BolgeXeber.Com » Ölkə » Dəmiryol Xəstəxanasında baş verən uşaq ölümü niyə gizlədilir?

Dəmiryol Xəstəxanasında baş verən uşaq ölümü niyə gizlədilir?

30-04-2015, 11:24
Oxunub: 4 699 Dəmiryol Xəstəxanasında baş verən uşaq ölümü niyə gizlədilir?Baş həkim Adil Tağıyev, ginekologiya şöbəsinin müdiri Sevil Hacıyeva və həkim Reyhan Əliyeva məsuliyyətə cəlb edilməlidir

Körpəsini itirən Aysel Musayevanın vəziyyətinin isə ağır olduğu bildirilir

Nəqliyyat Nazirliyi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmiryol Xəstəxanasında neqativ hallar, həkim özbaşınalığı, eləcə də ölüm faktları səngimək bilmir.

Nəzərinizə çatdırmaq istəyirik ki, Adil Tağıyevin rəhbərliyi altında fəaliyyət göstərən xəstəxananın adı bu vaxta kimi müxtəlif qalmaqallı olaylarda çəkilib. Xatırladaq ki, Maliyyə Nazirliyinin maliyyə-təftiş idarəsinin müfəttişləri bir neçə müddət öncə Dəmiryol Xəstəxanasını təftiş edərək kütləvi qanun pozuntularını üzə çıxarmışdılar. Qeyd edək ki, yoxlama 3 ay davam edib və çox böyük maliyyə maxinasiyaları aşkarlanıb. İlkin hesablamalara görə, xəstəxana rəhbərliyi təxminən yarım milyon manat dövlət vəsaitini mənimsəyib. "Yoxlama dövründə tikinti-təmir işlərinə ayrılan xərclərin şişirdilməsi və mənimsənilməsi, ərzaq məhsullarının, dərman və inventarların tendersiz alınması, məvaciblərin hesablanmasında ciddi qanunsuzluqlar, pullu xidmətdən gələn gəlirlərin uçotdan gizlədilməsi kimi çox ciddi maliyyə pozuntuları aşkarlanıb. Ən böyük maliyyə pozuntusu təmir-tikinti xərclərinin şişirdilməsidir. Burada mal və xidmətlərin haqqı orta bazar qiymətindən dəfələrə yüksək həddə sənədləşdirilib. Amma təmir-tikinti işləri sona qədər yerinə yetirilməyib", deyə nazirliyin məlumatında qeyd olunub. Vurğulamaq lazımdır ki, bir vaxtlar ölkə üzrə çox nüfuzlu olan xəstəxanada tibbi xidmətin səviyyəsi son 15 ildə əyalət xəstəxanası səviyyəsindən də aşağı düşüb. Deyilənə görə, bunun səbəbkarı isə baş həkim Adil Tağıyevdir. Mərkəzi Dəmiryol Xəstəxanasında ayrı-ayrı vaxtlarda ölüm halları qeydə alınıb. Belə ki, təxminən iki il öncə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, jurnalist Səadət Cabbar qızı Abbasovanın anası, 70 yaşlı Bilqeyis Abbasova yıxılıb ayağı burxulduğu üçün müraciət etdiyi Mərkəzi Dəmiryol Xəstəxanasında ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişib. Göründüyü kimi, adıçəkilən tibb müəssisəsində insan taleyi həkimlər üçün o qədər də önəmli deyil. Əgər vətəndaşların sağlamlığı baş həkimi, yaxud onun tabeliyində işləyən həkimləri maraqlandırsaydı, ölüm halları ard-arda düzülməzdi. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, bir müddət əvvəl, daha dəqiq desək, aprel ayının 14-də Mərkəzi Dəmiryol Xəstəxanasında növbəti bədbəxt hadisə qeydə alınıb. Doğuş üçün xəstəxananın ginekologiya şöbəsinə daxil olan Musayeva Aysel Yusif qızı dünyaya gətirdiyi uşağı itirib: "Onun özünün vəziyyəti isə hələ də stabilləşməyib. Övladını itirən Aysel Musayeva hazırda "Semaşko" xəstəxanasında müalicə olunur. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Buna səbəb Mərkəzi Dəmiryol Xəstəxanasının ginekologiya şöbəsinin müdiri Sevil Hacıyevanın və həkim Reyhan Əliyevanın özbaşına əməlləridir. Məhz bu şəxslərin səhvi ucbatından uşaq ölüb. Amma ölüm hadisəsi xəstəxanadan kənara çıxarılmayıb. Baş həkimin səyi nəticəsində uşaq ölümü həm ictimaiyyətdən, həm də aidiyyəti hüquq-mühafizə orqanlarından gizli saxlanılıb. Onu da deyim ki, övladını itirən qadın hamiləliyi vaxtında mütəmadi olaraq Mərkəzi Dəmiryol Xəstəxanasına müraciət edib, həkimlər tərəfindən müayinə olunub. Yəni hamiləlik vaxtı səhhətində heç bir problemi olmayıb. Doğuşa isə tam sağlam vəziyyətdə girib. Sadəcə, həkimlərin səhlənkarlığı, eyni zamanda savadsızlığı bu cür bədbəxt hadisənin baş verməsinə səbəb olub. Həm baş həkim, həm ginekologiya şöbəsinin müdiri, həm də digər həkim heç nə olmayıbmış kimi hərəkət edirlər". Faktı dəqiqləşdirmək üçün Mərkəzi Dəmiryol Xəstəxanasının (012) 406-94-91 nömrəli əlaqə telefonuna zəng vurduq. Dəstəyi qaldıran xanım baş həkimin yerində olmadığını söylədi. Daha sonra ginekologiya şöbəsinin 406-98-25 nömrəli telefonuna zəng açdıq. Zəngimizə cavab verən xanım nə Sevil Hacıyevanın, nə də Reyhan Əliyevanın yerində olmadığını bildirdi. Və bizə danışmağa imkan vermədən dəstəyi asdı. Əlbəttə, belə ölüm hallarının ictimaiyyətdən, həmçinin hüquq-mühafizə orqanlarından gizli saxlanması yolverilməzdir. Bu cür işlərin üstü ört-basdır edildikcə Mərkəzi Dəmiryol Xəstəxanasına müraciət edən vətəndaşların həyatı risk altına düşəcək. Odur ki, Nəqliyyat Naziri, cənab Ziya Məmmədov və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri hörmətli Cavid Qurbanov adıçəkilən tibb ocağının fəaliyyətini nəzarətə götürməli və səlahiyyətlərini lazım olan səviyyədə icra edə bilməyən baş həkim Adil Tağıyevi işdən azad etməlidir. Ümid edirik ki, hüquq-mühafizə orqanlarının nümayəndələri faktın izinə düşüb uşaq ölümündə günahı olan şəxsləri ən layiqli şəkildə cəzalandıracaqlar.

P.S. Ötən əsrin 90-cı illərində olunan xəyanətdən xəbərimiz var, Adil müəllim. Surət Hüseynovla bağlı olan məsələni deyirik.
gundelik-baku