlər sığortalanmalı, yaranmış vəziyyətə uyğun olaraq kompensasiya ödənilməlidir. Məsələn, aviadaşımalarda belə bir praktika var və gecikmələrə görə təzminat ödənilir. Azərbaycana gəlincə, bununla bağlı hüquqi baxımdan müəyyən addımlar atıla bilər. Məsələn, hansısa qəza nəticəsində ziyan dəyibsə, gecikmə nəticəsində əsaslı zərər dəyibsə, bununla bağlı vətəndaş haqqın tələb edə bilər. Ancaq mən bu istiqamətdə vətəndaş fəallığı görməmişəm. Bu halların çoxsaylı təkrarlanması ilə bağlı əlaqədar təşkilatlar ölçü götürməlidir. Konkret metrodan söhbət gedəndə, bunun özbaşınalıqdan başqa adı yoxdur. Çünki rəhbərlik bilir ki, ona qarşı nə əhali tərəfindən, nə də yuxarı məmurlar tərəfindən hansısa təzyiqlər omayacaq. Birinci dəfə deyil ki, metro rəhbərliyi bu cür kobud açıqlamalar verir. Azadliq.info