BolgeXeber.Com » Analitika » “Gör, nə günlərə qaldın, Balaş...”

“Gör, nə günlərə qaldın, Balaş...”

22-01-2014, 18:35
Oxunub: 3 619 Və ya nisyə demokratiya verilmir
Bizdə yazar üçün ən təhlükəsiz tənqidi yazı cəmiyyətin əyər-əskiklərini topa tutmaqdır. Nə qədər istəyirsən ümumi sözlərlə cəmiyyəti yıx-sürü, reaksiya gələn deyil. Nə məhkəməyə verən olacaq, nə də zəng edib hədə-qorxu gələn. Ancaq bununla belə ölkədə ən aktual məsələ cəmiyyətimizin passivliyi olmalıdır. Cəmiyyətin oyadılmasına xidmət edən yazılar kütlə üçün cəlbedici olmasa da faydalıdır. Ölkədə müxalifət düşərgəsində baş verən çəkişmələrə , mövcud siyasi duruma , Ukraynada, ümumiyyətlə dünyada baş verən son siyasi olaylara insanlarımızın seyrçi qədər belə maraq göstərməməsi əslində ölkə üçün yaxşı heç nə vəd etmir.

1989-cu ildə “İlin xalqı” seçilən mübariz bir xalqın, bizim təsəvvürümüzdə əyyaşlığa mübtəla ukraynalıların demokratiya uğrunda möhtəşəm əzmkar dirəniş göstərməsi fonunda hal-hazırda şou əhlinə və istehlakçıya çevrilməsi ürəkağrıdıcıdır. Seçki ərəfəsində təşkil etdiyi mitinqlərə uzağı 5-10 min adam çıxaran müxalifətimizin indiki halını görəndə adamın ağlına Cəfər Cabbarlının “Sevil”indən “Gör, nə günlərə qaldın, Balaş...” kəlməsi düşür.

Azərbaycan cəmiyyətinin hazırkı durumu, təhlükə zamanı başını torpağa soxub gizlədən, bununla da problemlərdən xilas olmasını zənn edən dəvəquşunu xatırladır. Cəmiyyətin içinə müxalifət də, iqtidar da daxildir. Bu səbəbdən özümüz düzəlməyincə, ölkə də düzələn deyil. Bəla hamımızın bəlasıdır. Bunun sübuta ehtiyacı yoxdur ki, pis cəmiyyətin müxalifəti də, iqtidarı da pis olur. Məmurlar heç də başqa planetdən gəlməyiblər, onlar da xalqın arasından çıxıblar. Məsələn, “Palaza bürün, elnən sürün” atalar məsəli zülmlə həmişə razılaşmağın bizdə dərin tarixi köklərə malik olmasını göstərir. Bəlkə də yeganə xalqıq ki, rüşvət bizdə nəinki dövlət işlərində, həm də adət-anənələrimizdə öz əksini tapıb. Məsələn, bəy maşınının qabağını kəsib pul almayanacan onun buraxılmamasında, toyda bəy tərifində adıçəkilən qonağın pul verməsində və yüzlərlə belə adət-ənənələrdə “rüşvət” elementləri var.
Bu yaxınlarda təsirli bir filmə baxdım. “Körpü” adlanan qısametrajlı bədii filmdə söhbət işi çayın üstündə olan dəmiryolu körpüsünü qaldırıb-endirmək olan atadan və onun 8 yaşlı oğlundan gedir. Oğlu ilə tək yaşayan ata onu təhlükəsizlik baxımdan öz iş yerinə aparmaq istəməsə də sevimli oğlunun davamlı inadlarından sonra bir gün onu özü ilə aparmağa razılaşır. Elə vəziyyət yaranır ki, ata ya körpünü salıb qatardakı yüzlərlə insanı xilas etməli, ya da atasına kömək etmək istəyərək özbaşına ehtiyat açarı aşağı salmaq istəyən, lyukun altına düşən öz istəkli oğlunu seçməlidir. Bu, ata üçün nə qədər əzablı və çətin qərar olsa da o, körpünü aşağı salmağı, oğlunun körpünün mexanizmi altında əzilib ölməsi hesabına qatarın sərnişinlərinin sağ qalmasını seçir.

Rəzalət budur ki, bu gün vətəndaşların əksəriyyəti gələcək nəsilləri ölkəyə gətirən körpünü bir qarın yemək naminə məhv edir. Azərbaycan cəmiyyəti demokratiya uğrunda nəinki övladını, heç bir qara qəpiyini də qurban vermək əqidəsində deyil . Əksəriyyət düşünür ki, “mənim daxmam kənardadır”, ya da ki, “məni vurmayan ilan yüz il yaşasın” əqidəsini özünə bayraq tutur. Ədalətsiz iqtidarlar isə bir qayda olaraq “ayaq qapıda” prinsipi ilə hərəkət edir və müqavimət göstərməyən cəmiyyət qapısını açdıqca bir az da azğınlaşır. Bosniyalıların lideri Aliya İzzətbəyoviç “Biz qoyun olduğumuz üçün onlar qurt oldular” deyəndə heç də milləti təhqir etmək istəmirdi . Əsas isə istəkdir. Necə ki, istək olanda maddi imkan pis olsa belə özümüzü sıxıb hansısa əşyanı kreditə olsa belə əldə etməyi bacarırıq , çox istəyimiz olsaydı ölkədə demokratiyaya çoxdan nail olardıq. Haqqında danışdığım film nə qədər dramatik olsa da onun axırı yaxşı qurtarır . Qəhrəman yolu keçərkən xilas olmuş qatarın bir sərnişini- bu hadisəyəcən narkoman olmuş qadınla rastlaşır. Onu o dəqiqə tanıyan həmin qadının qucağında bütün uşaqlar kimi gözəl bir uşaq olur .Uşaq arxadan ona baxıb gülür . Bu anda o dərk edir ki, onun oğlu hədər ölməyib, onun əvəzinə yüzlərlə uşaq həyat qazanıb və o əlini göyə aparıb ürəkdən sevinir. Çünki onun seçimi əzablı olsa da düz olub.

P.S. Dükanlarda ölkədəki “inkişafı” statistikasız da büruzə verən “Nisyə mal verilmir” tipli elanlara rast gəlirik. Mən də köşəmin görsənən yerində bir fikrimi yazmaq istərdim: Nisyə demokratiya verilmir, üz vurmayın...