BolgeXeber.Com » Ölkə » Etibar Pirverdiyev bütün əmlakını itirə bilər

Etibar Pirverdiyev bütün əmlakını itirə bilər

7-05-2015, 17:49
Oxunub: 3 920 Etibar Pirverdiyev bütün əmlakını itirə bilərASC sədrinin vəzifədən uzaqlaşdırılacağı, hətta həbs ediləcəyi haqda söhbətlər gəzir

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev səlahiyyətlərinin demək olar ki, əsas hissəsini itirib. Bir müddət əvvəl yaradılan "Azərişıq" adıçəkilən məmurun bu sahədəki biznes maraqlarına, eləcə də nüfuzuna böyük zərbə vurdu. Hətta son günlər qurumun ləğv ediləcəyi haqda xəbərlər yayılmağa başlayıb. Baxmayaraq ki, bir müddət əvvələ qədər "Azərenerji" rəhbəri əsas güclərdən hesab edilirdi. Amma səlahiyyətlərinin yetərli hissəsinin əlindən alınması onun yuxarılardakı əlaqələrinin zəifləməsindən xəbər verir. ASC sədrinin adı axır vaxtlar ölkə mətbuatının gündəmindən düşmür. Müxtəlif ekspertlər və təşkilat rəhbərləri cəmiyyət sədrinin fəaliyyətindəki nöqsanları qabardaraq onun bu vaxta kimi törətdiyi qanun pozuntularına diqqət çəkiblər. Məsələn, ekspert Rövşən Ağayev bir müddət əvvəl "Azərenerji" rəhbərliyini sərt şəkildə tənqid edib: "Qurum böyük xərcləmələri dövlətin üzərinə qoyur. Bu istiqamətdə yatırılan investisiyalar dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilir. ASC-nin öz tarifləri hesabına formalaşan gəlirlərinin hesabatlılığında tamamilə qeyri-şəffaflıq var. Başqa ölkələrlə müqayisə etdikdə tariflərin çox aşağı olmadığını görürük. 2007-ci ildə elektrik enerjisinin qiyməti 3 dəfə qalxanda hökumət bəyan etdi ki, bu tarif rentabelliyi təmin edəcək. Bundan sonra "Azərenerji"nin nə büdcə, nə də başqa təşkilatlar qarşısında borc öhdəliyi yaranmayacaq. Hesablama Palatasının son məlumatına görə, SOCAR-a 300 milyon manat, mənfəət vergisindən isə dövlət büdcəsinə 250 milyon manata yaxın borcu yaranıb. Şəffaflıq mühitini yaratmaq üçün bu sektor dövlətsizləşdirilməlidir", deyə ekspert vurğulayıb. Etibar Pirverdiyevə yönələn zərbələrin ardı-arası isə kəsilmək bilmir. Belə ki, ASC-nin ötən il ərzindəki fəaliyyətinin auditi ölkənin elektrik enerjisi operatorunun maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarıb. "Deloitte" şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib (mənbə: Fineko/abc.az). Operatorun vergilərin ödənilməsindən əvvəlki gəlirləri də kəskin aşağı düşüb. 2013-cü ildə bu gəlirlər 130 milyon 607 min manat təşkil etmişdisə, 2014-cü ildə həmin rəqəm 55 milyon 378 min manata enib. Habelə "Azərenerji"nin əməliyyat fəaliyyətindən daxilolmaların həcmi 237 milyon 748 min manatdan 168 milyon 269 min manata qədər azalıb. Nəticədə şirkət 2013-cü ildə 92 milyon 110 min manat əməliyyat gəlirləri əldə etmişdisə, 2014-cü ildə 18 milyon 926 min manata qədər əməliyyat ziyanı edib. "Azərenerji"nin gəlirlərinin bu cür kəskin aşağı düşməsinin səbəbləri məlum deyil. Çünki operatorun istehsal etdiyi elektrik enerjisinin topdansatış və pərakəndə satış qiyməti maya dəyərindən yüksəkdir. Yəni şirkətin ziyanla işləməsi, yaxud gəlirlərinin bu cür kəskin aşağı düşməsi üçün iqtisadi səbəblər yoxdur. Digər tərəfdən, 2014-cü ildə "Azərenerji"nin fəaliyyətinə mənfi təsir edən ciddi iqtisadi və makroiqtisadi amillər də qeydə alınmayıb. Ümumi iqtisadi vəziyyət stabil olub. Beynəlxalq reytinq agentlikləri isə bildirmişdilər ki, "Azərenerji"yə daxilolmalar manatla olduğundan bu ilin fevralında həyata keçirilən devalvasiya prosesi operatorun kredit borclarını qaytarmasında problem yaradacaq. Lakin devalvasiya bu il baş verib. Qeyd olunduğu kimi, 2014-cü ildə "Azərenerji"nin maliyyə göstəricilərinin kəskin pisləşməsinə səbəb ola biləcək iqtisadi amillər qeydə alınmayıb. Deməli, burda hansısa qaranlıq məqamlar var. Audit yoxlamasının nəticələrinin açıqlanması göstərir ki, qurumda ciddi qüsurlar mövcuddur. Bu məsələdə səbəbkar kimi cəmiyyət sədri göstərilir. Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, müvafiq instansiyalar "Azərenerji" sədrinin fəaliyyətini ciddi nəzarətə götürüblər: "Burda aparılan audit yoxlaması təsadüfi deyildi. Çünki yuxarı dairələr Etibar Pirverdiyevin rəhbərliyi altında həyata keçirilən qanuna zidd işlərdən xəbərdardır və bunu üzə çıxarmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. ASC sədrinə qarşı hücumlar mərhələli şəkildə aparılır. Bu iş də artıq sona çatdırılıb. Məlum audit yoxlaması əslində ASC rəhbərinə siqnal idi. Məmurun görəvdən alınması üçün kifayət qədər səbəb var. Yadınızdadırsa, bir neçə il əvvəl bütün ölkə qaranlığa qərq olanda sədrin dəyişdiriləcəyi xəbəri yayıldı. Həmin vaxt cəmiyyət rəhbəri kimlərinsə yardımı ilə postunu qorumağı bacardı. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Belə ki, onun bəzi dayaqlarından məhrum olduğu söylənilir. Yaxın vaxtlarda sözügedən qurumla bağlı islahatların aparılması gözlənilir. Hətta vəziyyət o qədər ciddidir ki, sədrin həbsi məsələsi, o cümlədən əmlakının müsadirə edilməsi reallaşa bilər".